“Madrid prinsipləri”ndə bizi qane etməyən məqamlar var” Hadisə

“Madrid prinsipləri”ndə bizi qane etməyən məqamlar var”

Natiq Miri: "Bu, Dağlıq Qarabağda referendumun keçirilməsi, Laçın dəhlizinə statusun verilməsi və bu kimi bir neçə məqamdan ibarətdir"

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) AŞ Nazirlər Komitəsinin sədri qismində çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "dondurulmuş münaqişələr", eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallara cavab verərək, Azərbaycanın bu məsələdə yeganə yanaşmasının olduğunu deyib. Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi dedikdə, burada birmənalı olaraq Azərbaycan ərazilərinin itirilməsindən söhbət getdiyini vurğulayıb: "Əlbəttə ki, bu münaqişənin həlli ilə bağlı çox müzakirələr olub. Biz hesab edirik ki, Avropa Şurası Nazirlər Komitəsi regionda sülhün bərqərar olmasına daha çox töhfə verə bilər. Münaqişənin həlli istiqamətində erməni tərəfi ilə danışıqlarda birbaşa iştirak edən Azərbaycanın xarici işlər naziri qismində onu deyə bilərəm ki, bu münaqişənin həlli istiqamətində plan artıq mövcuddur. Söhbət beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən gedir. BMT çox mötəbər təşkilatdır, onun qərarlarına hörmətlə yanaşılmalıdır. Yəni, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təməl qərarlar artıq mövcuddur. 1993-cü ildə qəbul olunmuş bu qərarlar Ermənistana qarşı tələblərin hələ də qüvvəsində qaldığını göstərir. Yəni Ermənistandan Azərbaycan ərazilərindən öz hərbi hissələrini çəkməsi tələb olunur. Hesab edirəm ki, bu qətnamələrin həyata keçirilməsi lazımdır. Münaqişənin həll olunmasında bu yolla gedilsə, bütün region üçün faydalı olar. Bu nə qədər tez baş versə, orada yaşayan insanlar üçün də bir o qədər də yaxşı olardı. Çox ümid edirik ki, Avropa Şurası da hər zaman olduğu kimi, ölkələrin ərazi bütövlüyü məsələsində prinsipial mövqeyini qoruyub saxlayacaq. Bu mövqe beynəlxalq hüquq normaları baxımından ən düzgün və faydalı yanaşma olardı".
Onu da əlavə edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da İrəvanda erməni həmkarı Edvard Halbandyanla danışıqlardan sonra bəyan edib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır: "Problemin həlli üçün baza var, prinsiplər var və mühümdür ki, bu prinsiplər razılaşdırılıb. İndi onların faktiki həyata keçirilməsinin parametrlərini və nizamlanmanın ardıcıllığını işləyib hazırlamaq lazımdır".
Rusiya xarici işlər naziri Moskvanın prezidentlər arasında birbaşa dialoqun davamına və mövcud "ziddiyyətlərin həllinə" çalışacağını deyib: "Rusiya münaqişənin həllini yaxınlaşdıran istənilən səyləri dəstəkləyir. Fransalı həmkarlar bütün nizamlama prinsiplərinin praktiki dilə çevrilməsinə kömək edəcək ideyalar irəli sürürlər".
Rusiya XİN rəhbəri qeyd edib ki, onlar da öz tərəflərindən bütün səyləri göstərəcəklər və "Hazırlanmış görüşlər nə qədər müntəzəm olsa, nə qədər çox səy göstərilsə proses o qədər dinamik xarakter alacaq".
Politoloq Natiq Mirinin qənaətinə görə, Məmmədyarov Madrid prinsiplərindən öncə haradan yola çıxılmasını göstərib: "Bu, 1993-ildə BMT-nin qəbul etdiyi qətnamələrdir. Yəni ortda bir işğal faktı var və bu fakt aradan qaldırılmalıdır. Bu da Ermənistan ordusunun işğal altında olan torpaqlardan çəkilməklə ola bilər. O ki, qaldı Madrid prinsiplərinə, burada da Azərbaycanı qane etməyən məqamlar var. Bu, Dağlıq Qarabağda referendumun keçirilməsi, laçın dəhlizinə statusun verilməsi və bu kimi bir neçə məqam var ki, bunlar da əsas prinsiplərin içində saxlanılıb. Söhbət eyni anda iki bir birinə zidd olan iki prinsipdən: ərazi bötövlüyü və xalqların öz müqəddaratını təyinetmə prinsiplərindən gedir. Bu, əslində çözümsüzlük formuludur. Bu iki prinsipin eyni anda olması qarşılıqlı güzəştləri gərəktirir. Bu isə beynəlxalq hüququn işləməsini əngəlləyir. Burada artıq dünya güclərinin geosiyasi maraqlıdır ortaya girir ki, bunu da uzlaşdırmaq yaxın illərin işi kimi görsənmir. Təəssüf ki, reallıq bundan ibarətdir".
