Absu və Xəzər dənizinin eyniliyini təsdiqləyən faktlar Hadisə

Absu və Xəzər dənizinin eyniliyini təsdiqləyən faktlar

Şumer və türk folklorunda dastanlar mühüm yer tutur. Bir çox xalqlar dastan yaradıcılığına gec başlayıblar. Şumerlərin və türklərin yaratdıqları dastanlar isə onların şifahi yaradıcılığının ən erkən çağlarına təsadüf edir. Bu tarixin belə qədimliyi hazırda çox böyük elmi əhəmiyyətə malikdir. Şumer və türk dastanlarını ideya və məzmununa görə əsasən iki qrupa bölmək olar: Törəyiş dastanları; Qəhrəmanlıq dastanları. Türk folklorunda məhəbbət dastanları zəngin bir xəzinə təşkil etsə də, Şumer folklorunda olmadığına görə, bu bölgüdə onlar nəzərə alınmayıb.
Şumer və türk törəyiş dastanları mifoloji süjet və obrazlarla xeyli zəngindir. Bunlar tarixin çox qədim dövrlərinin motivlərini özündə qoruyub saxlayan və gətirib günümüzə çıxaran dəyərli epik mətnlərdir. Şumer və türk qəhrəmanlıq dastanları törəyiş dastanlarına nisbətən mifoloji süjet, obraz və motivlərlə çox da zəngin olmayıb, tarixi gerçəkliklərlə daha yaxından səsləşir. Şumer dastanları ilə müqayisəli təhlillər əsasında türk dastançılıq ənənəsinin tarixi inkişaf mərhələlərini aşağıdakı dövrlər üzrə qruplaşdırmaq olar: Şumerdən "Dədə Qorqud"a qədərki dövr; "Dədə Qorqud"dan "Koroğlu"ya qədərki dövr; "Koroğlu"dan sonrakı dövr. "Koroğlu"dan sonrakı dövrü də iki yerə bölmək mümkündür: "Koroğlu"dan sonra məhəbbət dastanlarının yaranması; "Koroğlu"dan sonra qaçaqçılıq hərəkatı ilə bağlı qəhrəmanlıq dastanlarının yaranması. Şumerdən "Dədə Qorqud"a qədərki dövrü müəyyənləşdirmək çox çətindir. Çünki "Dədə Qorqud"un yaranma tarixi çox qədimdir və onun düzgün, dəqiq müəyyənləşdirilməsi üçün hələ çoxlu araşdırmalar aparmağa ehtiyac var. Ən qədim türk dastanları olan "Alp Ər Tonqa", "Törəyiş", "Şu", "Ərgənəkon", "Bozqurd", həmçinin Orta Asiya, Volqaboyu və Sibir türklərinin dastanlarının böyük əksəriyyəti "Dədə Qorqud"dan "Koroğlu"ya qədərki dövrdə yaranıb.
Bu dövrdə Azərbaycanda dastan yaradıcılığı nisbətən zəifləyib. "Koroğlu"dan sonra Azərbaycan folklorunda dastan yaradıcılığı yenidən güclənib, bir-birindən gözəl çoxlu məhəbbət dastanları düzülüb-qoşulub. Sonuncu mərhələ Azərbaycanda qaçaqçılıq hərəkatı ilə bağlıdır. Bu dövrdə bir neçə qəhrəmanlıq dastanı yaransa da, onlar vaxtından əvvəl yazıya alınmış, mükəmməlləşmə, bitkinləşmə mərhələlərini keçməyib. Beləliklə, türk dastançılıq ənənəsinin çox qədim tarixi var. Bu ənənə əslində Şumer dövründən başlanıb dövrümüzə qədər davam edib. İnsan dünyaya göz açdığı ilk gündən bəri iki sualın cavabı onu daim düşündürüb: Dünya necə yaranıb? İnsan necə yaranıb?
