
Unutqanlıq mütləq başqa problemlərin simptomlarından biridir, bəzi xəstəliklərin mövcud olduğuni göstərir
Normal insan yaşadığı heç nəyi unutmur. Çünki insan beyni qavrama və saxlama qabiliyyətinə malikdir. Amma müşahidələr göstərir ki, artıq yaşından asılı olmayaraq insanlarda unutqanlıq adi hala çevrilməkdədir. Bu gündəlik ictimai və ailə həyatında xüsusi bir maneəyə çevrilərək ciddi fəsadlar verir. Mütəxəssislər bildirir ki, əgər unutqanlıq baş verirsə, bu artıq ciddi xəstəliklərin göstəricisi sayıla bilər. Bu gün hamının gündəlik qarşılaşdığı problemlərdən olan unutqanlıq stressdən, zehni yorğunluqdan, depressiyadan yarana bilər. Mütəxəssislərə görə, unutqanlıq gündəlik həyata təsir edə bilmirsə, qorxulu hal sayılmır. Müəyyən bir yaşdan sonra unutqanlıq hiss olunursa, artıq psixiatra müraciət etmək lazımdır.
Psixiatr Ramin Əliyevin sözlərinə görə, 40-50 yaşlarında unutqanlıq halları yaşanırsa, bununla bərabər kefsizlik, əhvalsızlıq, halsızlıq, diqqət pozğunluğu, işdən boyun qaçırma kimi hallar müşahidə edilirsə, bu, insanın güclü depressiyada olduğuna işarədir və belə halları keçirənlər mütləq psixiatra müraciət etməlidirlər. Daha gənclərdə görünən unutqanlığın səbəbləri isə sırf psixoloji problemlərdir. Məsələn, şəhər və iş həyatının gətirdiyi stress, depressiya, gərginlik beyin funksiyalarından diqqəti bir yerə yığma və idarəetməni pozaraq unutqanlıq yaradır. Bundan əlavə, bəzi vitamin əskiklikləri, beyin şişləri, beyin damarındakı tıxanmalar, beyin qanamaları və daha bir çox xəstəlik də özünü unutqanlıqla büruzə verə bilər.
Mütəxəssislərin fikrincə, unutqanlıq ağlını itirmə, yol qəzası, baş zədəsi, menengit keçirmə kimi səbəblərdən irəli gəlmirsə, deməli, unutqanlığa başqa bir xəstəliyin atipik vəziyyəti səbəb olur. Ramin Əliyevin bildirdiyinə görə, ciddi zədələr nəticəsində əmələ gəlməyən unutqanlıqları mütləq başqa hallar - yuxusuzluq, halsızlıq, əhvalsızlıq müşayiət edir. Zədə nəticəsində alınmış unutqanlıq ciddi psixoloji xəstəliyin əlaməti ola bilər: "Əgər insan hər hansı bir ağır hadisə yaşayıb və o hadisəni unudubsa, bu, artıq ciddi problemdir. Xəstəliyi təyin etmək üçün bu insanın yaşadığı hadisəni bilmək lazımdır. Zədə keçirən birində unutqanlıq varsa, onu psixoloji bir vəziyyət kimi qəbul etmək doğru deyil. Ruhi bir zədə yaşayıb-yaşamadığı, hər hansı başqa bir xəstəlik olub-olmadığı, depressiya vəziyyəti kimi bir çox faktoru araşdırmaq lazımdır. Unutqanlıq ciddi və qalıcı bir şəkildə davam edirsə, xəstəni nevropsixoloji müayinədən keçirdikdən sonra düzgün müalicəyə başlamaq olar".
Amma qeyd etmək lazımdır ki, unutqanlıq özü ayrılıqda xəstəlik kimi də müşahidə oluna bilər. Buna təbabətdə psixoloji amneziya və ruhi səbəblərdən qaynaqlanan unutqanlıq da deyirlər. Belə xəstələrin müalicəsinə başlamazdan əvvəl onları dinləmək və keçirdikləri halları həkimlə müzakirə etmək lazımdır. Depressiyadan yaranan unutqanlıqlar depressiv dərmanlarla aradan qaldırıla bilər.
Mütəxəssislər hesab edirlər ki, unutqanlığa əsas səbəblərdən biri də yuxusuzluqdur. Həkimin fikrincə, yuxusuzluq diqqət pozğunluğu yarada bilər ki, bu da qalıcı və gündəlik həyata təsir edən unutqanlıq halına gətirib çıxara bilər. Əsasən yaşlılar, keçmişdə depressiya yaşamış, damar xəstəliklərindən əziyyət çəkənlər, keçmişdə ciddi baş yaralanmalarına məruz qalanlar, aşağı təhsil səviyyəsi olanlar unutqanlığa düçar olur.
