Azərbaycançılıq ideologiyası milli təfəkkürü birləşdirən dəyərlər sistemi kimi Hadisə

Azərbaycançılıq ideologiyası milli təfəkkürü birləşdirən dəyərlər sistemi kimi

Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşmış və bir əsr ərzində davamlı təkamül yolu keçib.
“Azərbaycançılıq” anlayışı milli siyasi elmi dövriyyəyə nisbətən yaxın vaxtlardan daxil olmuşdur. O, ölkədə yaşayan bütün etnik qrupları və millətləri birləşdirən ideologiya kimi bütün azərbaycanlılar tərəfindən yekdilliklə qəbul olunub. İndi "azərbaycançılıq" artıq milli ideologiya olaraq bütün cəmiyyətin mənafelərini ifadə edir. Azərbaycançılıq ideologiyası cəmiyyətin mənəvi həyatının fenomenidir. Azərbaycançılıq ideologiyası cəmiyyətin ən müxtəlif sosial təbəqələrini təmsil edən insanları vahid bir məqsəd ətrafında birləşdirə bilməklə, dünya azərbaycanlıları arasında milli həmrəyliyin yeni bir formulunu yaratmış oldu. Bu ideologiyanın səciyyəvi cəhətlərindən biri Azərbaycan xalqının milli mentalitetinin xarakterik xüsusiyyətlərinin nəzərə alınması idi. Azərbaycançılıq ideologiyasının diaspor üçün cəlbediciliyi onun daxili rəngarəngliyi ilə bərabər, konseptual bütövlüyü, milli özünüdərkə imkan verən meyarları ilə müəyyənləşdirilir. Digər ideoloji meyllərdən, məsələn, islamçılıq, avropaçılıq, türkçülük, avrasiyaçılıqdan fərqli olaraq azərbaycançılıq hər bir azərbaycanlının milli özünüdərkinə, özünü digər toplumlardan fərqləndirməsinə geniş imkan verir. Azərbaycançılıq ideologiyası milli birliyi şərtləndirən ortaq cəhətləri özündə ehtiva etməklə, harada yaşamasından, hansı sosial mühitdə yetginləşməsindən asılı olmayaraq, bütün azərbaycanlıları bir araya gətirə biləcək milli konsepsiya kimi formalaşıb. Azərbaycançılıq ideologiyası siyasi baxışları, dünyagörüşü, ictimai statusuna görə, insanlar arasında fərq qoymur. Onun əsasında yalnız etnik-milli xüsusiyyətlər deyil, həm də vətən qarşısında borc amili dayanır. Burada milliyətcə azərbaycanlı olmaq əsas şərt deyil. Ən vacib məsələ milliyətindən asılı olmayaraq Azərbaycanı sevən hər bir insanın bu ideya ətrafında birləşməsinin vacibliyini aşılamaqdır. Bu baxımdan dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması sahəsində azərbaycançılıq ideologiyasının rolundan danışarkən olduqca əhəmiyyətli bir amil, vətəndaş cəmiyyəti anlayışı xüsusi qeyd edilməlidir.
Azərbaycançılıq ideologiyasının digər səciyyəvi cəhəti Azərbaycan dövlətini dünya azərbaycanlılarının siyasi istinadgahı olması ideyasını təbliğ etməsindədir. Milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi, Azərbaycan Respublikasının bütün azərbaycanlıların milli sərvəti, bu gün harada yaşamasından asılı olmayaraq Azərbaycanda doğulmuş bütün azərbaycanlıların vətəni kimi dərk edilməsi azərbaycançılığın mühüm meyarlarındandır Olduqca qısa vaxt ərzində azərbaycançılıq ideologiyası populyarlaşmış və dünya azərbaycanlıları tərəfindən qəbul edilib. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Azərbaycançılıq məfkurəsində etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə və xarici dövlətlərdə yaşayan bütün vətəndaşlara, soydaşlara və həmvətənlərə hərtərəfli hüquqi və mənəvi baxımdan bərabər münasibət var. Bu xüsusiyyət bir daha azərbaycançılıq məfkurəsinin dövlətçilik təfəkkürünə əsaslandığına dəlalət edir. Bu konseptual ideya xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə hərtərəfli əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi təminatı üçün də geniş əsas yaradır. Azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Lakin azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya həm də Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Azərbaycançılıq xalqın milli-mənəvi varlığının ilkin əlamətlərini, onun kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir.

Alı Balayev
Tarix üzrə fəlsəfə doktoru, dosent