“Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinə start verilib Hadisə

“Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinə start verilib

Bakı Dövlət Universitetində (BDU) Jurnalistika fakültəsinin "Beynəlxalq Jurnalistika Məktəbi" layihəsinin açılış mərasimi keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, öncə Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev çıxış edərək layihənin seçim mərhələsinə 100-dən çox tələbənin müraciət etdiyini, onlardan 30 nəfərinin iştirak hüququ qazandıqlarını bildirib. Layihənin rəhbərlərindən biri olduğunu vurğulayan dekan 10 həftəlik təlimlərdə iştirak edəcək bütün tələbələr uğurlar arzulayıb.
Daha sonra layihənin digər rəhbərləri - Beynəlxalq Jurnalistika kafedrasının dosentləri Pərvanə İbrahimova və Vəfa İsgəndərova gələcək təlimlər barədə danışıblar. Məlum olub ki, "Beynəlxalq Jurnalistika Məktəbi" layihəsində beynəlxalq jurnalistika anlayışının mahiyyəti, xarici media sistemləri, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi, informasiya müharibəsi və başqa mövzular üzrə yerli və xarici mütəxəssislər tərəfindən təlimlər keçiriləcək, praktik məşğələlər aparılacaq.
Layihənin ilk təlimçisi, Jurnalistika sahəsində 30 illik təcrübəyə malik Böyük britaniyalı Dan Mason olub. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "İdman Jurnalistikası" magistr proqramının direktoru olan Dan Mason onlayn, mobil, sosial media və multimedia kimi sahələrlə bağlı fikirlərini və təcrübəsini bölüşüb. O, tələbələrin praktik bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verib.
Qeyd edək ki, layihənin koordinatorları Beynəlxalq Jurnalistika kafedrasının doktorantı Nərminə Əsədova və magistrantı Nurlan Salamovdur. Layihəyə adıçəkilən kafedra və fakültənin Tədris-teleradio studiyasının təşkilati dəstəyi ilə baş tutub.