Məktəblilər arasında oftalmoloji problemlər çoxalıb Hadisə

Məktəblilər arasında oftalmoloji problemlər çoxalıb

Uşaqların arasında müasir texnoloji vasitələrdən hədsiz istifadəsi görmə zəifliyinə səbəb olur
Son illər məktəblilər arasında oftalmoloji problemlər çoxalıb, onların əksəriyyəti görmə zəifliyindən şikayət edirlər. Tibbi müayinələr zamanı demək olar ki, hər iki məktəblidən birində miopatiya, astiqmatizm və digər göz patologiyaları olduğu meydana çıxır. Bunun başlıca səbəbi şagirdlərin bir tərəfdən dərs və ev tapşırıqları ilə yüklənmələrdən, digər bir səbəbi televizor, kompüter və planşetə çox baxmaq, mobil telefonlarla çox vaxt keçirməkdən qaynaqlanır. Bakı şəhər 3 nömrəli poliklinikada paytaxtın baş oftalmoloqu Sevda Bəşirova jurnalistlər üçün keçirdiyi mətbuat konfransını bu sözlərlə başlayıb. Onun dediyinə görə, uşaqlar kitaba 25 santimetrdən az məsafədən baxırsa, televizora yaxından seyr edirsə, məktəbdə yazı lövhəsini yaxşı görmürsə, başağrısı və yorğunluqdan şikayətlənirsə bunlar artıq göz zəifliyinin əlamətləri sayılır.
Həkim-oftalmoloq deyib: "Hər 40-45 dəqiqədən bir gözlərə istirahət verilməlidir. Dərs oxuyarkən göz əzələsi gərgin vəziyyətdə olur və həmin vəziyyətdə çox qalmaq ziyanlı hesab edilir, çox vaxt da zəif görməyə aparıb çıxarır. Tənəffüs vaxtı uşaqlar vaxtını bayırda, təbiət qoynunda keçirməlidirlər, təəssüf ki, müasir dövrdə dərsin başa çatdığını bildirən zəng vurulan kimi onların çoxu gözünü telefon və planşetin ekranına zilləyir. Yazarkən və oxuyarkən kitab-dəftər gözdən 30-40 santimetr aralı tutulmalıdır. Uzanaraq, yemək yeyə-yeyə, nəqliyyatda yol gedə-gedə oxumaq yolverilməz sayılır. Partada və stulda oturub oxuyarkən qamət düz saxlanılmalı, baş sağa və sola əyilməməlidr. Məktəblinin dərsə hazırlaşdığı otaqda işıqlandırma normal olmalı və işıq seli soldan düşməlidir".
Paytaxtın baş oftalmoloqu qidalanma məsələsinə də toxunub: "Valideynlər uşaqların marketdən şirniyyat alıb yeməsinə də nəzarət etməlidir. Çünki mağazada satılan şirniyyat və cipslərə dad vermək üçün onun tərkibinə qatılan qlütamat-natri gözün torlu qişasını zədələyir. Yaxşı olar ki, 7-16 yaşlı uşaqların qidasında həftədə iki dəfə balıq və mal əti, mal dili olsun, həmçinin qidada süd və süd məhsulları, tərəvəzlərdən kök, kələm, göy-göyərti, kalsium vitamini ilə zəngin nemətlər çoxluq təşkil etməlidir.
Mətbuat konfransında qeyd olunub ki, uşaqlarda göz əzələsi 7 yaşa qədər formalaşır. Həmin yaşa qədər uşaqları dərslə çox yükləmək düzgün deyil. Hətta aparılan müayinələr göstərir ki, bəzən 6 yaşlı sağlam uşağın gözünü bir ildən sonra müayinə edəndə onun görmə qabiliyyətinin xeyli zəiflədiyi müşahidə olunur. Gözündə problem olan uşağın 7 yaşından məktəbə getməsi məsləhətdir, əks halda yüklənmə zəif görməyə gətirib çıxarır. Valideynlər uşaqların gözlə əlaqədar şikayətləri olan kimi onu dərhal müalicə müəssisəsinə aparıb həkim müayinəsindən keçirməli, hansısa göz patologiyası aşkar ediləndə yubanmadan erkən vaxtlardan onun müalicəsinə başlanılmalıdır ki, sonra daha böyük fəsadlara aparıb çıxarmamış qarşısı alınsın. Həkim uşaqların ildə ən azı bir dəfə oftalmoloqun müayinəsindən keçməyinin vacib olduğunu da vurğulayıb.