

“ABŞ-də siyasət yalnız prezidentə bağlı deyil, dövlətin kursu aşağıdakı əsas sistem komponentləri tərəfindən müəyyən olunur. Prezident və İcra strukturları, Konqres (Senat və Nümayəndələr Palatası), Ali Məhkəmə, Daimi bürokratik aparat (Dövlət Departamenti, Müdafiə Nazirliyi və s.), Partiya sistemləri və elita qrupları, Beynəlxalq mühit və ABŞ-nin qlobal maraqları”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
Politoloqun bildirdiyinə görə, əgər biz bu komponentlər üzərində analiz etsək, Baydenin prezidentliyi dövründə onun siyasi kursunu 4 əsas istiqamətdə təhlil edə bilərik:”Xarici siyasət, NATO ilə əməkdaşlıq, Ukraynaya dəstək, Çinə qarşı balans siyasəti. Bəli, buna çoxpartiyalı dəstək var idi, amma hazırda baş verən siyasi hadisələr göz önündədir. İqlim siyasəti. Yaşıl enerji, Paris sazişi, emissiya azaldılması kursu. Qeyd edək ki, o zamanlar Respublikaçılar buna qarşı idilər. Sosial-iqtisadi siyasət. Minimum əmək haqqı, sosial proqramlar, vergilərdə tənzimləmə. Daxili siyasi tonda isə qütbləşmənin azaldılması, hüquq-mühafizə balansı və s.”.
E.Telmanoğlu Bayden siyasətinin davam etmə potensialını struktur olaraq analiz edərək diqqətə çatdırıb ki, Prezident seçkilərində Baydenin siyasətini yalnız demokratik varis olaraq Kamala Harris və ya başqa demokrat davam etdirə bilərdi: “Tramp və ya onun siyasi xəttinə malik Respublikaçılar, bu siyasi xəttə ciddi dönüş etdilər və bütün dünya bunun şahidi oldu. Əgər Konqresdə Demokratlar çoxluq təşkil edərsə, Baydenin kursu asanlıqla davam edə bilər. Əks halda o kurs tıxanacaq və dəyişikliklərə uğrayacaq. Elita konsensusu. Xüsusilə xarici siyasət (NATO, Çin, Ukrayna) məsələlərində həm Demokrat, həm də Respublikaçı elitada müəyyən konsensus var, yəni Baydenin bu siyasətləri şəxsə bağlı deyil, sistematikdir. Beynəlxalq sistem və ABŞ-nin maraqları, ABŞ-nin qlobal liderlik rolu, Çinlə rəqabət və enerji təhlükəsizliyi kimi faktorlar Baydenin siyasətini məcburi olaraq davam etdirə bilər, yəni bu, şəxsi deyil, strateji məcburiyyətdir. Qeyd etdiklərimi nəzərə alsaq yekun olaraq bu qənaətə gəlmək olar ki, ABŞ Baydenin yürütdüyü siyasəti davam etdirə bilər, lakin bu yalnız onun xarici siyasət və strateji istiqamətləri üçün keçərlidir. Sosial və daxili məsələlərdə isə bu siyasət şəxsi və partiyaya daha çox bağlıdır və bu, seçkilərin nəticəsindən asılı olaraq dəyişə bilir”.
Röya İsrafilova