“Səhiyyəyə etimadsızlıq yaradan faktorlar var” Hadisə

“Səhiyyəyə etimadsızlıq yaradan faktorlar var”

Haibə Qurbanova: "Bu və digər səbəblərdən əhali sağlığını xarici mütəxəssislərə etibar edir"

Əlişir Əhəd: "Etimadsızlıq o həddə çatıb ki, hətta dərman preparatları da xaricdən alınır"

Adil Qeybulla: "Qərb səhiyyəsinin standartlarını mənimsəməliyik"

Bu gün Azərbaycan səhiyyəsində həlli mühüm əhəmiyyət kəsb edən kifayət qədər problemlər var. Bir çox həkimlərin xəstələrə yalnız "müştəri" gözü ilə baxması, bu səbəbdən lazım olduğundan daha çox həkimə sərf edən qaydada resept yazılması, lazım olmadığı halda pasientin bahalı müayinələrə yönləndirilməsi və digər səbəblər Azərbaycan səhiyyyə sisteminə etimadsızlığı daha da artırıb. Digər səbəblər və çıxış yolları nədən ibarətdir?
Tibb.az saytının baş redaktoru Haibə Qurbanova bildirdi ki, vətəndaşların səhiyyə sisteminə inamsızlığının başlanğıcı bir qədər imkanlı şəxslərin müalicə üçün xaricə üz tutmalarından və özəl tibb müəssisələrinin yaranmasından sonra başladı: "Yəni keyfiyyətin deyil, kəmiyyətin çoxalması insanları çaş-baş saldı. Burada təbii ki, ən böyük məsuliyyət həkimlərin üzərinə düşür, çünki onların maaşını az olması səbəbindən daha çox qazanc əldə etmək istəyi - özəl klinika və firmalarla işbirliyi, bir neçə yerdə çalışmaları və sair səbəblər xəstələrin narazılığına səbəb olur. Yersiz növbələr, gözlətmələr, onsuz da sağlıq problemi yaşayan insanların daha da aqressivləşməsi, üstəgəl səhiyyə xidmətlərinin ölkədə həddindən artıq baha olması - bəzən bir analizin qiymətinin orta aylıq əmək haqqından da yüksək olması və buna rəğmən tibb işçilərinin xəstələri məhz belə bahalı müayinələrə yönləndirməsi ölkə səhiyyəsinə inamsızlıq yaradır. Hazırda bu sahədə vəziyyət elə bir acınacaqlı həddə çatıb ki, sosial şəbəkələrdə, forumlarda vətəndaşlarla tibb işçiləri arasında soyuq müharibə getdiyinin tez-tez şahidi oluruq. Bu isə real həkim-pasient münasibətinə təsirsiz ötüşmür. Bu və digər səbəblərdən əhali yaxın ölkələrə üz tutmaqla sağlığını yerli yox, xarici mütəxəssislərə etibar edirlər". O, həmçinin əlavə etdi ki, digər bir məsələ də var və bəlkə də bu çoxlarına adi gələ bilər: "Amma son illər pasiyentləri yerli səhiyyədən qaçaq salan bir səbəb də məhz pasiyent-həkim münasibətlərinin aşağı səviyyədə olmasıdır. Əslində bütün həkimlər yarım psixoloq olmalıdır. Həkimlər xəstənin vəziyyətinə görə onunla davranmalı olduğu halda, çoxları bunu etmir. Məsələn, illərdir övlad həsrətində olan bir ailəyə hətta "sizin övladınızın olması üçün gərək möcüzə baş versin" deyənlər də az deyil. Hazırda özəl səhiyyə qurumları dövlətin balansında olan tibb müəssisələrindən daha etibarlı sayılır. Əvvəla xidmət səviyyəsinə görə, daha sonra isə dövlət xəstəxanalarında xidmətin pulsuz olması barədə qərara əməl olunmaması səbəbindən. Yəni özəl və dövlət xəstəxanaları barədə məlumatı olanlar bilir ki, hər ikisinə müraciət etdiyi təqdirdə eyni miqdarda xərci çıxacaq, ona görə də bəri başdan xidmət səviyyəsi bir qədər yüksək olan özəl müəssisəyə müraciət edir. Müasir standartlara cavab verən binaların tikilməsinə, avadanlıqlarla təchiz olunmasına rəğmən pulsuz xidmət adı atında dövlət xəstəxanalarında baş verənlər xəstələri bu müəssisələrdən uzaqlaşdırır. İslahatlara gəlincə, buna ilk növbədə illərdir müzakirəsi gedən icbari tibbi