Səfəvi dövlətində hakimiyyət orqanları və türk əyanları Hadisə

Səfəvi dövlətində hakimiyyət orqanları və türk əyanları

6-cı yazı

Məhəmməd bəy işində nöqsanlara yol verdiyinə görə h. 1071-ci (m. 92 1661) ildə vəzifədən çıxarılıb Quma sürgün edilir. Baş vəzir vəzifəsi dövrün təmiz və böyük seyidlərindən olan Mirzə Həbibullahın oğlu Məhəmməd Mehdiyə verilir. "Abbasnamə"nin verdiyi məlumatlardan aydın olur ki, II Şah Abbas dövründə bir qayda olaraq baş vəzir vəzifəsinə Səfəvi şahlıq sülaləsi, yəni Şeyxavəndə qohum olan əsilzadələr təyin edilirdilər. Dövlət mərkəzlə yerli orqanlar arasındakı münasibətləri ciddi tabeçilik prinsipləri əsasında qurmağa cəhd göstərir, yerli hakimiyyətin fəaliyyəti baş vəzir və xüsusi idarə orqanları vasitəsi ilə nəzarət altında saxlanılırdı. Dövlət hakimiyyətinin mərkəzi və yerli orqanları arasında münasibətlərin tənzimlənməsində bölgə vəzirləri də müstəsna rola malik idi. Vilayətlərə təyin olunan vəzirlər baş vəzirin nəzarəti altında fəaliyyət göstərirdilər.
I Şah Təhmasib h. 975-ci (1568) ildə Xacə Ruhulla İsfahaninin Gilana vəzir təyin olunması haqqında fərman vermişdi. Bu fərman əyalət vəzirlərinin hüquq və vəzifələrinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Fərmanda göstərilir: "…Böyük və xırda məsələlərdə onu tam ixtiyar sahibi bilib… əhalinin mühüm, həm də bütün xırda məsələlərini vəzir həll etməlidir. Divanın vergilərinin toplanmasına, həm də xərclənməsinə nəzarət edib, hər bir mahalın malcəhət, vocuhatından Şahın verdiyi hökm əsasında Gilanın kiçik vəzirlərinin də xəbərləri olması şərti ilə yüksək rütbəli əmirlərə məvacib verib, vergilərin qalanını sərkar-i xasse-yi şərifə göndərsin.
Elə davranmalıdır ki, divan malı tələf olmasın və həm də heç bir rəiyyətə qarşı zor işlədilib, zülm edilməsin. Xasse-yi şərifə aid bəzi mahalların malcəhəti və bütün divan vergiləri yoxlanılsın və mahalların qanun-qaydaları da əsas götürüb, Gilanın bütün haqq-hesabı ədalət qanunları əsasında aparılsın. Vilayətin bütün iqtisadi məsələləri, yəni haqq-hesabı üzrə hörmətli seyidlər, əhali, əyanlar, kələntərlər, kətxudalar onu tam hüquqlu vəzir hesab edib, ona itaət etsinlər. Bütün ticarət və alver, itlaqat, həvalələr onun xətti və möhürü, rəqəmi ilə mötəbər bilib, bu işdə səhlənkarlıq etməsinlər.
Özbaşına vergi almasınlar. Əziz oğlum Sultan Mahmud Mirzə və oğlumun lələsi, həm də Gilan bəylərbəyi olan Allahqulu sultan Ustaclı, yüksək əmirlər, darğalar xassə, yaxud başqa mahallarda Xacə Ruhullanın əlindən möhkəm tutub hər bir hadisədən onu xəbərdar etsinlər. Vəzir də yüksək divanın qanunnaməsindən kənara çıxmamaqla haqq-hesabı, vergiləri ədalət qaydalarına əməl edərək toplasın. Vilayətin vergiləri bizə Gilanın baş maliyyə məmuru Xacə Maqsudun iştirakı ilə çatmalıdır. Vəzir hər il üçün vəzirlik haqqından əlavə pərvanəçə əsasında xasse-yi şərifədən yığılan malcəhətdən öz xərci üçün Təbriz pulu ilə 300 tümən götürsün". Fərman verildi. H.975-ci il zilqədə ayı (aprel 1568).
Fərmandan göründüyü kimi, vilayət vəzirlərinə iqtisadi məsələlərdə çox geniş hüquqlar verilmiş, hətta Şahın oğlunun lələsi kökcə türk olan bəylərbəyi də bu məsələlərdə onunla hesablaşmalı idi. Fərman vilayət vəzirinin hüquq və vəzifələrini aydın şəkildə özündə əks etdirdiyinə görə onun geniş şərhinə ehtiyac qalmır. Vilayət vəzirləri bəylərbəyi ilə yanaşı, baş vəzirə də tabe olub, vilayətin maliyyə məsələləri barədə ona hesabat verirdi. Baş vəzir vilayət vəzirlərinin fəaliyyətinə, vilayətlərdən dövlət büdcəsinə daxil olan mədaxilə nəzarət edirdi. Alessandri dövlət şurası və onun tərkibi haqqında məlumatlarında bu şurada müşavir olan əmirlərin sırasında qorçubaşının da adını çəkir, həm də onun səltənət qorçularının başçısı olduğunu yazır.