Həm də insanları bu sualların ikisi də eyni vaxtda düşündürüb. Heç cür ola bilməzdi ki, dünyanın necə yarandığını bilmək istəyənlər insanın necə yaranması ilə maraqlanmasınlar. Yaxud əksinə. Qədim insanlar da yaxşı başa düşürdülər ki, dünyanı və insanı bir-birindən ayrı təsəvvür etmək olmaz. Dünya formadır, insan məzmundur. Əgər dünya varsa, insan yoxdursa, bu məzmunsuz formadır. Yox, əgər dünya yoxdursa, deməli, forma yoxdur və artıq məzmundan söhbət gedə bilməz. Məzmunu forma yaradır, forma məzmundan doğur. Deməli, insanın yaradılmasını dünyanın varlığı özü zəruriləşdirib. Dünya-insan modelində forma-məzmun vəhdəti təmin edilib. Ona görə də Şumer və türk törəyiş dastanlarında əvvəlcə dünya, sonra insan yaradılır. Bu da yuxarıdakı məntiqə tamamilə uyğundur.
Dünyanın və insanın yaranması bütün xalqların əfsanə və miflərində öz əksini tapıb. Hər bir xalq dünyanın və insanın necə yarandığı barədə düşünmüş, bu məsələləri öz bədii təfəkkürünün süzgəcindən keçirib ədəbi-mifoloji mətnlərdə qəlibləşdirib, yaddaşlarda yaşada-yaşada nəsildən-nəsilə ötürüb. Maraqlıdır ki, dünyanın və insanın yaranması haqqında ən uzaq xalqların belə kosmoqonik düşüncələri bir-birinə çox yaxındır. Bu da həmin düşüncələrin eyni qaynaqdan gəldiyini göstərir. İnsandan öncə tanrı dünyanı - yeri, göyü yaratdı. Dənizləri, gölləri, çayları, dağları, dərələri yerbəyer elədi. Gecəni-gündüzü nizama saldı, ayları, illəri düzüb qoşdu, illəri fəsillərə, fəsilləri aylara, ayları həftələrə böldü.

Məkan da olmayanda,
Zaman da olmayanda.
Nə yer, nə quru, nə su,
Cahan da olmayanda.

Bu, kainatın xaos dövrüdür. Heç bir nizam-intizam, qayda-qanun, simmetriya yoxdur. Kainatda heç bir şey öz yerində deyil. Planetlər arasında bugünkü rabitə, qanunauyğun hərəkət olmayıb. Əslində, xaos yoxluq, boşluq deməkdir. Yoxluqda, boşluqda hər hansı bir nizam, qayda, qanunauyğunluq ola bilməz. Nail Qurbanov kosmosu xeyirlə, xaosu şərlə eyniləşdirir. Bunları işıq və qaranlıqla eyniləşdirənlər də var. R.Əliyev yazır ki, "xaosun iki daxili məntiqi var: dağıtmaq; yaratmaq". Bizə elə gəlir ki, dağıtmaq xaosun, yaratmaq kosmosun daxili məntiqinə daha uyğundur. Xaos bu gün də dilimizdə qarmaqarışıqlıq, nizamsızlıq anlamlarında işlənir. Seyfəddin Rzasoy "Dədə Qorqud"dakı "yalançı dünya" ifadəsinə söykənərək yazır ki, oğuzlar xaosu "yalançı dünya" adlandırırdılar. "Yalançı dünya" ifadəsinə "Basat Təpəgözü öldürdüyü boy"da rast gəlirik: "Yalançı dünya üzündə bir ər qopdu. Yaylımında Oğuz elin qondurmadı. Qara polad üz qılıclar kəsən dilini kəsdirmədi. Qarğu cida oynadanlar ildirəmədi. Qayın oxu atanlar kar qılmadı". Muxtar Kazımoğlu buradakı "yalançı" təyininə maraqlı bir açıqlama verib ki, "əgər Təpəgözü evə gətirən Alp Aruzun niyyəti baş tutsaydı, onda Təpəgöz həqiqi oğul, həqiqi qardaş, həqiqi igid olacaqdı. Təpəgözün çıxdığı məkanın eposda "yalançı dünya" adlandırılması Təpəgözün "yalançı oğul", "yalançı qardaş", "yalançı igid" olması ilə daha çox bağlıdır". Əgər Təpəgöz yalançı dünyanı təmsil edirsə, onunla bağlı nə varsa, hamısı yalandır.
Eposda "yalançı dünya" ifadəsini iki oğlundan birini Təpəgözə vermiş, ikincisinin də novatı çatmış qarıcıq dilinə gətirir. Ola bilsin ki, qarı yalançı dünya deyəndə Təpəgözün mağarasını nəzərdə tutub. Axı Basat Kosmosu, yəni Oğuz elini, Təpəgöz isə Mağaranı, yəni Yalançı dünyanı təmsil edirlər. Bu motivin Şumer qaynaqlarında çox gözəl paralelləri var. Şumer mətnlərindəki Enki-Absu qarşıdurmasını da kosmosla xaosun qarşıdurması kimi qəbul etmək olar. Deməli, Şumer kosmos-xaos qarşıdurması olduğu kimi Oğuz dünyasında yenidən təcəssüm edib.
Dünyanın yaranması haqqında Şumer mətnlərinə görə, xaosun iki mərhələsi olub: Bütün kainatın dünya okeanı ilə dolu olduğu dövr; An və Kidən ibarət Tanrı cütlüyünün birləşdiyi, hələ ayrılmadığı dövr. Şumer mətnlərində Absu dənizinin adına tez-tez rast gəlinir. Absu haqqındakı mətnlərə görə, dünya başlanğıcda yalnız sudan ibarət olub. Bu su dünya okeanı adlandırılır və Absu ilə eyniləşdirilir. Dünyanın yaranması haqqındakı mətnlərdə yerlə göy bir-birindən ayrılarkan Absu dənizinin Göydən yerə endirildiyi göstərilir. Şumerin müdriklik Tanrısı Enkinin evi Absu dənizində olub. İlk insanlar bu dənizin kənarında doğulub. Ümumiyyətlə, Şumer mətnlərində Absu dənizi haqqında çox zəngin bilgilər mövcuddur. "Bilqamıs və ölməzlər dağı" dastanından aydın görünür ki, ölməz insanların yaşadıqları ölkə də Absu dənizinin yaxınlığındadır. Absu sözünün mənası "səma dənizi", "göy dənizi" (ab-səma, göy; su- dəniz) deməkdir. "Ab" şumer dilində "göy", "səma" mənaları bildirib, hazırda türk dilində mavi rəngin "abı" çalarının adında saxlanıb.
Alman alimi Erix Seren Xəzər dənizi haqqında çox maraqlı bir bilgi verib. Onun fikrincə, Xəzər dənizinin ilk adı "səma dənizi", "göy dənizi" olub. Burada onun fikrini olduğu kimi verirəm: "Второе дерево, местонахождением которого также было Каспийское море (первоначально это, несомненно, было "Небесное море"), называлось Хаома Гокорд (или Тао керена)". Rus folklorçusu A.N.Afanasyev bu dənizi "hava okeanı" adlandırıb, onun "göy dəniz" olduğunu söyləyib, burdakı "göy" sözünü rəng anlamında başa düşüb. Ancaq o, doğru olaraq həmin dənizin ortasındakı ağacı Tanrı ilə eyniləşdirib, onun Şərqdə yerləşdiyini yazıb. Bu dəniz də yenə Xəzər dənizinə, onun ortasındakı ağac isə Şumerin "Dirilik ağacı"na və Dədə Qorqudun "Qaba ağacı"na uyğun gəlir. "Absu-səma, göy dənizi" və "Xəzər-səma, göy dənizi" paralelləri onların hər ikisinin eyni dəniz olduğunu göstərir və bu eynilik bir çox qaranlıq məsələləri aydınlaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Absu və Xəzər dənizinin eyniliyini təsdiqləyən əlavə faktlar da mövcuddur. Birincisi, Xəzər dənizinin adları sırasında Absuqun/Absiqun/Abasqun