Ermənistana pul köçürmələri kəskin azalıb Dünya

Ermənistana pul köçürmələri kəskin azalıb

Ermənistan Mərkəzi Bankı fevralda fiziki şəxslərin ölkəyə pul köçürmələri (qeyri-kommersiya) barədə məlumatı açıqlayıb.
Ermənistana köçürülən pul ötən ilin anoloji dövrü ilə müqayisədə kəskin şəkildə azalıb.
Əgər 2014-cü ilin fevralında Ermənistana xarici ölkələrdən 105 milyon 777 min dollar transfer edilmişdisə, 2015-ci ilin fevralında bu rəqəm 37,7 milyon və yaxud 35,6 faiz azalaraq 68 milyon 113 min dollar olub.
Ermənistana köçürülən pulların üçdə birinin azalması isə birbaşa Rusiya ilə bağlıdır. Rusiya iqtisadiyyatının Qərbin sanksiyaları və neftin qiymətindəki ucuzlaşmaya görə böhrana düçar olması bu ölkədən Ermənistana göndərilən valyutanın həcmini kəskin şəkildə azaldıb. Əgər 2014-cü ilin fevralında Ermənistana Rusiyadan 83 milyon 550 min dollar pul göndərilmişdisə, 2015-ci ilin fevralında bu rəqəm 35,8 milyon azalaraq 47 milyon 726 min dollar olub.
Ölkəyə pul transferlərinin azalması isə əhalinin alıcılıq qabiliyyətinin kəskin şəkildə düşməsinə, nəticədə isə yaşayış səviyyəsinin pisləşməsinə gətirib çıxarıb. Ekspertlər 2015-ci ildə Ermənistanda iqtisadi gərginliyin daha da dərinləşəcəyini və yoxsulluq səviyyəsinin artacağını təsdiqləyiblər.