sığortanın tətbiqindən başlamaq lazımdır. Bundan başqa, büdcədən maliyyələşən tibb müəssisələrinin "dövlət xəstəxanası" statusu ləğv olunaraq təsərrüfat hesablı fəaliyyətə keçirilməsi təmin olunmalıdır. Yəni, bir halda ki, xəstə ödənişli müayinə və müalicə olunur, heç olmasa ödədiyi vəsaitin hara sərf olunduğunu bilər. Belə olan təqdirdə tibbi heyətin də əmək haqqı yüksələr ki, onun da qarşılığında məsuliyyət hissi artar. Amma qeyd edim ki, Rusiyada, Gürcüstanda da həkimlərin əmək haqqı o qədər də yüksək deyil. Amma bu ölkələrdə tibbi sığortanın tətbiqi xəstələri qismən də olsa xilas edir".
Araşdırmaçı jurnalist Atif Sarıxanlı diqqətə çatdırdı ki, insanların səhiyyə sisteminə inamını möhkəmləndirmək üçün bir çox islahatlar həyata keçirilməlidir: "Fikrimcə, ilk islahat icbari tibbi sığortanın tətbiqi olmalıdır. Bu islahat vətəndaşların səhiyyə xərclərinin azalmasına, beləliklə onların pullarına qənaət etməsinə, həmçinin aztəminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradar. İcbari tibbi sığorta bütün vətəndaşların məcburi sığorta olunması deməkdir. Belə olduğu təqdirdə işsiz statusu olan və ya ünvanlı sosial yardım alan ailələr üçün sığorta haqqları dövlət tərəfindən alınır. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan, yəni xəstələnən zaman sığorta sənədini göstərməklə pulsuz olaraq müalicə oluna biləcək. Bir sözlə, icbari tibbi sığortanın tətbiqi insanların pullarına qənaət etməklə yanaşı, onların sağlamlığı və səhiyyəyə inamı baxımından əlverişli mexanizmdir. Digər tərəfədən, səhiyyədə əsas məsələlərdən biri də kadr problemidir. Hamımıza bəllidir ki, son illər ölkədə çoxsaylı tibb müəssisələri, diaqnostika mərkəzləri ya istifadəyə verilir, ya da yenidən qurulur. Bu, dövlətin vətəndaşa olan qayğısının əyani təzahürüdür. Amma gəlin baxaq, həmin müəssisələrdə kifayət qədər mütəxəsis-kadr varmı? Bu gün vətəndaşların müayinə və müalicə üçün daha çox üz tutduğu İran və Türkiyədə fəlaiyyət göstərən həkim-mütəxəscislərlə söhbətim olub. Azərbaycan səhiyyəsi haqqında geniş bilgiləri olan mütəxəsilərlə söhbət zamanı deyirlər ki, ölkəmizdə bu sahəyə kifayət qədər vəsait ayrılır. Hətta etiraf edirlər ki, Azərbaycanda olan bəzi avadanlıqlar digər ölkələrdə yoxdu. Ancaq problem ondadır ki, həmin avadanlıqlarla işləyə biləcək mütəxəsis qıtlığı var. Ona görə də insanlar bir çox hallarda başqa ölklələrə üz tuturlar. Onu da deyim ki, fikrimdən belə anşılmasın ki, səhiyyədə islahat getmir və durğunluqdur. Əlbəttə, islahat aparılır, amma bu, hələki insanları qaneedici səviyyədə deyil".
Jurnalist Əlişir Əhəd vurğuladı ki, mətbuatın və cəmiyyətin diqqətində olan əsas mövzulardan biri, bəlkə də birincisi ölkə səhiyyəsinin mövcud durumudur. Onun sözlərinə görə, hər gün qəzetləri, elektron informasiya vasitələrini düzgün müəyyən olunmayan diaqnozlar, yanlış cərrahi müdaxilələr, səhv təyin olunan müalicə kursları nəticəsində həyatından məhrum olanlar, öz doğmalarını itirənlər, ömürlük şikəst qalanlar barədə tükürpədici, ürək ağrıdan məlumatlar verir. Hətta elə gün olmur ki, gündəlik həyatda bu tip faktlarla qarşılaşmayasan. Hər birimiz mətbuatdan olmasa belə, öz yaxınlarımızın, doğmalarımızın, ya da tanışlarımızın başına gələn lazımsız və səviyyəsiz müayinə, yeni xəstəliklərə rəvac verən müalicə hadisələrini eşidirik. Yüzlərlə özəl və dövət tibb müəssisəsinin