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, ötən ilin noyabr ayında hər iki prezidentin konstruktiv dialoqunun davamı olaraq yaxın zamanda daha bir sammiti təşkil edəcəyimizə ümid edir: "Biz prezidentlərin Fransa Prezidenti Fransua Ollandın yaxın zamanda Parisdə görüşmək təklifini qəbul edəcəyinə ümid edirik. İsveçrə Prezidenti Didye Burkhalterin "Strukturlaşdırılmış danışıqlar"a çağırışı da sülh prosesini irəlilədilməsi istiqamətində tərəflər üçün bir imkandır". Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin tez-tez pozulması hallarına münasibət bildirən Uorlik qeyd edib ki, həmsədrlər tərəfləri sülh prosesinə xələl gətirə və gərginliyin artmasına səbəb ola biləcək əməllərdən və ritorikadan uzaq olmağa çağırır: "Bu münaqişənin hərbi yolla həlli yoxdur. Bu kimi təxribatlar ümumi məqsədimiz olan bu regionun əhalisinin layiq olduğu firavanlıq və təhlükəsizliyi gətirə biləcək münaqişənin sülh və davamlı həlli istiqamətində irəliləyişi ləngidir. Mən ya regionda, ya da başqa bir yerdə danışıqlarımızı tez bir zamanda davam etdirməyə səbirsizlənirəm. Hələlik növbəti görüşümüzün planlaşdırılması üzərində işləyirik".
Rusiyanın Qarabağ probleminin nizamlanmasındakı rolundan danışan politoloq Vəfa Quluzadə isə deyib ki, bu sanki canavarın öz şikarına yardım etməsinə bənzəyir: "Canavar haçansa öz şikarına rəhm edib onu azad edibmi? Bizim torpaqları işğal edib Ermənistan adlı bir dövləti yaradan və bu işğalı davamlı olaraq həyətə keçirən elə Rusiya deyilmi? 20-ci illərdə Dağlıq Qarabağı yaratdığı Ermənistan adlı dövlətin tərkibinə daxil etmək istəyən, ancaq şərait buna imkan vermədiyindən qanunsuz olaraq muxtar vilayət yaradan Rusiya deyilmi? O zaman Azərbaycanın tərkibndə anklav şəraitdə olan bir Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qanunsuz idi. Sadəcə olaraq bu məsələdə Rusiya mətbuatı güclü olduğundan biz məsələni istədiyimiz səviyyədə beynəlxaql müstəviyə çıxara bilmirik. Biz bu qanunsuzluğu lazımi səviyyədə beynəlxaql aləmin diqqətinə çatdıra bilmədik. Rusiya indi də anklav şəraitdə olan Dağlıq Qarabağa Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə yol çəkdirir və adini qoyur dəhliz. Niyə görə bu dəhliz olmalıdır? Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaynın tərkibində milli azlıqdır. Əgər onlar Azərbaycan qanunlarına uyub yaşamaq istəyirlərsə yaşasınlar, yox istmirlərsə cəhənəm olub getsinlər. Odur ki, bu məsələnin həllində Rusiyanın rolu mənfi olduğundan ona bel bağlamaq da düz deyil".
Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin sədri, erməni politoloq Stepan Qriqoryan Ermənistan ətrafında baş verən son hadisələri şərh edərkən deyib ki, mayın 29-da keçirilən Astana sammitindən sonra Ermənistanın Gömrük Şurasına üzvlüyünün məntiqi zəiflədi: "Həmin tarixə qədər Ermənistan hakimiyyəti Avrasiya İttifaqının həmtəsisçisi olmaq arzusunu gizlətmirdi".
Erməni politoloq qeyd edib ki, Ermənistan Avrasiya İttifaqının tezliklə üzvü olması ona veto hüququ və başqa imtiyazları verə bilərdi: "Ermənistanı qapıdan qaytararaq bildirdilər ki, onu quruma qəbul etməyə hazır deyillər. Beləliklə, proseslərin süni şəkildə sürətlənməsinin məntiqi öz-özlüyündə yox oldu. Ermənistan ittifaqın tamhüquqlu həmtəsisçisi olmaq imkanını itirdi".
Qriqoryanın fikrincə, məsələ ilə bağlı ikinci arqument Dağlıq Qarabağ münaqişəsidir: "Görünür, Ermənistan Qarabağsız bu ittifaqa daxil olmağa hazır deyil. Əgər biz ittifaqa Qarabağla birlikdə daxil olmaq istəyiriksə, o halda bütün tərəflər format haqqında ümumi fikrə gəlməlidir. Rusiya, Belarus və Qazaxıstan Ermənistanın bu arzusunu necə rəsmiləşdirəcəyini bilmir".
Erməni politoloq ölkəsinin Avrasiya İttifqına yolunu bağlayan üçüncü amilin azadlıqlarla bağlı olduğunu bildirir: "Görünür, Rusiya və Belarus Yerevandan azadlıqları məhdudlaşdırmağı tələb edir".
Qriqoryan Ermənistanın 2013-cü il 3 sentyabrdan sonra fakt qarşısında qaldığını bildirib: "Biz Ermənistanı tamamilə Rusiyaya verdik və nəticələr özünü çox gözlətmədi. Rusiya məsələləri Azərbaycanla həll etməyə başladı. Ümumiyyətlə, Ermənistan daha Qafqazda amil deyil. Rusiya Qarabağ məsələsini artıq bizsiz Azərbaycanla müzakirə edir. Aydındır ki, Rusiya öz ərazisi ilə Azərbaycan neftini və qazını ixrac etməyə çalışır. Rusiya Avrasiya inteqrasiya proseslərində Azərbaycanın iştirakını istəyərdi. Əvəzində Moskva Qarabağ məsələsində güzəştə getməyə hazırdır".

Əli