
Bu il Azərbaycan kinosunun 120 yaşı tamam olur. Kino hər bir dövlətin və xalqın mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Hər bir ölkənin tanınması üçün kino əvəzedilməz faktordur.
Hazırda dünya yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə isə kinonun yeri daha fərqli formadadır. Kino həm də mühüm bir siyasi, ideoloji rol oynayır. Bu gün böyük dövlətlər kino ilə öz geosiyasi planlarının həyata keçirilməsi üçün də istifadə edirlər. Təbii ki, qlobal geosiyasi proseslərin uğur qazanması üçün dünya ictimaiyyətinin düşüncə tərzinə təsir etmək və onu öz istədiyi formada idarə etmək üçün transmilli KİV-lərlə yanaşı kinodan da istifadə olunur. Belə nümunələrə daha çox Amerika filmlərində rast gəlmək mümkündür. Bir sözlə, istər geosiyasi, istər ideoloji, dini, mədəni, ümumiyyətlə bütün istiqamətlərdə təbliğat üçün kinonun yeri əvəzedilməzdir.
Kino, eyni zamanda, böyük biznes deməkdir. Bu gün dünya ölkələri film ixracından yüz milyonlarla gəlir əldə edirlər. Qardaş ölkə Türkiyə də film ixracına görə dünyada 5-ci yerdədir.
Bu faktorlara görə də hər bir ölkə, o cümlədən də Azərbaycan öz kino mədəniyyətinin inkişafında maraqlıdır. Azərbaycan kinosunun inkişaf etdirilməsi ən yüksək səviyyədə diqqətdə saxlanılır. "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında dövlət başçısının sərəncamı da Azərbaycan kinosunun inkişaf etdirilməsini nəzərdə tutur. Dövlət Proqramının əsas məqsədi milli kino ənənələrinin bərpa edilməsi, ölkədə kino istehsalının dirçəldilməsi, filmlərin müasir texnologiyalar əsasında qorunub saxlanılmasının təmin olunması, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi və sahə üzrə lazımi islahatların aparılmasından ibarətdir.
Tarixə qısa nəzər
Uzun illər Azərbaycanda kino sənətinin yaranma tarixi 1916-cı ildən hesablanıb. Həmin il ekranlara İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" əsəri əsasında çəkilmiş eyniadlı film çıxarılmışdı.
Lakin 1996-cı ildə kinoşünas Aydın Kazımzadənin ciddi araşdırmaları nəticəsində Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı sübut olundu. Həmin il avqustun 2-də Anton Mişonun çəkdiyi "Balaxanıda neft fontanı" adlı ilk film Bakıda nümayiş etdirildi. Bununla da Azərbaycanda kino sənətinin yaranma tarixi dəqiqləşdirildi. Milli kinomuzun himayədarı ulu öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə hər il 2 avqust Azərbaycan Kinosu Günü kimi qeyd edilir.
Ötən əsrin əvvəllərində "Pate", "Pirone", "Filma" kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar.
1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyni adlı povesti əsasında "Neft və milyonlar səltənətində", 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında "Arşın mal alan" qısametrajlı bədii filmləri çəkilib. Hər iki filmin rejissoru Peterburqdan dəvət olunmuş Boris Svetlov, operatoru isə Qriqori Lemberq idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni -iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar "Kinematoqrafiya və teatr qulluqçuları şurası"nda birləşiblər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilmiş ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası" bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino" "Azərkino", "Azərfilm" "Azdövlətkinosənaye", "Azərfilm" "Bakı kinostudiyası", "Azərbaycanfilm" adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
"Azərbaycanfilm"də indiyədək minlərlə çox müxtəlif növ və janrda film istehsal olunub. Onlardan "Arşın mal alan" (1945), "Şərikli çörək", "Ad günü", "İstintaq", "Yaramaz", "Ögey ana", "Uzaq sahillərdə", "Arşın mal alan" (1965), "Bizim Cəbiş müəllim", "Axırıncı aşırım", "Nəsimi" və.s, filmləri misal göstərmək olar.