Unutqanlığı aradan qaldırmaq, yaddaşı gücləndirmək üçün sağlam qidalanmaq və bol su içmək məsləhət görülür. Uzun müddətli pəhrizlər, aclıqlar unutqanlığın yaranma səbəbi ola bilər. İdman etmək, gündə yarım saat gəzinti, krassvordlar həll etmək, kitab oxuma, musiqi dinləmək, ictimai əlaqələri inkişaf etdirmək yaddaşı möhkəmləndirir. Təzyiq, xolestrol yüksəkliyi, ürək xəstəliyindən əziyyət çəkən insanlar ağlını itirmə - unutqanlıq riski daşıdığı üçün bu xəstəliklərdən əziyyət çəkənləri daim nəzarət altında saxlamaq lazımdır.
Mütəxəssislər bildirir ki, unutqanlığa səbəb həddən artıq spirtli içkilərin istifadəsi və siqaret çəkmək də ola bilər. Unutqanlıq olduğunda "yaşlılıqdandır" deməyib həkimə müraciət etmək lazımdır.
Ramin Əliyev bildirir ki, unutqanlığı aradan qaldırmaq və hafizəni gücləndirmək üçün kələm, ispanaq, çiyələk, albalı, böyürtkən, quşüzümü, badımcan, üzüm, ərik, qırmızı soğan, qırmızı alma, çuğundurdan qida rasionunda çox istifadə etmək lazımdır: "Balıqların yaddaşı 3 saniyəlik olsa da, balıq yemək də yaddaşı gücləndirir. Gündə bir dəfə balıq yemək yaddaşı gücləndirməklə yanaşı, insanı 3 yaş cavan saxlayır. Əgər balıq yeyə bilmirsinizsə, xüsusi balıq yağı həblərindən istifadə edin. Bundan əlavə, taxıl, kalium, B, C vitamini beyin funksiyalarını nizamlayır".
Həkimin dediyinə görə, unutqanlıq yaradan qidalardan biri də qəhvədir. Belə ki, sizin ayılmaq məqsədilə içdiyiniz 1 fincan qəhvə yaddaşınızın zəifləməsinə səbəb olur. Düzdür, qəhvə içdikdən 1-3 saat sonra özünüzü gümrah hiss edirsiniz, amma bu keçicidir: "Səhər acqarnına qəhvə içmək, müvəqqəti enerji verib, əhvalınızı qaldırsa da, sonradan sizin kabusunuz ola bilər. Belə ki, aclıq davam etdiyi təqdirdə, qanınızdakı şəkərin miqdarı azalar və bu da diqqət pozulmasına səbəb ola bilər. Bir neçə dəfə təkrar keçirdiyiniz unutqanlıq zamanla qalıcı unutqanlığa çevrilə bilər ki, bu da sizin gənc yaşda ağlınızı itirməyə bərabərdir. Ümumiyyətlə, qalıcı unutqanlıq - ağlın itməsi deməkdir".
Həkim-nevropatoloq Gülnarə Baxşıyevanın sözlərinə görə, əgər müəyyən yaşdan sonra unutqanlıq başlayıbsa, insanlar bunu yaşlanma ilə əlaqələndirib nevropatoloqa müraciət edirlər:
"Ancaq gənc yaşlarda, yəni 40-50 yaşlardan öncə davamlı və gündəlik həyata təsir edən unutqanlıq başlayırsa, bu, insanın depressiyada olmasının əlamətidir ki, bu zaman psixiatra müraciət olunmalıdır. Ümumiyyətlə, yol qəzası, travma, meningit kimi səbəbləri nəzərə almasaq, unutqanlıq çox sıx müşahidə edilən bir vəziyyət hesab olunmur. Unutqanlıq mütləq başqa problemlərin simptomlarından biridir, əsasən depressiya və digər xəstəliklərin mövcud olduğuni göstərir".
Unutqanlıq özünü bir xəstəlikdə büruzə verir ki, bu da "psixogenik amneziya", yəni ruhi səbəblərdən qaynaqlanan unutqanlıqdır. Həkimin fikrincə, unutqanlığın müalicəsi kimi yaddaşı gücləndirmək önəmlidir ki, bunun yolları isə yaxşı, düzgün qidalanma və bol su içmək, ağır pəhriz və uzun müddətli aclıqdan uzaq durmaq, idman etmək, hərəkətlilik, tapmaca tapmaq, kitab oxumaq, musiqi dinləmək, əhatə dairəsini genişləndirməkdir. Onu da qeyd edək ki, bunun səbəblərindən biri də bədəndəki B12 vitamininin əskikliyi ola bilər; vegetarianlar və pəhriz saxlayanlar bu baxımdan diqqətli olmalıdırlar. B12 vitamini bir çox faydaları ilə yanaşı, insanda hafizənin güclənməsinə yardım edir.
