Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətində yanğından mühafizə sistemlərinin tətbiqi işlərini təkmilləşdirmək məqsədilə 2014-2016-cı illər üçün fəaliyyət proqramı hazırlanıb. APA FHN-in "Fövqəladə Hallar" qəzetinə istinadən verdiyi məlumata görə, proqramda mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərin yanğından mühafizə sistemləri, yanğına qarşı vasitə və avadanlıqlar - ilkin yanğınsöndürmə vasitələri, mexaniki, avtomatik yanğın xəbərverici və yanğınsöndürmə, yanğın barədə xəbər vermə qurğuları, köpük əmələ gətirici maddələr və s. ilə təmin olunması məsələləri əksini tapıb.
Proqrama uyğun olaraq, 2014-2016-cı illərdə Dövlət Yanğın Nəzarəti Xidməti yanğından mühafizə sistemlərinin, yanğına qarşı vasitə və avadanlıqların satışı, quraşdırılması ilə məşğul olan təşkilatların fəaliyyətini nəzarətdə saxlayacaq. Bu təşkilatlar arasında sağlam rəqabətin gücləndirilməsi, yeni şirkətlərin bazara daxil olması üçün tədbirlər həyata keçiriləcək. Bu istiqamətdə həyata keçiriləcək işlərlə əlaqədar sərgilərin, məhsulların təqdimatlarının təşkili nəzərdə tutulur.
Proqramda obyektlərin təxliyə yollarının vəziyyətinin öyrənilməsi, bu sahədə mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə də monitorinqlərin keçirilməsi, tələblərə cavab verməyən yanğından mühafizə sistemlərinin, yanğına qarşı vasitə və avadanlıqların yenilənməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi planlaşdırılır. Ölkə ərazisində yanğın təhlükəsizliyinin daha da etibarlı təmin olunması məqsədi ilə mənşəyi bilinməyən, müvafiq sertifikatı olmayan yanğına qarşı vasitə və avadanlıqların ölkəyə gətirilməsinin qarşısının alınması üçün hüquq-mühafizə, gömrük orqanları, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər görüləcək.
Baş vermiş yanğın hadisələrinin böyük əksəriyyətinin elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verdiyini, artıq yüklənmənin, qısaqapanmanın, izolyasiyanın pozulmasının, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsinin, montaj işlərindəki səhvlərin və s. yanğın təhlükəsizliyinə zidd halların mövcud olmasını nəzərə alaraq Dövlət Yanğın Nəzarəti Xidməti 2014-2016-cı illərdə müvafiq tədbirlər görməyi planlaşdırır.