olduğu bir məmləkətdə ölkə vətəndaşlarının mütləq əksəriyyəsi xarici ölkələrə üz tutur". Onun fikrincə, etimadsızlıq o həddə çatıb ki, hətta dərman preparatları da xəstə yaxınları tərəfindən xaricdən alınır: "Öz maddi durumlarının səviyyəsinə görə imkanlı təbəqə Avropa ölkələrinə, orta təbəqədən olanlar Rusiya və Türkiyəyə, yoxsulluq içində çabalayan əksəriyyət isə İrana pənah aparır. Müvafiq strukturlar, xüsusilə də Səhiyyə nazirliyi özünü görməməzliyə, eşitməməzliyə vurmaqda davam edir...
Problemlərin əsas səbəbi kimi tez-tez həkimlərin əmək haqqılarının aşağı olmasını əsas gətirirlər. Əlbəttə, həkim personalı, bütünlükdə səhiyyə daim dövlətin önəm verdiyi, təminatına xüsusi diqqət yetirdiyi sahə olmalıdır. Amma heç bir səbəb, bəhanə insan həyatı ilə oynamağa əsas vermir. Əgər hörmətli səhiyyə işçilərimiz, eləcə də heç də ondan yaxşı durumda olmayan digər peşə sahibləri də maddi sıxıntı içərisindədirlərsə, əmək haqqlarından, dövlətin qayğısından narazıdırlarsa, çıxış yolu bu problemlərin acısının sadə xalqın, ölkə genefondunun, vətəndaşların, gələcəyimizin başında çatlatmaq olmamalıdır...".
Tibb elmlər doktoru Adil Qeybullanın fikrincə, Azərbaycan vətəndaşlarının müalicə üçün başqa ölkələrə getməsi təkcə yerli səhiyyə ocaqlarına etimadsızlıqla bağlı deyil. Yəni, dünyanın hər yerində xaricə müalicəyə getmək praktikası var: "Amma Azərbaycanda müalicəyə gedənlərin sayı həddindən artıq çoxdur. Hər halda, bununla bağlı ciddi düşünmək lazımdır. Hesab edirəm ki, burada bir neçə faktorlar mövcuddur. Burada peşəkarlıqla bağlı olaraq, etimadsızlıq məsələsi də var. Bir millətin özündə də xarici mütəxəssisləri özümüzünkülərdən üstün tutmaq məsələsi də var. Bir də müalicənin İranda daha ucuz başa gəlməsi faktoru da mövcuddur. Yəni, sadaladığım üç faktor bu miqrasiyada böyük rol oynayır".
Azərbaycan səhiyyə sisteminin mövcud vəziyyətinin dəyərləndirən Adil Qeybullanın sözlərinə görə, son illər müəyyən irəliləyişlər olsa da, xeyli sayda problemlər var.
Onun sözlərinə görə, Azərbaycandakı mütəxəssislərin böyük qismi sovet dövrünün mütəxəssisləridir: "Təbii ki, onlar arasında da peşəkarlar çoxdur. Amma sovet səhiyyə sistemi ilə Qərb səhiyyəsi arasında xeyli fərq var. Qərb səhiyyəsi daha avantajlı, daha inkişaf etmiş, daha üstün səhiyyədir. Hesab edirəm ki, biz tədricən Qərb səhiyyəsinin standartlarını mənimsəməliyik. Bununla bağlı, müəyyən işlər görülür. Xaricdə uzmanlar, xüsusi sahələr üzrə mütəxəssislər hazırlanır, amma bunlar yetərli deyil. Onlar regionlara da paylanmalıdırlar, bütün Azərbaycan üzrə təyin olunmalıdırlar ki, bizim səhiyyəmiz Qərb standartlarına uyğunlaşa bilsin. Yəni, kadr potensialı olduqca vacibdir. Ambulator sistemə keçmək, xəstənin stasionarda çox yatışını azaltmaq və s. məqamlar Qərb standartlarının əsas istiqamətləridir ki, biz də tədricən ona keçməliyik".
Səhiyyə sahəsində aparılan islahatların da zəif getdiyini vurğulayan tibb elmlər doktorunun qənaətincə, görüləsi xeyli işlər var. Məsələn, sığorta təbabəti ilə bağlı xeyli söhbətlər getsə də, məsələ indiyə qədər öz həllini tapmayıb: "Səhiyyənin maddi-texniki bazasında xeyli möhkəmlənmələr var. Azərbaycanda olan avadanlıq İranın əksər klinikalarında yoxdur, onların özləri də bunu etiraf edirlər. Təəssüflər olsun ki, xalq bunlardan yetərincə faydalana bilmir. Bax, əsas problem də budur".

Əli