yazılış-larına rast gəlinir. Xəzərin qədim adlarından birinin Abisgün olduğunu Mahmud Kaşğari "Divan"ında görürük: "Bu gün uzunluğu beş min fərsəx, eni üç min fərsəx, cəmisi səkkiz min fərsəx olan türk ölkəsinin sərhədlərinin ucları Abisgün (Xəzər) dənizində birləşərək Rum diyarından və Özçənddən Çinə qədər uzanır". Bu adların hamısının kökündə "Absu" sözünün olduğu aydın görünür. İkincisi, Absu adı sonralar türk coğrafiyasında Göysu hidronimi şəklində geniş yayılıb. Göyçayın adı əvvəllər Göysu olub. "Göysu" adı hələ çay sözünün yaranmadığı, onun da su sözü ilə ifadə edildiyi dövrdən qalıb. "Göygöl", "Göyçə gölü" adlarındakı "göy" morfemi rəng yox, məhz "səma" anlamındadır. Digər türk coğrafiyalarında həm "ab", həm də "göy" kökündən yaranmış çoxlu hidronimlər, hətta "Göysu" hidronimləri var. Abşeron toponiminin kökündə Absu hidroniminin durduğu aydın görünür.
"Ab" və "Absu" kökündən yaranmış bütün toponimlərin tarixi Şumer dövrünə, hətta ondan da əvvəllərə gedib çıxır. Şumer mətnlərinə görə, ölməz insanlar Absu dənizinin, türk epik mətnlərinə görə isə Xəzər dənizinin yaxınlığında yaşayırlar. Şumer mətnlərində ölməz insanların yaşadığı ölkənin yiyəsi Günəş Tanrısı Utudur. Türk mətnlərinə görə, Günəş kultu türklər arasında geniş yayılıb. Bir türk tayfası günəş adlanır. Türk epik qəhrəmanları özlərini Günəşin oğlanları hesab edirdilər. Şumer epik qəhrəmanları dara düşəndə Günəşə üz tutur, ondan kömək istəyirdilər. Bilqamısa ölməzlər dağına gedərkən Günəş Tanrısı Utu kömək etmişdir. Luqalbanda xəstələnib ölüm ayağında olarkan Utuya dua edib, yalnız Utunun köməyi sayəsində sağalıb Uruka qayıdıb. Türk epik qəhrəmanları eynilə dara düşəndə Günəşi çağırırlar. "Anadolu" sözünün mənası "Günəş doğan", "Şərq ölkəsi", "Günəşi sevənlərin ölkəsi" deməkdir.
Azərbaycana çox zaman "Gündoğan", "Günəşli diyar", "Odlar yurdu", "Odlar ölkəsi" deyirlər. Dilimizdəki "od oğlu" ifadəsi də "Günəşin oğlu" deməkdir. Deyilənlər Absu və Xəzər dənizinin eyniliyini təsdiqləmək üçün kifayətdir. Onda tərəddüdsüz Şumer mətnlərində Absu haqqında deyilən fikirlərin hamısı Xəzər dənizinə aid edilə bilər: Başlanğıcda dünya sudan ibarət olub və dünya okeanı adlanıb. Bu okean Xəzər dənizidir; Dünya yaranarkan ilk dəfə Yerlə Göy bir-birindən ayrılıb, Xəzər dənizi Göydən Yerə endirilib; Şumerin müdriklik Tanrısı Enkinin evi Xəzər dənizində olub; İlk insanlar Xəzər dənizinin sahilində doğulub; Qobustan yer üzündə insan əlilə yaradılmış ilk mədəniyyət ocağıdır. Absu və Xəzərin eyni dəniz olması, Xəzər dənizinin başlanğıcda Absu adlanması göstərir ki, dünyanın da, ilk insanın da yaranması Xəzər dənizilə bağlıdır. Şumer mətnlərində bu barədə yetərincə bilgilər var.

İslam Sadıq
araşdırmaçı