Bayağı filmlər
Qeyd edək ki, son illərdə Azərbaycan kinosu ilə bağlı yaranmış kütləvi bir düşüncə tərzi var. Bu Azərbaycan kinosunun sovet illəri ilə müqayisədə inkişaf etməməsi, son illər ortaya mükəmməl əsərlərin qoyulmaması, ölkədə peşəkar rejissor, aktyor qıtlığının olması və.s. ilə bağlıdır.
Həqiqətənmi belədir? Əvvəlcə qeyd edək ki, Azərbaycan televiziyalarında yayımlanan bayağı filmlər bu tipli kütləvi düşüncə tərzinin formalaşmasına gətirib çıxarıb.
Bundan başqa milli bayramlarda da daha çox sovet dönəmində yaradılan əsərlər nümayiş etdirilir. Bununla da Azərbaycan tamaşaçısında belə bir təsəvvür yaranır ki, artıq biz kino çəkə bilmirik, peşəkar rejissor və aktyorlarımız yoxdur və s.
Doğrudur son illər ortaya çoxsaylı kino əsərləri qoyulmayıb. Amma tamamilə də "yoxdur" demək və beynəlxalq aləmdə uğur qazanacaq film çəkmə potensialımızın olamasıni denək də doğru deyil.
Kinefestivallara gedirikmi?
Kinorejissor Ayaz Salayev qəzetimizə açıqlamasında bildirdi ki, bu son dərəcə yanlış və bayağı bir təsəvvürdür. Onun sözlərinə görə, məhz müstəqillikdən sonra Azərbaycan kinosu festivallara çıxıb dünyanı gəzib: "Düzdür sovet dönəmində ərsəyə gələn "Axırıncı aşırım", "Dəli kür" böyük əsərdir. Ancaq unutmayaq ki, Azərbaycan kinosu müstəqilliyin ilk illərindən festivallara çıxıb. Buna görə də, hazırda Azərbaycan kinosunun sovet illərindəki kimi əsərlər yarada bilməməsi fikirlərinin necə yaranması mənim üçün maraqlıdır".
Bu həqiqətdir ki, müstrəqillik illərində onlarla kino əsərləri yaranıb ki, bu filmlərin ölkə daxilində təbliğatı kifayət qədər aparılmayıb. Buna misal olaraq Ayaz Salayevin "Yarasa" filmi, Yavər Rzayevin Sarı gəlin, Hüseyn Mehdiyevin "Özgə vaxt", son illərdə Elçin Musaoğlunun "Nabat", İlqar Nəcəfin "Nar bağı", Şmil Əliyevin "Çölçü" filmlərini göstərmək olar".
"Çölçü" filmi dünyanın yarısını gəzib"
Ayaz Salayev son illər mükəməl kino əsərlərinin yaranmaması fikri ilə razılaşmır: "Nəzərinizə çatdırım ki, müstəqillik illərində, o cümlədən son illər Azərbaycanda mükəmməl kino əsərləri yaranıb. Həmin əsərlər sovet dönəmində yaradılan əsərlərdən daha səviyyəli və peşəkardır: "Məsələn "Hər şey yaxşılığa doğru", "Sarı gəlin", "Nabat", "Nar bağı" kimi filmləri misal göstərə bilərik. Şamil Əliyevin "Çölçü" filmi dünyanın yarısını gəzib".
A.Salayev əlavə etdi ki, son zamanlar yaranan və efirlərdə nümayiş etdirilən bayağı filmlərin isə kinoya heç bir aidiyyəti yoxdur: "Sovet zamanı digər ölkələrdə çəkilən filmlər beynəlxalq festivallarda iştirak edirdi. O zaman təkcə bizim kinematoqrafiyanın filmləri bir dəfə də olsun heç bir festivalda iştirak etməyib".
Son illəri çəkilən filmlərin nəyə görə, efirlərdə az nümayiş olunmasına gəlincə, isə A.Salayev dedi ki, bu filmlər kütlə və istirahət üçün çəkilməyib: "Bunlar sənət əsərləridir".