Gülnarə xanım deyir ki, masa arxasında davamlı oturduqda beynə qan getmir və unutqanlıq başlayır: "Təbii ki, səhərdən axşama qədər ofisdə oturub çalışan işçiləri gözləyən təhlükə sadəcə kürək, boyun və bel ağrıları deyil. Onurğada meydana gələn sərtlik bir müddət sonra beynə gedən qan axınının azalmasına səbəb olur. Davamlı oturmaq beynə qan getməsinin qarşısını aldığı üçün unutqanlıq başlayır. Bu artıq təsdiq olunub ki, uzun müddət masa arxasında oturma son dərəcə təhlükəli hal hesab edilir, çünki onurğa sərtliyi olanların beyninə qan axını normadan daha azdır. Bu problem insanların danışmasına belə mane olur. Birdən durub hərəkət etməyə başladıqda başgicəllənmə ortaya çıxa bilər. Eləcə də hansı işi görəcəyini unudur, söyləyəcəyi fikir yadından çıxır. Belə insanlar davamlı olaraq yorğun olurlar. Bunun üçün çalışanların masa arxasında oturmasının mümkün olduğu qədər qısa olması lazımdır. Maksimum 1 saat oturduqdan sonra qalxıb 5-10 dəqiqə hərəkət etmək, boyun, qol və qıçları sağa-sola çevirmək, kürəkdə sərtlik hiss etdikdə dik oturmaq lazımdır".
Sosioloq Əhməd Abbasbəyli bildirir ki, Əmək Məcəlləsində 5 günlük iş yerləri ilə bağlı gündə 7-8 saat iş rejimi nəzərdə tutulur: "Bütün dövlət qurumları, istər özəl müəssisələr, istər ictimai qurumlar, Əmək Məcəlləsinin tələblərinə riayət etməlidir. Xüsusilə də özəl müəssisələrdə qanun pozuntuları var. Əmək müqaviləsi bağlanması ilə bağlı problemlər var ki, xüsusilə də bu özünü inşaat sektorunda göstərir. Lakin son dövrlər bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Problem asudə vaxtın düzgün qurulmamasıdır. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi insanların pensiya təminatı, eləcə də sağlamlığı ilə bağlı problemlərin qarşısını alar".
Sosioloqun fikrincə, hüquqi tərəfindən başqa, iş zamanı insanların yaddaşının pozulması, nevroloji problemlər, eləcə də iş zamanı aldığı travmalarla bağlı sığortası ilə əlaqədar çətinliklər yarana bilər: "Bu gün insanların həddindən artıq əsəbi vəziyyətdə oluğunu hamımız müşahidə edirik. İnsan 10-12 saat işlədikdə, xüsusilə də yay mövsümündə psixoloji, yaddaş, görmə qabiliyyəti ilə bağlı problem ola bilər. İnsanlarda iki cür, yaxın və uzaq yaddaş olur. Bir sıra insanlarda yaxın yaddaşla bağlı problem olur ki, ən yaxın dövrdə gördüyü işi unudur. Amma uzaq yaddaş insanların keçmişlə bağlı xatirələrini tam əhatə edir. Əsasən yaxın yaddaşla bağlı daha çox problem var ki, bu da insanların yorğunluğu, şəxsi problemlər və iş saatının çoxluğu ilə bağlı ola bilər".
Psixoloq Tariyel Faziloğlu isə deyir ki, unutqanlıq əsasən sinir sisteminin yüklənməsi nəticəsində yaranan psixoloji haldır: "Belə ki, insan zehni əməklə həddən artıq məşğul olduqda, sresli iş rejimində çalışdıqda, depressiya keçirdikdə, nədənsə uzun müddət narahat olduqda bu hal baş verir. İnsan bu vəziyyətlə üzləşdikdə sanki beyni dumanlı olur və heç bir şeyi tam yadda saxlaya bilmir. Bunun əsas səbəbi odur ki, insanın sinir sistemi həddən artıq yükləndikdə baş beyin həddən çox siqnal alır və bütün bunları realizə etməkdə çətinlik çəkir, buna görə də bir çox məlumatları ötürür. Buna görə də insan həmin məlumatları xatırlamır. Nəticədə insan məcbur olur ki, bir şeyi dəfələrlə təkrarlasın və ya yenidən eyni hərəkəti etsin. Bu da insanda özünə inamsızlığın və digər problemlərin yaranmasına səbəb olur". Psixoloqun fikrincə, belə hallarla qarşılaşdıqda ən yaxşı müalicə üsulu istirahət etmək və hazırda yaşanan problemi həll etməyə çalışmaqdır.
Ülviyyə Tahirqızı