

AMEA-da açıq məkanlardakı reklamların və media subyektlərinin monitorinqinin nəticələri müzakirə olunub
Xəbər verildiyi kimi, Mirzə Ələkbər Sabir Fondu 2025-ci il mayın 1-dən başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsini icra edir. Layihənin əsas tərəfdaşlarından bir kimi Nəsimi adına Dilçilik İnstitutu çıxış etmişdir. Lahiyə çərçivəsində 01–30 may tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq və linqvistik təhlil şöbəsinin əməkdaşları tərəfindən Bakıda açıq məkan reklamlarının və media subyektlərinin (AZTV, “Səs” qəzeti və Aznews.az saytı) monitorinqi aparılıb. İyunun 12-də AMEA-da monitorinq nəticələrinin müzakirə olunması məqsədilə dəyirmi masa keçirilib. Tədbirdə AMEA Dilçilik İnstitutunun, Azərbaycan Mətbuat Şurasının əməkdaşları, eləcə də media və QHT nümayəndələri iştirak ediblər.
Tədbiri AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli açaraq dilin saflığının qorunması baxımından aparılan monitorinqlərin əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, media və reklam sahələrində dil normalarının tətbiqinə nəzarətin gücləndirilməsi vacib məsələdir. Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Sevinc Əliyeva çıxış edərək bu sahələrdəki qüsurların cəmiyyətin ümumi dil mühitinə mənfi təsir göstərdiyini qeyd edib: “Media və reklam mətnlərində dil normalarının pozulması cəmiyyətə mənfi təsir edir. Dil normalarına uyğun olmayan yanlış ifadələrin geniş yayılması nəticəsində ədəbi dilin düzgün tətbiqi məsələsi arxa plana keçir, bu isə dilin təmizliyinə və inkişafına ciddi maneə yaradır”. Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Əmirova media və açıq məkan reklamları ilə bağlı aparılan monitorinqin nəticələri haqqında geniş məlumat verdi.
Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə təmsil etdiyi qurumun bu istiqamətdə fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, media və reklam sahəsində çalışan şəxslərin üzərinə böyük məsuliyyət düşür: “Onlar geniş auditoriyaya xitab etdikləri üçün dil normalarının tələblərini gözləməli və cəmiyyətdə dil zövqünün formalaşdırılmasına yardımçı olmalıdırlar”, ‒ deyə Fəridə Ağazadə əlavə edib.
Layihə üzrə ekspert, araşdırmaçı-jurnalist Fuad Hüseynzadə dəyirmi masanın reklam istehsalçıları və media subyektlərinə çağırış xarakterli olduğunu bildirib: “Cəmiyyət, xüsusilə gənclər media və reklamlardakı qüsurları norma kimi qəbul edirlər. Reklam və mediada xarici dillərin təsiri ilə yaranan qarışıq ifadələr ana dilinə qarşı marağın azalmasına gətirib çıxarır. Buna görə də dil normalarına nəzarət edən qurumların aktiv fəaliyyəti mühüm əhəmiyyətə malikdir”.
Digər çıxışçılar bu sahədəki problemlərin aradan qaldırılması məqsədilə ictimai nəzarətin gücləndirilməsinin önəmini vurğulayıblar.