Putin dünyaya meydan oxudu Dünya

Putin dünyaya meydan oxudu

"Krımda referendum beynəlxalq hüquq normalarına tam uyğun keçirilib". Bunu dünən Rusiya prezidenti Vladimir Putun Kremldə Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri, bölgə rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri qarşısında çıxış edərkən deyib.
Onun sözlərinə görə, referenduma gələnlər Krımın Rusiyaya ilhaq edilməsinin lehinə səs verib. Putin qeyd edib ki, belə seçimin niyə edildiyini başa düşmək üçün Krımın tarixini bilmək kifayətdir.
RF dövlət başçısı bildirib ki, Xruşovun Krımın Ukraynaya verilməsi haqqında qərarı konstitusiya normalarına zidd qəbul olunmuşdu.
Onun sözlərinə görə, qərar həmin dövrün konstitusiyasına zidd olaraq qəbul edilib: "Məsələ kuluarlarda, öz aralarında həll edilib".
Putin deyib ki, Krım SSRİ dağıldıqdan sonra digər dövlətin tərkibində oldu: "Bu zaman Rusiya hiss etdi ki, onu oğurlayıblar. Krım insanların qəlbində və düşüncəsində Rusiyanın ayrılmaz tərkib hissəsi olub".
Rusiya prezidenti bir daha Krım tatarlarına vədlər yağdırıb: "Krım tatarlarının ədalətsizliklə üzləşdiyi dövr olub. Bu, digər xalqlara qarşı da edilib. Həmin vaxt müxtəlif millətlərdən olan milyonlarla insan, əlbəttə ki, ilk növbədə rusiyalılar repressiya qurbanı olub. Hesab edirəm ki, Krım tatarlarının reabilitasiya prosesini başa çatdıracaq bütün zəruri siyasi və qanunverici qərarlar qəbul edilməlidir".