«Məhsəti və Əmir Əhməd» dastanı Hadisə

«Məhsəti və Əmir Əhməd» dastanı

III yazı

Xərabat-Məscid qarşıdurması "Məhsəti və Əmir Əhməd" dastanının epik-ideoloji, təsəvvüfi-fəlsəfi konfliktinin əsasını təşkil edir. Məhsəti xərabatda həqiqi aşiq – haqq aşiqi, məsciddə dinsiz kafir sayılırdı. Onun haqqında xalq arasında gəzən saysız-hesabsız rəvayətlər də şairəyə olan bu ikili münasibəti əks etdirirdi. Xərəbat onu öz rəvayətlərində tərənnüm edir, məscid – lənətləyirdi. Hətta Məhsətinin rübailəri əsasında yaranmış, ümumən onu tərənnüm edən "Məhsəti və Əmir Əhməd" dastanının özündə də bu ikili münasibəitin izləri qorunub. Dastanın əlyazmasındakı təhkiyəçi-dastançının "Deyirlər ki, Məhsəti gözəl oğlanlarla eşqbazlıq edib və onların gözəlliyinə şeirlər həsr edib" cümləsini şərh edən akad. R.Hüseynov yazır ki, müəllif hər halda məsuliyyəti öz üstünə götürmür, Məhsətinin əxlaqına qarayaxma kimi görünə biləcək bu fikri başqalarının söylədiyini yazır. Şübhəsiz ki, Məhsətini dinsiz, kafir, əxlaqsız kimi təbliğ edən çevrələr onun xatirəsini əbədiləşdirəcək dastan yaratmazdılar. Dastan Məhsətidən sonra xərabat mühitində, təkkə-təsəvvüf ocaqlarında yaranıb. Məntndəki anaxronizmlər dastanın yaranmasında Məhsətinin şəxsən iştirakının olmadığını sübut edir.
Azərbaycan xalq dastançılığı ənənəsindən məlumdur ki, məşhur bir el şairinin, yaxud aşığın şeirləri əsasında sonradan yaradılmış dastanlarda bir çox hallarda şeirlərin məzmunu ilə süjetin məzmunu arasında uyğunsuzluq, anaxronizmlər (zaman nizamsızlığı) olur. Çünki başqasının hazır şeirləri əsasında sonradan dastan yaradan aşıq iki müxtəlif mətn sistemini bir-birilə uğunlaşdırmalı olur: hazır şeirləri və ənənəvi dastan süjetini. Bu halda uyğun gəlməyən məqamların olması təbiidir. "Məhsəti və Əmir Əhməd" dastanında da belə anaxronizmlər var.
Dastanda deyilir ki, şahın məclisinə gecikən Məhsəti gecikmə haqqında şahın qoyduğu şərtə uyğun olaraq üç buynuz şərab içmək məcburiyyəti qarşısında qalır. O, iki buynuz içsə də, üçüncünü içə bilmir və deyir:


"Ey şah, sənə mədhü sənalar dediyim yetər,
Bu biçarə qadının sənə dua etməsi bəsdir.
Mən öküz deyiləm, mənə buynuz yaramaz,
Əgər öküz oldumsa da, iki buynuz kifayət edər.

Gəncə şahı Məhsətidən bu rübaini eşidəndə çox bəyənir, Məhsətiyə üz tutub "Şərab içdiyin o cam sənin olsun", – deyir. Və bu camın ayağı qiymətli daşlarla bəzədilibmiş. Məhsəti camı kənizinə verir ki, evə aparsın". Dastandan bu parçanı və rübaini tərcümə etmiş akad. R.Hüseynov uyğunsuzluğa diqqət yetirərək yazır ki, Məhsəti buynuzdan şərab içir. Amma rübaidə "buynuz" deyilsə də, mətndə şah şairəyə indicə şərab içdiyi camı bağışlayır. Rübai ilə qoşma əhvalatın uyğunsuzluğu göz qabağındadır.
Əlbəttə, "Məhsəti və Əmir Əhməd" dastanı ilə Azərbaycan məhəbbət dastanlarının köklü-köməcli müqayisəsi müstəqil bir monoqrafiyanın mövzusunu təşkil edəcək dərəcədə böyük və aktual problemdir. Bu cəhətdən burada problemin indiki qoyuluşu üçün aktual olan məqamlara diqqət verəcəyik. İlkin müşahidələr göstərir ki, Məhsəti haqqındakı dastanla Azərbaycan məhəbbət dastanlarını birləşdirən cəhətlər kifayət qədər olduğu kimi, ayıran cəhətlər də kifayət qədərdir. Onlara diqqət edək. İstər "Məhsəti və Əmir Əhməd" dastanı, iəstərsə də orta əsrlər Azərbaycan məhəbbət dastanları təsəvvüfi-irfani eşq ideyası ilə sıx şəkildə bağlıdır. Azərbaycan məhəbbət dastanlarında olduğu kimi, Məhsəti haqqındakı dastanda da butavermə motivi var. Prof. M.Cəfərli yazır ki, buta məhəbbət dastanlarında formasından asılı olmayaraq, mütləq süjet hadisəsinə çevrilir və müxtəlif semantik qatlar şəklində qurulur. Bu mənada buta bir tərəfdən sevgilini bildirir, o biri tərəfdən Allahı simvolizə edən obrazdır, başqa tərəfdən dastan qəhrəmanının əldə etməyə çalışdığı dastan dəyəri – kosmik dəyərdir. Haqqa aşiqlik butadan başlanır. Nə qədər ki, buta yoxdur, haqq aşiqi də yoxdur. Butavermə ilə qəhrman "haqq aşiqi"nə çevrilir.
Qeyd edək ki, butavermə məhəbbət dastanlarının süjetini başlanğıcdan sona qədər çevrələyən epik kompleksdir və müxtəlif obraz-elementlərdən təşkil olunur. İlk butavermə aşiqin doğuluşu ilə bağlıdır. Dastanlarda qəhrəman özü Allahın kərəmi, verdiyi buta payı kimi dünyaya gəlir. Məhsəti haqqında dastanda da "Gəncə xətibinin oğlu olmurmuş. O, çoxlu xeyrat verir, dualar edir və nəhayət ki, Allah ona gözəl bir oğlan əta edir. Uşağın adını Əmir Əhməd qoyurlar".
Məhəbbət dastanlarında qəhrəmanlar yuxuda buta alıb haqq aşiqlərinə çevrilirlər. Məhsəti haqqında dastanda bu motivin maraqlı bir variantını müşahidə edirik. Dastanda göstərilir ki, böyüyüb 19 yaşına çatmış Əmir Əhməd bir gecə namazını qılıb yatır və yuxusunda görür ki, cənnətə girib. Əlində cam tutmuş bir huri onun qarşısına çıxır və "Ey, Puri-Xətibi-Gəncə, bu camı əlimdən alıb iç", – deyir. Əmir Əhməd camı alıb içir və həmin dəqiqə də o hurinin camalının sərməsti olur".
Akad. R.Hüsenov yazır ki, bu motiv – eşq badəsi içmək, buta verilməsi, hələ üzünü görmədiyi gözələ bir gəncin yuxuda aşiq olub sonradan görüşməsi nağıl və dastanlarımızda daimi qonaqdır.
Məhəbbət dastanlarında gələcək sevgilisini buta almış aşiq qəhrəmanla onun atasının arasında, bir qayda olaraq, buta haqqında poetik dialoq olur. Eyni motivi Məhsəti haqqında dastanda da görürük. Məhsətini görüb ona vurulan Əmir Əhmədin çöhrəsi saralır. Atası bunun səbəbini soruşur. Əmir Əhməd eynən məhəbbət dastanlarında olduğu kimi, öz dərdini dillə başa sala bilməyib, şeirlə anladır.
Bir sıra hallarda məhəbbət dastanlarında sağalmaz dərdə – eşqə mübtəla olmuş aşiqin üzərinə həkim çağırırlar. Məhsəti haqqında dastanda da atası Əmir Əhmədi sağaltmaq üçün həkim çağırır. "Həkim, əlbəttə, Əmir Əhmədin dərdinin nə olduğunu anlayır və eşq xəstəliyinə dərman verə bilməyəcəyini, bu mərəzi müalicə etməkdə aciz olduğunu bildirir". "Məhsəti və Əmir Əhməd" dastanında ilahi ilə vüsalı simvolizə edən şərab və badə motivi çox yayğındır. Məhəbbət dastanlarında da butavermənin haqqa aşiqlik modeli məhz şərab badəsi ilə başlayır.
