İran İraqda dövlət işində dövlət yaradır? Dünya

İran İraqda dövlət işində dövlət yaradır?

Xarici mətbuat bu suala cavab axtarır

Cavid

İraq və onun təhlükəsizliyi İranla dünya gücləri arasında mümkün nüvə razılaşması haqqında gedən müzakirədə xüsusi yer tutur. Körfəzdəki ərəb dövlətləri iqtisadi sanksiyaların yüngülləşdirilməsi ilə güclənən Tehranın Yaxın Şərqdə hegemonluğunu genişləndirəcəyindən çəkinirlər.
Bu arqumentə əsasən, İranın hegemonluğu ilk növbədə Tehranın özündən asılı bir hökumət yerləşdirmək istədiyi İraqa təsir göstərəcək. Ölkə daxilində və xaricində bu fikrin tərəfdarı olanlar qondarma İslam dövlətinə qarşı mübarizə aparan, Tehranın dəstəklədiyi şiə qruplarının getdikcə böyümələrini İranın İraqda "dərin dövlət" yaratmağa çalışmasının sübutu olduğunu bildirirlər.
Bu cür narahatlıqlar ağlabatan olsa da, bir qədər şişirdilmiş və hətta yersizdir. İranın nüfuzundan istifadə edərək İraq dövləti daxilində dövlət yaratması ehtimalı çox zəifdir və bu, nüvə danışıqlarının uğurlu olub-olmamasından asılı olmayaraq, belədir. Şübhəsiz ki, İraqda hərbiləşdirilmiş şiə qüvvələri artmaqdadır və bu, təriqətçi qrupları gücləndirə bilər. 2007-2008-ci illərdə ABŞ-ın İraqdakı silahlı qüvvələrinə komandirlik etmiş Devid Petreus Şiə Xalq Səfərbərliyi Bölmələri, eləcə də, İraqın təhlükəsizlik qüvvələri tərəfindən törədilən vəhşiliklərin onu narahat etdiyini bildirib.
"The Guardian" yazır ki, İnsan Hüquqlarına Nəzarət təşkilatı bu bölmələri sünni ərəblərin əmlaklarını talan etməkdə və dağıtmaqda ittiham edib. Bölmə komandirləri bu əməlləri pisləyib, bu vəhşilikləri törədənlərin məsuliyyətə cəlb olunacaqlarına söz versələr də, təkrarlanan talanların sünni ərəblərlə Bağdadda mərkəzi hökumətin təhlükəsizliyinin əsasını təşkil edən şiə qruplar arasında etimadsızlığı kəskinləşdirəcəyi gözlənilir.
Petreus və regiondakı ərəb siyasətçiləri daha çox narahat edən isə İran İnqilab Qvardiyasının, xüsusilə də, Xalq Səfərbərliyi Bölməsinin bir çox qüvvələrinin maddi-texniki dəstək və məsləhətinə etibar etdiyi xarici qolu Qüds Qüvvəsinin nüfuzunun artmasıdır. "Əgər İslam dövləti İraqdan qovulubsa və bunun nəticəsi İranın dəstəklədiyi silahlı qruplaşmaların Hizbullahın Livanda etdiyi kimi İraq təhlükəsizlik qüvvələrini kölgədə qoyaraq ölkədə ən güclü qüvvəyə çevrilməsi olubsa, onda bu, nəinki bizim regiondakı milli maraqlarımız, eləcə də, İraqın stabilliyi və suverenliyi üçün fəlakətlə nəticələnə bilər" – deyə Petreus "The Washington Post" qəzetinə müsahibəsində xəbərdarlıq edib.
Ancaq bunlar regiondakı vəziyyəti və reallığı tam göstərmir. Xalq Səfərbərliyi Bölmələrinin Bağdad yurisdiksiyasından kənarda Tehranın adından fəaliyyət göstərəcək bir qüvvəyə çevrilməsi ehtimallarına zərbə vuran önəmli faktorlar var. İraqın şiə vətəndaşlarının əksəriyyəti qonşu İranın firavan və müvəffəqiyyətli olmasını arzulaya bilərlər, lakin onların öz torpaqlarının İrandan asılı bir dövlətə çevrilməsinin tərəfdarı olmaları ağlasığmazdır. İraq tərəfindən İrana qarşı millətçilik hisslərinin göstərilməsi prezident Həsən Ruhaninin etnik azlıqlar üzrə müşaviri və keçmiş kəşfiyyat naziri Əli Yunesinin İranla İraq arasındakı əlaqələr haqqında mübahisəli şərhlərinə cavab oldu. Yunesi bildirmişdi: "Hal-hazırda İraq bizim təkcə sivilizasiyalararası nüfuzumuzun tərkib hissəsi yox, eyni zamanda bizim kimliyimiz, mədəniyyətimiz, paytaxtımızdır. Çünki biz bir-birimizlə döyüşsək də, birgə fəaliyyət göstərsək də, İran və İraqın coğrafiya və mədəniyyəti ayrılmazdır."
