Taxılçılığın problemləri Hadisə

Taxılçılığın problemləri

Son zamanlar iqlim dəyişikliyi nəticəsində istehsal prosesi zamanı baş verən kataklizmlər, xəstəlik və zərərvericilərin geniş yayılması, digər tərəfdən də keyfiyyətli toxum, gübrə, texnika, anbar çatışmazlığı, suvarma suyu ilə təminatda yaranan problemlər mövcud durumu daha da çətin vəziyyətə salıb. Fermerlər istehsal etdikləri məhsulları daxili bazara çıxarıb satmaqda çətinlik çəkirlər.
Son zamanlar belə halların baş verməsi öz növbəsində fermerlərin, kəndlilərin bir hissəsini müflisləşdirib, onları həvəsdən salıb, banklardan kredit alan sahibkarların borc yükünü artırıb.
Ekspertlərin qənaətinə görə, aqrar sahənin çətinliklərindən biri də ondan ibarətdir ki, əldə olunan məhsulların əsas hissəsi qısa bir müddətdə müştərilərini tapmalıdır. Əks halda, fermerlərin, kəndlilərin istehsal etdiyi məhsulun saxlanması və yeni bazar axtarışı üçün əlavə xərc çəkməklə yanaşı, itkiləri də az olmayacaq. Bu gün mövcud emal müəssisələrimizin əldə olunan kənd təsərrüfatı məhsullarını qarşılayacaq gücü, potensialı yoxdur. Bazar məhduddur və bu bazarda son zamanlar daha çox xaricdən idxal oulnan kənd təsərrüfatı məhsulları satılır.
Eksperlər bildirir ki, son bir neçə ildə hökumət tərəfindən prioritet sahə sayılan taxılçılıq artıq sıradan çıxmaq üzrədir. Ümumi əkin sahəsinin 65 faizindən çox hissəsində taxıl əkilsə də, əldə olunan ümumi məhsul ölkənin tələbatını ödəmir. Hətta ərzaq buğdasına olan tələbat Qazaxıstan və Rusiyadan idxal olunan 1,5 milyon ton buğdanın (idxal olunan buğda ununu da buğdaya çevirmək şərtilə) hesabına ödənilir. Daxildə istehsal olunan taxılın həcmi 2,9 milyon tondan artıq göstərilsə də, bunun nə əhalinin qida məhsullarına olan tələbatında, nə də ki, heyvandarlığın inkişafında rolu görünmür. Dövlət Statistika Komitəsinin verdiyi məlumatlar ürəkaçan deyil. Hər hektardan 25 sentner taxıl, 15 sentner pambıq, 145 sentner kartof, 146 sentner tərəvəz, 80 sentner üzüm, 70 sentner meyvə və giləmeyvə, 145 sentner bostan məhsulları, 9,8 sentner çay yarpağı və s. məhsulların istehsal göstəricilərini hökumət səmərəli fəaliyyətin nəticəsi kimi qiymətləndirsə də, əslində, bu göstəricilər aşağı olduğu üçün bu səviyyədə istehsal iqtisadi cəhətdən effektli hesab oluna bilməz. Buna görə də ölkədə istehsal olunan məhsulun maya dəyəri yüksək, rentabelliyi isə aşağı olaraq qalır. Ekspertlər bildirir ki, 2011-ci ildə bitkiçilik sahəsində bəzi subsektorlar zərərlə işləyiblər.
Yeri gəlmişkən, yaxınlarda Britaniyanın "The Economist Intelligence Unit" ( "Economist" jurnalının analitik bölməsi) dünyanın 109 ölkəsində ərzaq təhlükəsizliyinə dair illik hesabatını açıqlayıb. Azərbaycan 109 ölkə arasında 62-ci yeri tutub.
Bu ilin əvvəlində Oksfam Beynəlxalq Humanitar Təşkilatı Dünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının məlumatları əsasında dünyanın 125 ölkəsinin reytinq cədvəlini hazırlamışdı. Oksfam bu indeks hesabatını 4 faktor üzrə tərtib edib: yetərli ərzaq təminatı, ərzağa iqtisadi əlçatanlıq, ərzağın keyfiyyəti, ərzağın insan səhhətinə təsiri. Azərbaycan bu reytinqdə 91-ci yeri tutmaqla, keçmiş sovet ölkələri arasında geridə qalıb.
Ekspert Vahid Məhərrəmov bildirir ki, Azərbaycanın ərzaq buğdasına olan ehtiyacı 1,3 milyon ton təşkil etdiyi halda, DSK-nın məlumatında daxili istehsal hesabına 1,9 milyon ton buğda əldə olunduğu, həmçinin ölkəyə 1,5 milyon ton (buğda ununu da hesablamaq şərtilə) ərzaq buğdası idxal olunduğu göstərilib. Azərbaycan buğda və yaxud buğda unu ixrac etmir. Verilən statistika mücərrəddir, başa düşüləcək qədər asan deyil.
Taxıl əkini ilə məşğul olan fermerlərin bildirdiyinə görə, ötən il məhsulu biçməyə kombayn tapılmayıb.
İqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, hökumət hər hektara 100 manat subsidiya ayırır: "Əgər doğrudan da yerli taxıl standarlara cavab vermirsə 2 addım atılmalıdır. O zaman hökumət o buğdanı subsidiyalaşdırmamalıdır. Ən keyfiyyətli buğda toxumu da mövsüm vaxtı 1 manata satılır. Hökumət pul əvəzinə 150-200 kiloqram toxum versə, daha məqsədəuyğun olardı".
Fermer Həsən Quliyev bildirir ki, ən yaxşı taxılı əkilsə belə kombaynlar onu təmiz biçmirlər: "İçərisinə zir-zibil çox qarışır, bu zaman taxıl keyfiyyətsiz alınır. Xəstəliklərin qarşısını toxum vaxtı almaq olur. Taxıl səpilməmişdən öncə dərman vurmalısan, səpindən sonra da. Bunu da almağa fermerlərin gücü çatmır. Bəzi dərmanları var ki, onu səpindən sonra vurmalısan. Bəzi bitkilərin bitməsinin qarşısını alır. Həmin bitkilər taxılla birgə biçildikdə zibil olurlar. Əkinçilərin də buna maddi gücü çatmır, dövlət də gübrəni az verir".
Bu gün fermerlərin tədarük məsələsində - saxlanma anbarlarının olmamasında ciddi problemləri var. İkinci məsələ fermerlərin əkdiyi taxılın yalnız heyvan yeminə yararlı olmasıdır.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli bildirir ki, bu gün fermerlərin istehsal etdikləri buğda kondisiyaya çatdırılmayıb, heç bir standarta cavab vermir. Bunu özləri də başa düşür. Yüksək reproduksiyalı buğda əldə etmək üçün əlavə gübrə və dərmanlara ehtiyacları olduqlarını deyirlər, ancaq bunu da onlara dövlət vermir: "Azərbaycanda fermerlər 20 ildir taxıl əkirlər. Bu 20 ildə növbəli əkin sistemi yaradılmayıb. Orda zərərvericilər ilbəil artır. Onların qarşısını kimyəvi vasitələrlə almaq lazımdır. Həmin sahələrə verilən mineral və üzvi gübrələr kifayət eləmir. Birincisi mineral gübrə təlabatın 5 faizi qədər verilir, üzvi gübrə isə ümumiyyətlə verilmir. Yəni torpaq 20 ildə münbitliyini itirir. Avropa ölkələrində hər hektara 400 kiloqrama qədər mineral gübrə verilir. Hətta Misirdə 700 kiloqram gübrə verilir. Ona görə də hər hektara 70 sentner məhsul alırlar".
Fermer Balaxanı Əliyev bildirir ki, alverçilər gəlib qapı-qapı düşüb taxılı alırlar. Ucuz alıb başqa yerə baha qiymətə satırlar. Bizdə də tədarük kontoru yoxdur ki, taxılımızı ora yığıb saxlayaq. Camaatın çoxu arpanı, buğdanı biçin vaxtı 1 kilosu 17-18 qəpiyə satır. Alverçilər də aparıb heyvanı olanlara 22-23 qəpiyə satırlar.
Ekspert Vahid Məhərrəmovun fikrincə, aqrar siyasət həyata keçiriləndə mütləq hesablama aparılmalıdır: "Ölkəyə nə qədər taxıl məhsulu lazım olduğunu bilmək çətin deyil. Əhalinin istehlak normasına uyğun ərzaq buğdasına və heyvandarlıqda qüvvəli yemə nə qədər ehtiyacımız olduğunu hesablamaq çox asandı. Bunları bildikdən sonra nə qədər əkin sahəsinə ehtiyacımız olduğunu bilməliyik. Nə qədər toxuma, texnikaya, su resurslarına, anbara ehtiyacımızın olduğunuda çox asanlıqla hesablaya bilərik.
Sovet hökumətinin vaxtında - 1985-ci ildə ölkədə 495 000 hektar sahədə taxıl əkilirdi. Həmin illərdə də 4500 ədəd kombayn vardı. Hər 110 hektara 1 kombayn düşürdü. Bu, normal idi. Bu gün Rusiyada, Avropada da belədi. Hər kombayna düşən əkin sahəsi 80-120 hektar arasındadı. Hazırda ölkəmizdə 1 kombayna düşən pay 560 hektardan çoxdu. Bu qədər kombaynla işin öhdəsindən gəlmək mümkün deyil. Burada bir faktor da var. Sovet dönəmində daha geniş sahələrdə taxıl əkilirdi - ən azı 50-100 hektar sahədən söhbət gedir. Rusiyada, Avropada da daha geniş sahədə taxıl əkini ilə məşğul olurlar. Bizdə əkin sahələri bölünüb kiçik hissəciklərə - 2, 3, 4, 5 hektarlıq sahələrdə taxıl becərilir. Belə olduqda kombaynı uzaq məsafədən gətirmək lazımdı ki, 2 hektarlıq sahədə buğda biçsin. Bu halda kombaynların sayını sonsuzluğa qədər artırmaq lazımdır ki, işin öhdəsindən gəlmək mümkün olsun. Ölkədə 1740 ədəd kombayn var. Onun da bir hissəsi köhnəlib, bunu hətta Kənd Təsərrüfatı Nazirliyi də bilmir. Onların dilindən çıxan rəqəm 3000 ədəddi. Halbuki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən ölkədə kombaynların sayı 1740 ədəddir ki, bunun da hardasa 870-i "Aqrolizinq"in balansındadı. Digərləri də xüsusi əllərdədi - onların da əksəriyyəti köhnə kombaynlardır. Köhnə kombaynlardan da 20-25 ildir istifadə olunur. İstismar müddəti başa çatdığı üçün onlar tez-tez sıradan çıxır, itkiyə yol verir, məhsuldarlığı azaldır. Mənzərə budur".
Vahid Məhərrəmov bildirir ki, taxılçılığı yalnız intensiv yolla inkişaf etdirilməlidir: "Ekstensiv yol əkin sahələrini genişləndirməklə yanaşı bu sahədə texnikaya, toxuma, anbara və sair istehsal vasitələrinə olan ehtiyacı artırır. Nəzərə alsaq ki, taxılçılıq bir o qədər də gəlirli sahə deyil, ümumi əkin sahəsinin 65-70 faizini bu istiqamətə yönəltmək təsərrüfatsızlıqdır. Mövcud əkin sahəsini nəzərə aldıqda 1 milyon hektardan artıq sahədə taxıl əkini ilə məşqul olmaq aqrotexniki qaydalara əməl etməyə imkan vermir. Aqrotexniki qaydalar dedikdə isə ilk növbədə növbəli əkin sisteminin yaradılmasından söhbət gedir. Bu sistemi o vaxt yaratmaq olar ki, eyni sahədə 4-5 ildən bir taxıl əkini ilə məşğul olunsun. Bizim də cəmi 1 milyon 600 min hektar sahəmiz var. Bu sahə bölünməlidi ən azı 4 yerə. Bu gün fermerlərin keyfiyyətli toxum materiallarına, suvarma suyuna, anbara, biçilən məhsulun qurudulması üçün elavatorlara daha çox ehtiyacları var. Onlara bu istiqamətdə kömək etmək lazımdı. Gətirilən kombaynların məhsuldarlığı çox olmalıdı ki, onların alınması üçün ödənilən vəsait qısa müddətdə özünü doğrultsun".
Vahid Məhərrəmlinin bildirdiyinə görə, yerli taxılçılığın inkişaf etməməsinin səbəbi həm də onun primitiv formada istehsalıdır: "Bəla burasındadı ki, bizdə həm məhsuldarlıq aşağıdır, həm də istehsal etdiyimiz məhsulu kondisiyaya çatdıra bilmirik. Kondisiyaya çatdırmaq nədi? Kombaynla yığılandan sonra məhsul qurumalıdı. Digər ölkələrdə məhsul kombayndan çıxan kimi elevatorlara daşınır və qurudulur. Qurudulduqdan sonra təmizlənir, çeşidlənir, siniflərə ayrılır. Yalnız bu prosesdən sonra məhsulun 1-ci, 2-ci,...5-ci sinif buğda olduğu bəlli olur. Bizdə bu proses həyata keçirilmir. Elə bu səbəbdən də bizim istehsal etdiyimiz buğdanın 1 kiloqramı belə hansı sinifə məxsus olduğu bəlli deyil".

Ülviyyə Tahirqızı