Ziyanlı insanlar Hadisə

Ziyanlı insanlar

Arzu Şirinova

Bəzi saytlardan xəcalət verən informasiya oxudum. Məlumata görə, Milli Məclisin iqtisadiyyat komitəsinin sədri, akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi "İqtisadiyyat" qəzetində institutun iki əməkdaşının həmmüəllifliyi ilə dərc edilən məqalə Moskvada nəşr olunan elmi jurnalların birindən köçürülüb. Verilən məlumatda bildirilir ki, hadisədən sonra hər iki əməkdaş cəzalandırılıb. Plagiat məqalənin müəlliflərindən birinə töhmət verilib, oğurluğun təşəbbüskarı kimi çıxış edən professor Ağadadaş Qafarov isə işdən qovulub. Əgər belədirsə, bu, həm oğurluq, həm də mədəniyyətsizlikdir...
Bu mədəniyyət məsələsiylə bağlı Azərbaycan ziyalılarının bəziləri dilə gəliblər. Onların sosial şəbəkələrdə yazdıqları statuslara və şərhlərə görə, ölkədə tək siyasi mədəniyyət yox, ümumən mədəni səviyyə aşağı düşüb. Bunun bir çox səbəbləri var. Onlardan da birinin kitab mağazalarının təyinatının dəyişdirilməsidir. Verilən məlumata görə, 3 milyona yaxın Bakı şəhərində cəmi 7 kitab mağazası var. Bir ölkənin ki, paytaxtında 7 kitab mağazası ola, insanı düşündürməyə bilməz. Televizyaların əksəriyyətində elmi-maarifləndirici verilişlər yox səviyyəsindədir. Ucuz şoular, səviyyəsiz verilişlər, bəzi əxlaqsız artistlərin gecə-gündüz televiziyalarda ictimai əxlaqı pozması, meydan sulaması, gənclərə pis nümunə olması ölkədə ümumi siyasi mədəniyyəti, mədəni səviyyəni aşağı salır. Bu tənəzzül sonra böhrana gətirib çıxara bilər. Böhran isə bu cəmiyyətin sonda dağılması deməkdir...
Yaxşı olar ki, Azərbaycan ziyalıları həm də bir-biri ilə çəkişmələrə, başqalarının zehninin məhsullarını oğurlamağa son verib bu məsələyə münasibətlərini bildirsinlər. Məsələ burasındadır ki, aydınlarımız kənara çəkildikləri, hər hansı orden, medala görə haqqı-ədaləti dandıqlarına görə bu dolabı psevdointellektuallar, psevdoziyalılar, oğurluqluqla elmi ad alanlar tutur. Onlar da ziyalı olmaqdan daha çox ziyanlı insanlardırlar. Azərbaycan zəngin mədəni irsə, mənəviyyata malik bir məmləkətdir. Ancaq nə qədər prodoksal görünsə də, ölkənin zəngin mədəni irsinin mövcudluğu hələ əhalinin də mədəni olması demək deyil. Çox böyük mədəni irsimizin varlığına baxmayaraq, gəlin razılaşaq ki, mədəniyyəti aşağı olan bir cəmiyyətdə yaşayırıq. Bu da mədəniyyətə baxışın ilk növbədə səhvliyindən irəli gəlir. Biz indiyə qədər mədəniyyət deyəndə çalıb-oynamaq, kino, teatr, rəssamlıq, heykəltaraşlıq və s. nəzərdə tutmuşuq. Və yadımızdan çıxarmışıq ki, hər şeyin mədəniyyəti var. Siyasi, səhiyyə, ekoloji və s. sahələrdə mədəniyyət hakim olmalıdır. Hakim olmayanda, şou-biznes irəli çıxır. Bu da milli-mənəvi, əxlaqi dəyərlərin aşınmasına xidmət göstərir. Bu gün televiyazaları açarkən "şou-biznes xadimləri" bir-birinin alt paltarını, kimin kimdən uşağının olduğunu, yaxud kimdən olduğunun bilinmədiyini müzakirə edir. Əttökən söhbətlər ortaya çıxır. Gəlin etiraf edək ki, mətbuatımız da buna kifayət qədər, hətta həddən artıq yer ayırırlar. Bəzən olur ki, Aygünün, Röyanın və s. kimlərlə küsülü olduğu və ya kimlərlə oturub-durduqları haqqında dönə-dönə informasiyalar verilir. Bəzi saytların bu sayaq informasiyalara görə oxunma sayları da artır və elə zənn edirlər ki, onlardan populyar olanı yoxdur.
Bu yerdə bir haşiyə çıxım. Qələminə hörmət etdiyim mədəniyyət yazarını aparıcı qəzetlərdən biri işə dəvət eləyir və yaxşı da qanorar vədi verir. Ancq tələbi belə olur:"Mənə qalmaqallı xəbərlər gətir ki, qəzetin tirajına təsir göstərsin". Yəni baş redaktor yuxarıda sadaladığım səviyyədə yazılar istəyib. Təbii ki, həmkarım da razılaşmayıb.
Bu onu göstərir ki, Azərbaycanın xaricində olan hansısa qüvvələr zəngin mədəni irsə malik ölkənin mədəniyyətini, mənəviyyatını, dilini, dinini aşınmaya məruz qoymaq siyasəti yürüdür. Çünki mədəniyyəti olmayan, mənəviyyatı aşınmaya məruz qalan bir milləti idarə etmək asandır. İkincisi, həmin millətin sərvətlərini mənimsəmək, talamaq daha asan olur. Dünənə qədər gizlədilsə də, bu gün açıq-aydın görünür ki, həqiqətən bu dəhşətli proses idarə olunur.
Əvvəli olmayan yolun sonu da yoxdur. Çox zaman deyirlər ki, Azərbaycan hara gedir? Əslində sualı belə qoymaq lazımdır ki, Azərbaycan hara düşəcək? Bu yolun sonu qaranlıqdır, işıq görünmür. Biz bu gün öz milli dəyələrimizi qorumasaq, qızıl teşt fenomeni ilə üzləşəcəyik. Ola bilsin ki, bəzi iqtisadi naliyyətlər olacaq, amma "neynirəm qızıl teşti..." fenomeni üzə çıxacaq. Əgər insanın ləyaqəti yoxdursa, onurğası sınmış kimidir. Ola bilər ki, ayaq üstə gəzir, amma insan deyil. Bu, millətlərə, etnoslara da aiddir. Bəlkə fikirləşək?
R.S. Sosial şəbəkədə biri müxtəlif pozalarda şəkilini qoyur, az qala onu 100 nəfər bəyənir, hətta paylaşırlar. Ancaq ağıllı bir sözə, millətin probleminə göz yumurlar.