O həmçinin bildirdi ki, Azərbaycanda kino bazarının formalaşması ilə bağlı problemlər var: "Hesab edirəm ki kinoya dövlət tərəfindən daha çox maliyyə ayrılmalıdır. Kino milli mədəniyyətinin ayrılmaz hissəsidir. Kinoya qazanc mənbəyi kimi yanaşan adamlar bayağı "əsərlər" yaradıb bazara çıxarırlar. Ona görə də dövlət daha çox maliyyə ayırmalıdır ki, kino milli mədəniyyətin bir hissəsinə çevrilsin.
Məsələn bəstəkar simfoniya yazır, dövlət də ona pul verir. Dövlət o simfoniyadan qazanc güdmür. Eyni zamanda rəsm əsərləri, kitbaxanalarla bağlı bu fikri söyləmək mümkündür. Kino da bu işin bir hissəsidir. Kinonun inkişafı dövlətin inkişafı, dünyada daha çox tanınması demıəkdir. Azərbaycanda kinonu inkişaf etdirmək mümkündür. Bizim buna hər cür imkanımız var. Bədii potensialımız var. Hazırda incəsənətdə həm peşəkarlıq, həm mənəvi, həm də işə yanaşmaq cəhətdən çox yaxşı, perspektivli kadrlarımız var. Ona görə də, bu gün daha çox və dünyaya çıxacaq əsərlər yaratmaq üçün əsas problem maliyyədir. Əgər kinoya daha çox maliyyə ayrılacaqsa o zaman mövzular da tapılacaq. Ssenarrilər də yazılacaq. Beləliklə də daha çox daha mükəmməl filmlər yaranacaq. Hazırda gözəl və ümidli gələcək vəd edən bir gənc nəsil yetişib. Hansı ki mən onlara dərs deyirəm...".
Kino tədqiqatçısı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Aydın Kazımzadə isə Azərbaycan kinosunun gələcəyinə inandığını deyir: "Mən kinonu dənizə bənzədirəm. Vaxtilə Qız qalası dənizin içində olub. Sonra geri çəkilib. İndi isə Xəzər yenə qalxmağa başlayır. Kino da belədir. Renessans vaxtı və durğunluq dövrü olur. Təsəvvür edin, torpaqlarımız işğal altında olmasaydı, hərbi xərclər üçün bu qədər vəsait ayırmasaydıq, indi kinomuz hansı səviyyədə ola bilərdi. Kino üçün böyük vəsait lazımdır". Onun fikrincə, kino sintetik sənətdir: "Bizə vəsait, texnika lazımdır. Aktyor potensialımız var. Bizdə indi seriallar çəkilir. Əksəriyyətini bəyənmirəm və sənətimlə əlaqədar baxanda, əsəbiləşirəm. Amma bu seriallarda xoşuma gələn cəhət odur ki, təzə-təzə simalar görürük. Geniş kütləyə tanış olmayan aktyorları görürük. Bunların içərisində çox yaxşı aktyorlar var. Rövşən İsaqın "Vicdan haqqı" serialını çox bəyənirəm. Özünü tanımıram...".
Prezidentin sərəncamı necə icra edilir?
Prezidentin sərəncamının icrası ilə bağlı prosesin necə getdiyi ilə bağlı suallarımızı isə Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmov cavablandırdı. M.Hətəmov bildirdi ki, sərəncamın icrası ilə əlaqədar olaraq Nizami Kino Mərkəzi bərpa olundu, Dövlət Film Fondu üçün bina tikildi, Kino Ensiklopediyası işıq üzü gördü, ölkədə və ölkədən kənarda yaşayan 70-ə yaxın gənc Azərbaycanfilm studiyasında sınaqdan keçirildi: "Bundan başqa 50-dən artıq dövlətdə Azərbaycan kinoları nümayiş etdirildi. Venesiya Film Festivalından tutmuş Kann Festivalına qədər qısametrajlı filmlərimiz iştirak etdi". O əlavə etdi ki, yekun mərhələ isə kinoda yeni islahatlar prosesidir: "Bununla bağlı yeni qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim olunub. Qanun layihəsi və yeni konsepsiya qəbul olunarsa Azərbaycan kinosunda yeni və uğurlu prosesin başlanmasının təməli qoyulacaq...".
Əli Zülfüqaroğlu
Yazı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir