Yaşı 80-ni ötsə də... Hadisə

Yaşı 80-ni ötsə də...

Heydər Əliyev- 102
Mayın 10-nu unudulmaz şəxsiyyət, dahi siyasətçi, uzun illər Azərbaycana rəhbərlik edən, ulu öndər Heydər Əliyevin 102 illiyidir. Bu ərəfədə sizə Heydər Əliyev ideyalarına bu gün də sadiq qalan, onun siyasətini xalq arasında dəstəkləyən insanlar haqqında məlumat vermək istəyirəm. Bu dəfə sizə onlardan biri barədə danışmağa səy göstərəcəm...
O, 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunun Xallanlı kəndində anadan olub. 1963-cü ildə indiki Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri doktorudur. Bakı Dövlət Universitetində müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışıb. Hazırda BDU-nun professoru və 1990-cı ildə yaratdığı "Amorf təbəqələr" elmi-tədqiqat laboratoriyasının elmi rəhbəridir. Altı çağırış Milli Məclisin deputatı olub. Bir neçə kitabın müəllifidir. Xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. "Əməkdar elm xadimi"dir, sinəsini "Şöhrət" ordeni bəzəyir...
Deyir ki:- “Kütlə yaradıcı deyil, kütlə birbaşa dəyər yaratmır, kütlə ancaq mühit yaradır. Dəyəri xalqın yaradıcı nümayəndələri- şəxsiyyətlər, fərdlər yaradırlar. Kütlə torpaq kimidir. Torpağa gül-çiçək əkərsən bitirər, əkməzsən bitirməz. Kütləyə ideya verərərsən, onu göyərdə bilər. Kütlə şeir yaza bilməz, musiqi bəstələyə bilməz, rəsm çəkə bilməz, heykəl düzəldə bilməz. Bunu ancaq şəxslər edə bilər. Yaxın tariximizə qayıdaq. Yaxşı xatırlayırıq, 1987- 1991-ci illərdə SSRİ miqyasında güclü anti-Əliyev kampaniyası aparılırdı, böyük şəxsiyyətin adını kütlənin yaddaşından silmək istəyirdilər. Təbii ki, bu da böyük şəxsiyyətə qarşı olan anti-azərbaycanların mövqeyi idi. Ancaq "91-lər", əgər belə demək olarsa, buna imkan vermədilər. Əksinə, xalqın yadına saldılar ki, sənin problemlərini həll edə biləcək böyük şəxsiyyət- Heydər Əlirza oğlu Əliyev Naxçıvanda yaşayır. Amma Heydər Əliyevin Bakıya gəlməsini nə Bakı, nə də Moskva istəyirdi. Təsdiq edirəm, müstəqil Azərbaycan dövləti qurmaq ideyasının müəllifi Məhəmməd Əmin Rəsulzadədir. Ancaq onun qurduğu dövlət cəmi 23 ay ömür sürdü. Onun yerinə sosialist əsaslı başqa bir dövlət yaradıldı və bu dövlət 70 il yaşadı. Bu gün yaşadığımız dövlətin isə həm banisi və həm də qurucusu Heydər Əlirza oglu Əliyevdir. Bunu bütün dünya bilir. Heydər Əliyevin bu xidmətinə Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri Bülənt Ecevitin verdiyi qiymət çox doğrudur: “Heydər Əlirza oğlu min ildə bir doğulan dahilərdəndir. O, Azərbaycanın Mustafa Kamal Atatürkdür...""
Obyektiv adamdır. Rasionallıq, intellektuallıq, ünsiyyətcillik onun əsas xüsusiyyətləri içində önəmli yer tutur. Çox geniş maraq dünyası var. Bir mövzuya maraq göstərdisə bütün diqqətini ona yönəldir və dərindən öyrənir. İnsanlarla ünsiyyətdə olmağı və məlumat mübadiləsi aparmağı xoşlayır. Bununla o, adamları asanlıqla tanımağı bacarır. Sosial çevrəsi xeyli genişdir, onun üçün dialoq və müzakirə çox vacibdir, çünki bu onun düşüncə tərzinin genişlənməsinə, eləcə də dərinləşməsinə səbəb olur...
“O vaxt məşhur "91-lər"in hər birinin arxasında xalq dururdu. Ziya Bünyadovun, Xəlil Rza Ulutürkün, Sirus Təbrizlinin, Zeynəb Xanlarovanın, Fərəməz Maqsudovun və digər alim, ziyalıların arxasında 100 minlərlə insan var idi. Üstəlik, xalq tərəfindən seçilmiş prezident Əbülfəz Elçibəy də Heydər Əliyevin arxasınca təyyarə göndərdi və Bakıya dəvət etdi. Deməli, "91-lər"in istəyini təkrar etdi. Elçibəy "91-lər"dən biri olmasa da, fəqət Heydər Əliyevi Bakıya dəvət edən 92-ci ziyalı oldu. Əlbəttə, tarixi addım atdı. Azərbaycanın müstəqiliyini vəzifə kürsüsündən üstün tutdu. Elçibəy başa düşdü ki, ölkəni bu bataqlıqdan çıxarmaq üçün ölkədə lokal lider olmaq kifayət deyil, müstəqilliyi qorumaq üçün ölkəyə qlobal düşüncəli lider lazımdır...”- söyləyir.
İti zəkaya, dərin düşüncə tərzinə, yüksək intellektual qabiliyyətlərə malikdir. O, sürətli analiz etməyi bacaran və tez qərar verən insandır. Dərindən düşünmə bacarığı, dərrakəsi onun həyatda uğur qazanmasına həmişə səbəb olub, problemlərini kreativ və gözlənilməz yollarla həll etməyə kömək edib...
Deyir ki:- “Heydər Əliyev elə bir şəxsiyyət və lider olub ki, onun irsinin öyrənilməsi və təbliği ümumdövlət, ümumxalq işidir. Bəli, onun yaratdığı irs tükənməzdir və iki hissədən ibarətdir: maddi və mənəvi irs. Ulu Öndərin irsini bir üzüyə bənzətsək, maddi irs uzüyün həlqəsi, mənəvi irs isə üzüyün qaşıdır. Təəssüf ki, uzük tərıflənir, onun qiymətli hissəsi olan qaş yaddan çıxarılıb. Ancaq bilmək lazımdir. Zaman maddi irs aşılaya bilir, ancaq mənəvi irsi aşılaya bilmir. Biz gənclər arasında Ulu Öndərin mənəvi irsini yaymalıyıq. Bunun üçün “Heydər Əliyev İnstitutu”-na ehtiyac böyükdür. O ki qaldı Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevə, o, çox çətin və tarixi bir problemimizi həll etdi. Möcüzə yaratdı. Qarabağ azaddır, Şuşa azaddır, Xan kəndində Azərbaycan bayrağı dalğalanır. Füzülidən təyyarələr həm Qərbə, həm də Şərqə uçur. Ona Allahdan kömək arzulayıram. Son olaraq qeyd edirəm ki: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsilmazdır”. Yaşasın Müstəqil Azərbaycan!”
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı professor Şahlar Əsgərov idi. Yaşı 80-ni ötsə də hələ də Heydər Əliyev ideyalarına sədaqətlə yaşayır...
Elman Eldaroğlu