Yunesinin fikirləri İran parlamentində Ruhaninin rəqibləri tərəfindən ciddi tənqidlərə səbəb oldu. Belə ki, parlamentdə 109 deputat onun vəzifədən getməsi üçün məktub imzalayıb. Yunesi İraqın İranın nüfuz dairəsində salınması ilə bağlı fikir irəli sürməklə İraqda təkcə sünni ərəb qrupları və şəxsiyyətlərinin yox, eyni zamanda şiələrin də sərt reaksiyasına səbəb oldu. İraqın muxtariyyəti və suverenliyinin müdafiəsi üçün ilk irəli çıxanlardan biri İraqda ən çox hörmət göstərilən şiə ruhani ayətullah Əli əl-Sistani idi.
"Biz ölkəmiz, kimliyimiz, müstəqilliyimiz və suverenliyimizlə fəxr edirik" – Sistaninin təmsilçisi Əhməd əl-Safi Yunesiyə cavab olaraq deyib. "Biz terroristlərə qarşı mübarizəmizdə qardaş və dostlarımızn təklif etdiyi hər cür köməyi qəbul edib bunun üçün onlara minnətdar olsaq da, bu, o demək deyil ki, biz kimlik və müstəqilliyimizdən imtina edəcəyik."
Hərbiləşdirilmiş şiə qüvvələri İŞİD-ə qarşı mübarizədə dini legitimliklərini Sistanidən və onun qruplaşma 2014-cü ilin iyununda Mosulu ələ keçirdikdən sonra imkanı olan bütün iraqlıları silahlanmağa çağıraraq verdiyi fətvadan götürürlər. Sistani o vaxtdan bəri davamlı şəkildə təkid edir ki, könüllülər İraq dövlətinin əmrinə əsasən fəaliyyət göstərməlidirlər. Bundan başqa, Xalq Səfərbərliyi Bölmələri İraqın baş nazir Heydər əl-Abadi qarşısında məsuliyyət daşıyan Milli Təhlükəsizlik üzrə Məsləhət Şurasının nəzdində fəaliyyət göstərən komitə tərəfindən təşkil edilir. Xalq Səfərbərliyi Bölmələrinin bütün fəaliyyətlərinə Bağdadın ciddi nəzarət etdiyinə inanmaq çətindir, ancaq İraq hökuməti müəyyən dərəcədə nəzarəti saxlayır.
İraqda bütün məzhəblər üzrə millətçi hisslərin güclü olduğunu və Sistaninin milli birlik üçün bir qüvvə kimi tanındığını nəzərə alsaq, şiə qrupları üçün İŞİD sıxışdırıldıqdan sonra İraq hökumətinə paralel yarım-dövlət formalaşdırmaq çətin olacaq. Belə bir ehtimal olduğu halda isə Xalq Səfərbərliyi Bölmələri Sistaninin dəstəyini, bununla da onları dəstəkləyən milyonlarla iraqlı şiənin gözündə legitimliklərini itirməli olacaqlar. Bundan başqa, bölmə liderləri və hərbi komandirlər hələ ki bu yolu seçməkdə o qədər də maraqlı olmadıqlarını göstəriblər. İran İnqilab Qvardiyası ilə sıx əlaqələri olan şiə qrupu Bədr təşkilatının rəhbəri Hadi əl-Ameri Xalq Səfərbərliyi Bölmələrində gələcəkdə də son sözü İraq dövlətinin deyəcəyəni düşünür. O, müsahibələrindən birində bildirib: "Seyid Sistanin fətvasından sonra silahlanıb mübarizə aparmaqdan başqa çarəmiz yox idi. Lakin bunlar dövlətin silahlarıdır. Bədr təşkilatının özünün isə silahları yoxdur." İraqlı şiələr İranı əsas strateji güc mənbəyi kimi görsələr də, mərkəzi hökumətlə paralel fəaliyyət göstərən bir qüvvə yaratmaqla İraq dövlətindəki mövqelərini itirmək istəmirlər. İraqda güclü millətçilik hissi olan həm sünni, həm də şiə qruplar İraqın regional qüvvə kimi İran və Səudiyyə Ərəbistanı ilə eyni səviyyəyə yüksəlməsini səbirsizliklə gözləyirlər.