Azərbaycan Səfəvilər dövləti və saray təşkilatı Hadisə

Azərbaycan Səfəvilər dövləti və saray təşkilatı

2-ci yazı

"Təzkirət əl-müluk"da göstərilir ki, avarəcənəvis idarəsində zabitlərin, mühasibat müdirləri və digər vergi məmurlarının xərc sənədləri yoxlanılıb qeydiyyata alınırdı. Dövlət qulluqçularına verilən tiyul, həmesale icazənamələri ali divan vəziri və mustoufi əl-məmalik tərəfindən baxılıb imzalandıqdan sonra avaracənəvis onlara qeyd qoyub ünvanlarını yazırdı. Vilayət, mahal, şəhər hakimlərinə, onların maliyyə məmurlarına həmin məntəqədən ödəyəcəkləri vergilər barədə verilmiş fərmanları da avaracənəvis yoxlayıb "nəzərdən keçirirdi", dərkənarını qoyduqdan sonra qeydə alırdı. "Xolde bərin" də I Şah Təhmasib dövründə Hidayət bəy Şirazinin Azərbaycan və Şirvan üzrə avarəcənəvis vəzifəsində çalışdığı qeyd edilib. Şah dəftərxanasına dəftərdar adlı xüsusi məmur başçılıq edirdi. O, vəzir və mustoufilərin hökm və fərmanlarını, söhbət yasavullarına, eşikağasılara verilən soyurqallar haqqında sənədləri, maaflıq və məvacibləri yazırdı. Xassə idarəsinin keçmiş illərə dair dəftərləri onun dəftərxanasında qorunub saxlanılrıdı.
Mənbələrdə Şah dəftərxanasının darğalarının adlarına çox nadir hallarda təsadüf edilir. Bu məlumatlarda isə onların bir qayda olaraq türk əsilzadələrindən təyin olunduğunu görürük. I Şah Təhmasibin dövründə, yəni XVI əsrin 60-cı illərində Qızılbaş Məsum bəy Səfəvinin oğlu Bəşarət bəy Şah dəftərxanasının darğası olmuşdu. İsfahan Səfəvi dövlətinin paytaxtı olduqda (1598) Şahın iqamətgahı və mərkəzi bürokratik aparatda çalışan Qızılbaş-Türk aristokratiyası da bura köçürülmüş, nəticədə İraqi Əcəmdəki bu məntəqə böyük bir şəhərə çevrilmişdi. Əski çağlardan müxtəlif Türkman boylarının yaşadıqları İsfahan mahalına XVI yüzilin əvvəllərindən Təkəli əhalisi də köçürülmüş və onlara burada ulkalar da verilmişdi.
I Şah Abbas da bura Azərbaycanın müxtəlif bölgələrindən, xüsusən də Təbrizdən əhali köçürüb yerləşdirmişdi. Bu barədə həm yerli qaynaqlarda, həm də dövrün Avropa ədəbiyyatında məlumatlar var. İsgəndər bəy Münşi Türkman yazır ki, İsfahanın qərb tərəfində Abbasabad adlı qəsəbəni təbrizlilər salmışdılar. Yan Streys bu qəsəbənin Abbasabadla yanaşı, Təbrizabad da adlandığını və bu qəsəbəyə əhalinin Şah Abbasın Təbrizdən köçürüb yerləşdirdiyini yazır. İsfahan dövlətin mərkəzi olduqdan sonra bura xassə, yəni Şah və onun ailəsinin şəxsi mülkünə çevrilmişdi və "vəzir-e darüssəltəna-ye İsfahan" adlı vəzir tərəfindən idarə edilirdi.
"Təzkirət əl-müluk"da İsfahan vəzirinin hüquq və səlahiyyətləri haqqında geniş məlumat verilmişdir. Əsərdə göstərilir ki, İsfəhan vəziri dəyirmanlar, kəhrizlər, əkin sahələrindən ibarət olan tərpənməz əmlakın icarəyə verilməsinə və icarədarlardan, rəiyyətdən vergilərin alınmasına nəzarət etməli, vergi, icarə sənədlərini möhürləməli, mədaxili müəyyən edilən yerlərə sərf etməli, əkin yerlərini genişləndirməli, boş yerlər qalmasına imkan verməməli, onları dərhal icarəyə verməli, əkdirməli və lazım olduqda rəiyyətə borc toxum və sairə verməli idi. Sərkar xasse-ye şərifə (xassə idarəsi) onun nəzarəti altında fəaliyyət göstərirdi. Vergilərin toplanması üzrə məsul məmur olan xassə mustoufisi büyutat sahibcəmlərinin bütün maliyyə sənədlərini hazırlayır, vəzir isə imzalayırdı. Xassə əmlakından vergi toplandıqda bu verginin miqdarı barədə ali divan vəzirinə hesabat verilməli və vergilər xüsusi maliyyə məmurlarının iştirakı ilə toplanmalı, İsfahan vəziri onun qorunub saxlanmasına, təyinatı üzrə sərf edilməsinə nəzarət etməli idi. Belə ki, məhsulu təhvildar qəbul edib, anbarlara vurduqdan sonra həvalə sahiblərinin tənxahı oradan ödənilirdi.