Qorçubaşı dövlətin əsas və sanballı dayağı idi. Dövlətin sanballı dayağı olan qorçubaşını Adam Oleari 10-12 min nəfər oxçunun rəisi kimi səciyyələndirilmiş və qorçu alayının I Şah İsmayılın dövründə yaradıldığını və onun cihadlarında yüksək fədakarlıq göstərdiklərini bildirib. Ancaq dövrün daha mötəbər qaynaqlarında qorçular haqqında məlumatlara XV əsrdən təsadüf edilir. I Şah İsmayıl isə əslində ona qədər də mövcud olan oxçulardan ibarət nizami qorçu qvardiyasının təşkilatçısıdır. Bu qvardiyanın hərbi rəisi, yəni qorçubaşı dövlətin idarə quruluşunda da statusu baxımından çox mühüm vəzifə olub, I Şah İsmayılın hakimiyyətinin ilk illərindən təsis edilmişdi. Dövrün qaynaqlarında ona çox məsul işlərin tapşırılması hallarına rast gəlirik. Əbdi bəy Şirazinin əsərində I Şah İsmayıl tərəfindən qorçubaşı vəzifəsinə təyin olunan Dədə Abdal bəy Zülqədərin müəyyən cinayət məsələləri üzrə mühakimə aparmaq səlahiyyəti ilə təmin edilməsinə toxunulur. Müəllif yazır: "h. 911 (4.IV.1505-23.V.1506)-cı ildə Şirvan Tabasaranında iştirak edənlər dindirildi və Sultan Heydərin öldürülməsinin tədqiqi qorçubaşı Dədə bəyə tapşırıldı…riyakarlardan çoxlu adam öldürüldü". Onu da qeyd etmək lazımdır ki, mənbələrdə I Şah İsmayılın dövründə Ərdəbil təriqət işləri ilə bağlı olan Abdal bəy adlı iki nəfərin isminə təsadüf edilir. İsgəndər bəy Münşi Türkmanın onlar haqqında yazdıqlarının təhlilindən aydın olur ki, qorçubaşı Abdal bəy Türk-Qızılbaş Zülqədər eli əyanı olub, "Dədə" ünvanın da daşıyıcısı o olmuşdu. Adam Oleariyə görə, oxçular, yəni qorçular adi vaxtlarda vilayətlərdə sərbəst yaşayır və ancaq savaşlar baş verdikdə dərhal öz rəislərinin başçılığı altında birləşirdilər. Səyyah gündəliyində onların soykökü və sosial tərkibi ilə bağlı məsələlər barədə də məlumatlar verilib. Adam Oleari yazır ki, biz orada olarkən qorçubaşı kökcə kəndli oğlu olan və I Şah Abbasın yanında əvvəllər adi xidmətçi kimi çalışmış Şamlı Cani xan idi.
Dövlətin qorçulardan ibarət olan bütün hərbi qüvvəsinin başçısı olan qorçubaşı və onun statusu haqqında "Təzkirət əlmüluk " dakı müfəssəl məlumatlara dövrün digər qaynaqlarında təsadüf olunmur. Əsərdə göstərildiyinə görə "alicah" qorçubaşı dövlətin görkəmli əmirlərindən olub, məmaliki məhrusədəki bütün ellərin və oymaqların ağsaqqallarından idi. Dövlətin hərbi xidmətində olan bütün qorçuların həmesaləsi və tiyulu, məvacibləri alicah qorçubaşı tərəfindən təsdiq edildikdən sonra bu hərbi hissənin vəzirinin sərəncamı ilə ödənilirdi. Dövlət, saray, əyalətlərdə hərbi qulluqda olan bütün qorçuların məvacibi və tiyulu qorçubaşının təqdimatından sonra baş vəzirin təliqəsi əsasında verilərdi.
Qorçulara aid olan bütün məsələləri qorçubaşı, təhqiqat aparıb, həll edirdi. Qorçubaşılar dövlətin əsas dayaqlarından olub, qorçular sırasına daxil olan hər kəsin hərbi qulluğa görə məvacib, tyiul, həmesale və mükafata aid olan sənədlərini imzaladıqdan sonra onlara möhür vurulurdu. Qorçubaşıların rütbə cədvəli onların vəzir və mustoufisi tərəfindən Şaha təqdim olunurdu. Yüksək rütbəli qorçu, yəni qorçubaşı da canqi əmirlərindən idi. Sansona görə qorçubaşı əvvəllər dövlətin ali strukturunda birinci, sonralar isə ikinci yerdə dayanırdı. Səyyah müəyyən vaxtlarda qorçubaşının dövlətin bütün silahlı qüvvəsinin baş komandanı, yəni sipahsalar da olduğunu yazmışdır. Qorçubaşı həmişə sarayda olur, ancaq o, sipahsalar vəzifəsinə təyin edildikdə paytaxtı tərk də etməli olur. O, paytaxtı sipahsalar kimi tərk edərkən, hər bir bölgədə ona şərait yaradılmalı, evlər hazırlanmalı və mühafizə dəstəsi ilə də təmin olunmalı idi.
I Şah Abbasın dövründə qorçuların hüquqlarının qismən məhdudlaşdırılması istisna olmaqla, qorçular və onların hərbi rəislərinin Səfəvi dövlətçiliyindəki müstəsna nüfuzları ciddi dəyişikliklərə uğramamışdı. Təsadüfi deyildi ki, İskəndər Münşi II Şah İsmayıl dövründə qorçubaşı Yusifqulu sultandan söhbət açarkən onu "ərkan-i dövlət" (dövlətin dayağı) adlandırmışdı. XVII əsrdə də qorçubaşıların çox geniş hərbi hüquqları vardı. Enqelbert Kempfer qeyd edir ki, baş vəzirdən sonra üç növ qoşun komandirləri nüfuz sahibləridir – qorçular, qulamlar, tüfəngçilər. Orduda rütbəsinə görə birinci yeri qorçubaşı, ikinci yeri qullarağası, üçüncü yeri isə tüfəngçibaşı tutur. Bu barədə Sanson maraqlı məlumat verib. O, yazır ki, qorçubaşı dövlətdə ikinci şəxsiyyətdir. Ancaq əvvəllər dövlətin birinci şəxsiyyəti hesab olunurdu.
Səfəvilərin hakimiyyətinin ilk illərində qoşunun baş komandanı qorçubaşı olurdu. İndi Şah istədiyi adama bu vəzifəni verir. İndi də qorçubaşı bir dəstə süvari qoşunun rəisidir ki, onlar qorçu adlanır… qorçubaşıların övladları atalarının yerini tutur… qorçubaşı həmişə mərkəzdə olur. İskəndər Münşi də qorçuları "qorçuyan-I izam" (əzəmətli qorçular) adlandırıb. Qorçuların əksər hissəsi əyalətlərdə yerləşirdi. Əyalətlərdə yaşayan qorçuların da mərkəzdəki qorçubaşıya tabe olan qorçubaşıları vardı. Qorçubaşı Padarın Şirvanın mədaxil və məxaricini yaxşı bildiyi üçün 1538-ci ildə Səfəvi silahlı qüvvləri ilə birlikdə Şirvana göndərilməsi barədə məlumata görə o, bir müddət Şirvan qorçularının qorçubaşısı olmuşdu.
"Təkmilətül-əxbar"da Şirvanda Əhməd bəy Ustaclı adlı başqa bir qorçubaşının da adı çəkilir. Bu faktlar əyalətlərdə də qorçubaşının olması qənaətinə gəlməyə imkan verir. I Şah İsmayılın hakimiyyəti dövründə Dədə Abdal bəy Zülqədərdən sonra qorçubaşı Qızılbaş-Türk əyanlarından Yeqan bəy Təkəli (1509-1510) və Sarı Pirə Ustaclı olmuşdu. O, Çaldıran savaşında (1514) öldürülmüşdü. 1514-cü ildə Şiraz hakimi Xəlil sultan Zülqədər döyüş səhnəsini savaşmadan tərk etdiyinə görə h. 925 (1519)-ci ildə öldürüldü və yerinə hakim Əli sultan Zülqədər təyin edildi ki, o bu vəzifəyə gətirilənə qədər qorçubaşı idi.
Seyid Hüseyn bin Murtuza Astrabadı h. 937 (1531)-ci ildə Çuxa sultan Təkəlinin qorçubaşı Nəzər tərəfindən Qəzvində öldürüldüyünü yazmışdı. Ancaq Nəzərin hansı türk elindən olduğunu qeyd etmir. "Şah Təhmasibin təzkirəsi"ndə 1531-ci ildə İsfahan yaxınlığında Şahın qərargahında Ustaclı, Rumlu, Zülqədər, Əfşar əmirləri ilə Təkəli əmirləri arasında baş vermiş savaş haqqında verilən məlumatda Təkəli Pərvanə bəyin qorçubaşı olduğunu görürük. Bu hadisə zamanı Şah Təkəli əmirlərinin qətlinə hökm vermiş və qorçubaşı Pərvanə bəy də öldürülmüşdü.
I Sultan Süleyman Qanuninin 90 minlik ordusunun 1534-cü ildə İbrahim paşanın başçılığı ilə Səfəvi məmləkətinə birinci yürüşü baş verdikdə qorçubaşı Şamlı elindən Oğlan Xəlifə adı ilə məşhur olan Məhəmməd Xəlifə idi. Bu zaman qorçubaşı Məhəmməd Xəlifə Şamlının qorçu alayının Xorasanda olması və Osmanlı ordusu Azərbaycana daxil olduqda dərhal Şahla birgə Təbrizə dönməsi ölkəni içəridən-dışarıdan qoruyan qorçuların Şahın əsas hərbi dayağı olmasından, qorçubaşıya da hərbi-siyasi məsələlərdə etimad göstərməsindən irəli gəlirdi.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor