İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? Hadisə

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi iyulun 30-dan avqustun 11-dək aparılacaq. Qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri "Abituriyent" jurnalının dördüncü nömrəsində təqdim olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, TQDK abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə birinci, ikinci, üçüncü və dördüncü ixtisas qruplarının abituriyentləri üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı vəsaitlər çap edib. Nəşrlərdə təhsil formaları (dövlət sifarişli və ödənişli), Azərbaycan və rus bölmələri üzrə ayrılıqda və hər iki bölmənin birgə müsabiqəsinə aid qəbul planları, müsabiqəyə buraxılma şərtləri, eyni zamanda, müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına dair məlumatlar təqdim olunub.
Xatırladaq ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə ali təhsili müəssisələrinə ötənilki qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap edilib.