İsfahan şəhəri və mahalı üzrə bütün xassə əmlakına rəhbərlik vəzirin vəzifə borcu olub, o, kəhrizləri təmir etdirməli, karvansara, dükanlara və ümumiyyətlə, İsfahan kələntərinin işinə də bilavasitə nəzarət edirdi. Hər ilin axırında İsfahan vəziri haqq-hesab vəsiqələrini təsdiq üçün ali divan vəzirinə verirdi. Qərar üzrə mustoufi onun hesabatına baxıb yoxlayır, artıq-əskiyini müəyyən edir, onun icra etdiyi işlər barəsindəki balans sənədinə ali divan vəziri qol çəkdikdən sonra onu mustoufi əl-məmalikə təqdim edirdi.
"Təzkirət əl-müluk"da İsfahanın vəziri ilə yanaşı, ayrıca mustoufisinin də olduğu göstərilib. Qaynaqda qeyd edilir ki, İsfahan darossəltənə vəziri Şahın əmlakının maliyyə işlərinə başçılıq edərək onun əkin sahələrinin becərilməsinin qayğısına qalmalı, əkin sahələrini əlverişli şərtlərlə icarəyə verməli, onun başçılığı altında vergiləri İsfahan mustoufisi yığmalı idi. İsfahan mahalının maliyyə məsələləri üzrə sənədlərini vəzir tərtib edərək hazırladıqdan sonra onları mustoufi də təsdiq edib saxlamalı idi. İsfahan bölgəsinin rəiyyətlərindən taxıl vergilərini yerölçənlər, mirzələr təhvildarlar toplayıb xüsusi anbarlara yığmalı idilər. Hər ilin sonunda İsfahan vəziri haqq-hesab sənədlərini mustoufi yoxlayıb möhürlədikdən sonra təsdiq üçün baş vəzirə təqdim edirdi.
Baş vəzir gəlir və çıxara aid bu sənədləri yoxladıqdan sonra onları təsdiq edirdi. Baş vəzirin araşdırma və imzasından sonra illik maliyyə sənədləri yenidən mustoufiyə qaytarılırdı. Baş vəzirin gözdən keçirmədiyi maliyyə sənədləri etibarsız olub dəftərə daxil edilmirdi. Onu da qeyd etmək lazımdır ki, İsfahan mustoufisi baş vəzir tərəfindən təsdiq edilən hesab sənədləri üzrə İsfahan vəzirinin ixtiyarında olan mahalın məhsul və pullarının mədaxil və məxaric sənədlərini tərtib edib xassə idarəsinə də təqdim etməli idi. Bu sənədləri xassə mustoufisi yoxlayıb qəbul edirdi.
"Divani xassə" adlanan idarə mustoufi-ye xassənin başçılığı altında Şah və onun ailəsinə məxsus mülkiyyətin maliyyə işlərini idarə edirdi. Sarayın gəlir və xərcləri xassə dəftərxanasında qeydiyyata alınırdı. Xassə dəftərxanası, mustoufi əl-məmalikin nəzarəti altındakı dövlət dəftərxanası ilə əlaqəli idi. Bu dəftərxanalara rəhbərlik edən hər iki mustoufi rütbə və dərəcələrinə görə bərabər olsalar da, mustoufi-ye xassə mustoufi əl-məmalikdən sonra ikinci yerdə dururdu. "Təzkirət əl-müluk"da xassə mustoufisinin hüquq və vəzifələri barədə ətraflı məlumat verilir. Mənbədə qeyd edilir ki, tərpənməz xassə əmlakının məhsul və mədaxilini həvalə etmək və buraxmaq, rəiyyətin və digər divan vergisi ödəyənlərin mühasibat məsələlərini yoxlayaraq müəyyənləşdirmək, vəqflərdən ödəncləri aydınlaşdırmaq, intiqali idarə vəzirinin saxladığı pulları ödəyənlərin hesabatına baxaraq, yoxlamaq onun vəzifəsidir. Onun xəbəri olmadan vergilər alınıb, verilmir. Amillər və müvafiq qulluqçuların adi qayda-qanun üzrə hər il noyabr ayında qiymətləri təyin etməsindən sonra, bütün rəiyyətlərin və ödəyicilərin hesabları dəftərdə çürüdüb, mustoufinin möhürü ilə haqq-hesab çürütmə sənədini ödəyicilərə verirlər. O, hər idarənin gəlirinin cəm və xərc sənədini ali divan vəzirinin qeydindən keçmiş sənədlər üzrə yazıb sərkare xassəyə təqdim edir. Mustoufi-ye xassənin dəftərxane-ye xasse-ye tozi dəftərxanasındakı təməl dəftərlərində, sənədlərdə şahın mülklərindən əldə edilən gəlirlərin siyahısı hazırlanır və bu siyahılarda xassə əmlakına daxil olmayan tiyulların ödədikləri bir miqdar vergi, onların gələcəkdə verəcəkləri, ödəyəcəkləri vergilər də qeyd olunurdu.
Bundan başqa tozi dəftərxanasında tələbkarlara həvalə veriləcək yerlərin adları da hazırlanır. Onlar diqqət və səliqə ilə bənd-bənd dəftərə daxil edilirdi ki, bu da nəticədə tozi dəftərxana rəisinə həvalələri çoxlu ünvana düzgün göndərməyə imkan verirdi. Həmin həvalələr imzalanmaq üçün mustoufi əl-məmalikə çatdırıldıqdan sonra qanuni qüvvəyə minirdi. Həvalələrə baş vəzir, hətta Şah özü də möhür vuraraq təsdiq edirdi. Xassə dəftərxanasının yekun dəftərlərində xassə əmlakının bütün mədaxil və məxarici qeyd olunurdu.
Qaynaqlarda dövlətin idarə quruluşunun əsasını təşkil edən orqanlarla yanaşı, saray təşkilatı və bu təşkilatda fəaliyyət göstərən məmurlar və onların səlahiyyət bölogüsü də öz əksini tapıb. Saray təşkilatının ən nüfuzlu məmurlarından əmiraxurbaşı şahın, yəni xasse-ye şərifənin ilxı tövlələrinin başçısı olub, burda atlara baxan qulluqçular da ona tabe idilər. Əmiraxurbaşı (miraxurbaşı) yarımköçəri əhalinin otlaqlardan istfiadə müqabilində ödədikləri çobanbəyi hesabına məvacib alırdı. Əmiraxurbaşı da bir qayda olaraq türk əyanlarından olurdu. Mənbələrdə I Şah Təhmasibin hakimiyyətin son illərində Məhəmməd bəy, Sultan Məhəmməd və I Şah Abbas dövründə Şamlı Fulad bəy, oğlu Əbülfət bəy, Mehdiqulu bəy Cığatayın, II Şah Abbas dövründə Nəcəfqulu bəy və qardaşı Həsənəli bəyin əmiraxurbaşı olduğunu görürük.
"Təzkirət əlmüluk"da göstərilir ki, sərkare xasse-ye şərifə tövlələrindəki atları baxışa, yaxud minik üçün cilov əmiraxurbaşı hazır edir və tövlələrdə intizam yaradır, mehtər və başqa xidmətçiləri işə o götürürdü. Cilovdarların, xidmətçilərin, xacələrin, qulamların və xassə ilxıları ilə bağlı digər qulluqçuların mülazimlik təliqələrini cilov əmiraxurbaşı yazır, bu qulluqçuların rütbə siyahısı və hökmlərini büyutat naziri nəzərdən keçirdikdən sonra onları alicah əmiraxurbaşı təsdiq edirdi. Tavernye də əmiraxurbaşının Şah tövlələrinə başçılıq etdiyini qeyd edir. O yazır ki, əmiraxurbaşının nəzarəti altında Şahın bütün atlarının sol budlarına, digər şəxslərin isə atlarının sağ budlarına damğa vurulurdu. Şah tərəfindən süvarilərə verilən atlarda həmin nişan olur və süvari həmin atları sata bilməzdi. Ancaq ona atını sol budunda nişan olan başqa atla dəyişdirməyə icazə verilirdi. Bir süvarinin atı öldükdə o, atın damğalı hissəsini soyub naibə göstərir və əvəzində başqa at alırdı. Ölmüş atın dağ vurulmuş hissəsini göstərməyən süvari atı öz hesabına almalı idi. Atın qocalıqdan, xəstəlikdən öldüyü, yaxud qəsdən öldürüldüyünü soyulmuş dərisini suda isladaraq müəyyən edirdilər. Saray təşkilatındakı miraxurbaşı bütün şikar, ov alət və vəsaitlərinə baxır, həm də quşçubaşı vəzifəsini icra edirdi. Ov itlərinə baxan səkbanbaşı da ona tabe idi. Ümumiyyətlə, onun rəhbərliyi altında çalışan xidmətçilərin sayı min nəfərdən çox idi.
"Təzkirət əl-müluk"da cilov əmiraxurbaşı ilə bağlı məlumatlardan aydın olur ki, o, yalnız tövlə şəraitində saxlanan atlara baxır və tövlə ilə bağlı xidmətçilərə rəhbərlik edirdi. Mənbədə göstərilir ki, səhra əmiraxurbaşı deyilən digər məmur tövlələrdən kənarda, yəni çöllərdə saxlanılan Şah ilxılarına baxırdı. O naziri dəvvab (mal-qara nəzarətçisi) adlanan məmurla həmkar idi. Naziri dəvvab ölkənin müxtəlif yerlərində saxlanılan dəvələrin, qatırların öyrədilməsinə baxır, sarayı lazım olanda yük heyvanları ilə təmin edirdi. O, səhra əmiraxurbaşı ilə birlikdə ilxının törəyib artmasına da nəzarət edirdi. Engelbert Kempfer yazır ki, yarımköçəri Turkman əhalisi də hər il əvariz olaraq, yəni əlavə rüsum kimi dövlətə at verirdilər. Şahın ilxılarına baxan mehtərlər və başqa xidmətçilər səhra əmiraxurbaşına tabe idilər.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor