10:34
679
30 yanvar tarixində Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət proqramı qəbul edilib. Ötən bir il ərzində bu proqramın reallaşdırılması ilə bağlı kifayət qədər geniş işlər görülüb.
“APA-Economics” xəbər verir ki, bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
O qeyd edib ki, dövlət proqramı çox geniş sahələri əhatə edirdi:
“Bütün nəqliyyat növlərini, ilk növbədə avtomobil yollarının genişləndirilməsi, burada 25 yol nəqliyyat infrastrukturunun, avtomobil yollarının qurulmasından söhbət gedirdi. Bu 25 yoldan dördü üzrə hazırda işlər, tikinti işləri bilavasitə aparılır. Yaxın vaxtlarda digər 4 layihə üzrə də işlərin başlanılması nəzərdə tutulur və ümumilikdə yaxın 6-7 ay ərzində bütün yolların layihələndirilməsi işlərinin də tamamlanması gözlənilir. Biz burada yolların ilk növbədə konseptual planı, onların baş planla uyğunlaşdırılması, digər yollarla əlaqələndirilməsi, eyni zamanda da yol oxunun təyin edilməsi, yəni torpaq infrastrukturunun ayrılması, digər kommunikasiya xəttlərinin uyğunlaşdırılması və bu prosesdə bütün aidiyyatı dövlət qurumları, ilk növbədə Dövlət Şəhərsalma Arxitektura Komitəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, eləcə də bizdə Nəqliyyat Əlaqələndirmə Şurasında təmsil olunan Daxili İşlər Nazirliyi, Ekologiya Nazirliyi, bütün aidiyyatı qurumlarla ekspertlər səviyyəsində bu aylarla işlər aparılır və daha sonra bu layihələr bilavasitə layihələr hazırlanaraq, maliyyə vəsaitləri ayrılaraq işlərin icrasına başlanılır. Bu layihələr arasında çox böyük əhəmiyyətə malik olan əsas infrastruktur layihələrindən biri olan dairəvi yollardan söhbət gedir. Birinci növbədə Bilgəh-Novxanı və Sumqayıt yoluna birləşəcək ərazidə olan yolun inşası davam edir. Həmin nöqtədən Şamaxı yolunu birləşdirəcək xətlərin üzərində yolun inşası davam edir. Eləcə də Koroğlu metro stansiyası ilə Həsən Əliyev küçəsini birləşdirəcək keçiddən keçən yolun inşası da sürətli şəkildə davam edir. Bu yaxınlarda növbəti yol layihəsi Xəqani Rüstəmbovla Ağamətulla küçəsini birləşdirəcək, yəni Ağ Şəhərdən faktiki şimal istiqamətində yeni bir çıxışı təşkil edəcək yolun da inşasına başlanılıb”.