Yaxud məhəbbət dastanlarında aşiq özünün haqq aşiqi olduğunu sübut etmək üçün sınaqlardan keçməli olur. Poetik strukturun bu mütləq formulunu "Məhsəti və Əmir Əhməd" dastanında Məhsətinin özünün sınaqdan keçirilməsi, şahın qəzəbinə düçar olub zindana düşməsi epizodlarında müşahidə edə bilirik.
Məhəbbət dastanları üçün xarakterik formullardan biri deyişmədir. "Məhsəti və Əmir Əhməd" dastanında bu formul Məhsəti ilə Əmir Əhmədin dörd tematik konsepti əhatə edən rübai deyişmələrində müşahidə olunur.
Lakin "Məhsəti və Əmir Əhməd" dastanında bir sıra motivlər var ki, bunlar məhəbbət dastanları üçün xarakterik deyil. Məsələn, burada bazar, bazar adamları, sənətkarlar, gözəl üzlü cavan sənətkarların tərənnümü aparıcı motivlərdəndir. Akad. R.Hüsenov yazır ki, sənətkarlar məhəlləsi – bazar sanki hadisələrin cərəyan etdiyi səhnədə qurulmuş dəyişməz dekorasiyadır ki, onun ətrafındakı hər şey dəyişir, adamlar bir-biriylə əvəz olunur, amma bu hissə öz obrazlarıyla olduğu kimi qalır. Başqa personajlarla ünsiyyətə girmək, başqa məntəqələrə yetmək üçün Məhsəti və Əmir Əhməd hərlənib-fırlanıb mütləq buradan ötməlidirlər.
Azərbaycan məhəbbət dastanlarında isə bazar motivi çox az və fərqli mövzuda müşahidə olunur.Yaxud Məhsəti haqqında dastanda davamlı xətt yaradan şahmat motivi də məhəbbət dastanlarında yox dərəcəsindədir. Bundan başqa dastanda müəyyən deyişmələrdə açıq-saçıq ifadələrin, söyüşlərin işlənməsi də məhəbbət dastanları üçün qətiyyən xarakterik deyil.
Apardığımız bu müqayisələrə əsaslanıb deyə bilərik ki, "Məhsəti və Əmir Əhməd" dastanı ilə Azərbaycan məhəbbət dastanları arasında prinsipial bağlılıqlar, ortaqlıqlar olduğu kimi, eyni xarakterli fərqlər də var. Məhsəti haqqında dastanın fars dilində olmasını və rübailər əsasında qoşulmasını həmin prinsipial fərqlərin üstünə gəlsək, onda bu dastanı farsdilli dastançılıq ənənəsi ilə bağlamaq imkanı da yaranır. Lakin akad. R.Hüsenov bunu istisna edərək yazır ki, quruluş etibarı ilə "Məhsəti və Əmir Əhməd" dastanı İran ədəbiyyatının bəlli xalq dastanı nümunələrinə az oxşayır, dil fərqi nəzər alınmazsa, aşıq yaradıcılığından yaxşı aşina olduğumuz məhəbbət dastanlarını xatırladır".
Burada "xatırlatma" ifadəsi yerinə düşür. Çünki Azərbaycan məhəbbət dastanları ilə "Məhsəti və Əmir Əhməd" dastanı Azərbaycan milli yaddaş tarixinin eyni epoxasının yox, fərqli dövrlərinin və fərqli mühitlərinin poetik qəliblərini əks etdirir. Azərbaycan məhəbbət dastanları şifahi epik ənənəyə əsaslanan xalq sufizmi ənənəsi ilə bağlıdır. "Məhsəti və Əmir Əhməd" dastanı isə Gəncədə farsdilli təkə-təsəvvüf mühitində formalaşıb. Dastanda şəhər mədəniyyətini əks etdirən bu mühit, onun ideologiyası, fəlsəfi əsasları "xanəgah" obrazında, sosial bazası əsnaf – sənətkar obraz(lar)ında, sosial strukturu – bazar obrazında təcəssüm olunub. Azərbaycan məhəbbət dastanlarında isə nə xanəgah-məscid qarşıdurması, nə xanəgah-əsnaf-bazar epik sistemi, nə də üməmən xanəgah sistemi üçün xarakterik olan obrazlar və həyat tərzi yoxdur.
Beləliklə, "Məhsəti və Əmir Əhməd" dastanı birbaşa XII əsr Gəncə təkkə-təsəvvüf, xanəgah mühiti ilə bağlı dastandır. Bu mühit Azərbaycan məhəbbət dastanlarının formalaşdığı xalq sufizmi mühitindən fərqli olaraq, yazılı ədəbiyyat, onun poetik sistemi, aparıcı linqvistik qəlibi olan fars dili ilə sıx bağlı olub. Lakin xanəgahın sosial bazasını sənətkarlar zümrəsi – əsnaf təşkil etdiyi üçün bu mühit eyni zamanda şifahi ədəbi ənənələrlə sıx bağlı idi. Əgər yazılı ədəbiyyat öz yaradıcısını yaddaşında yazı ilə qeydə alırdısa, şifahi ənənənin əsas yaddaşlaşdırma formulu dastan idi. Məhsətinin öz müasirləri Xaqani və Nizamidən fərqli olaraq, xanəgahla bağlılığı onun adını həm yazılı ənənədə, həm də şifahi ənənədə qoruyub. Yazılı ənənə onun şeirlərini əlyazmalarda qoruyub, şifahi ənənə isə adına dastan bağlayıb.

Seyfəddin RZASOY,
filologiya üzrə elmlər doktoru