Abituriyentlər bu il buraxılış imtahanlarında niyə aşağı nəticə göstərib? Hadisə

Abituriyentlər bu il buraxılış imtahanlarında niyə aşağı nəticə göstərib?

Buraxılış imtahanlarında şagirdlərin nəticələri ötən illərlə müqayisədə bu il aşağı olub. İmtahanların birinci mərhələsində maksimum nəticəni göstərənlərin, yəni 300 bal toplayan şagirdlərin sayının az olması bu il 700 bal toplayanların da çox az olacağını deməyə əsas verir.

Bu barədə Trend-in suallarını cavablandırarkən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, abituriyentlərin maksimum bal toplamaması təhsilin səviyyəsinin aşağı düşməsi demək deyil.

"Bu, imtahan prosesidir və ola bilsin ki hər hansı psixoloji və ya başqa bir səbəbdən abituriyent suala səhv cavab verir. Bu ümumilikdə şagirdin biliyinin tam göstəricisi deyil. Yüksək bal toplanmaması təhsilin səviyyəsinin aşağı düşməsi mənasını kəsb etmir. Dövlət İmtahan Mərkəzinin də sualları çətin tərtib etdiklərini də iddia edə bilmərik. Hesab edirəm ki, mərkəzdə kifayət qədər savadlı mütəxəssislər çalışır və sualları tərtib edərkən proqram məzmununu diqqətdən keçirirlər. Abituriyentlər imtahan nəticələri ilə kifayətlənməməli, daim öz üzərlərində çalışmalıdırlar. Çünki imtahan nəticəsi heç də savad, bilik göstəricisi deyil", - deyə o bildirib.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, cari ilin mart ayında 11-ci siniflər üçün buraxılış imtahanlarından sonra aprel ayında 9-cu siniflərin buraxılış imtahanları keçirildi və ilk imtahan həftəsindən şagirdlər arasında ciddi narazılıqlar eşidilməyə başlandı.

"Şagirdlər iki ildən çoxdur ki, pandemiya şəraitinə görə dərs prosesində tam iştirak edə bilmirlər. Mütəmadi olaraq məktəblər qapanmaya gedirdi, müəllimlər arasında youxmaya görə tədris tam olaraq bərpa edilmirdi, bəzi şagirdlər onlayn tədris üçün vasitələrə sahib deyildi. Bütün bu amillər hamısı tədrisin təşkilində çətinlik yaratdı və əlbəttə ki, imtahan nəticələrinə də öz təsirini göstərdi", - deyə o əlavə edib.