Daha bir müsabiqənin nəticələri açıqlandı Hadisə

Daha bir müsabiqənin nəticələri açıqlandı

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikası Vergilər Nazirliyinin "Vergilər" qəzetinin birgə təşkil etdiyi "Heydər Əliyev və Azərbaycanda vergi siyasəti" mövzusundakı fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun müxtəlif dövlət orqanları ilə birgə jurnalistlər arasında müsabiqələr təşkil etdiyini vurğulayıb. Belə müsabiqələrin artıq xoş ənənəyə çevrildiyini deyən Əflatun Amaşov görülən tədbirlərin jurnalist peşəkarlığının artırılmasına, media ilə dövlət təşkilatları arasında səmərəli əməkdaşlığın dərinləşdirilməsinə, həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək olduğunu önə çəkib. "Mətbuat Şurası artıq ikinci ildir ki, Vergilər Nazirliyinin "Vergilər" qəzeti ilə birgə müsabiqə təşkil edir. Hesab edirəm ki, bu ənənənin də davamı olacaq. Belə düşünməyim üçün əsaslar var. Çünki müsabiqəyə jurnalist marağı həddən artıq böyük olub. Qısa müddət ərzində 64 yazı təqdim edilib".
"Vergilər" qəzetinin baş redaktoru Anar Əliyev çıxışında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş müsabiqəyə təqdim edilmiş yazılar üçün xarakterik sayılan cəhətlərdən söz açıb. O, materialların ümumən peşəkar hazırlandığını diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun təşkil etdiyi yazı müsabiqələri üçün xarakterik xüsusiyyətlərdən söz açıb. O bildirib ki, ümumən peşəkarlığın artırılmasına yönələn bu tədbirlərin eyni zamanda jurnalistlərin maddi durumlarının yaxşılaşdırılmasına dəstək baxımından da önəmi böyükdür. Vüqar Səfərli çıxışında həmçinin KİVDF-nin hər il jurnalistlər arasında müxtəlif istiqamətlər üzrə 10-dək müsabiqə təşkil etdiyini diqqətə çatdırıb.
Müsabiqədə istiqamətlər üzrə birinci yerə layiq görülənlərə 800, ikinci yerin sahiblərinə 500, üçüncülük əldə edənlərə 300, həvəsləndirici mükafatla təltif olunanlara 100 manat, eyni zamanda müvafiq diplom və plaketlər təqdim edilib.