Uşaqlarda emosional gərginlik problemi Hadisə

Uşaqlarda emosional gərginlik problemi

Müəllim və valideynlər tərəfindən yanlış münasibətlər bəzi şagirdlərdə aqressiv davranışa səbəb olur

Psixikanın əsas vəzifəsi orqanizmin işi ilə daim dəyişən xarici mühit arasındakı müvazinəti təmin etməkdir. Bu isə hər zaman mümkün olmur. Bəzən mühit psixikanın qarşısında onun imkanını aşan tələblər qoyur və beləliklə onun işini pozur. Bu da öz növbəsində emosional gərginlik halının yaranmasına səbəb olur. Ölkədə emosional gərginlik törədən amillər (müharibə şəraiti, qaçqınların olması, maddi-iqtisadi çətinliklər, zəlzələlər, ağır ekoloji vəziyyət və s.) çoxalıb. Məktəb praktikası göstərir ki, bu təlim-tərbiyə prosesindən yan keçmir və demək olar ki, hər addımda özünü aydın şəkildə biruzə verir. Emosional gərginliyin əmələ gəlməsi və uzun müddət davam etməsi şagirdlərin həm fiziki, həm də psixi sağlamlığına ağır zərbə vurur, münasibətlər sistemində, davranışlarında, ünsiyyətlərində ciddi pozğunluqlar yaradır.
Təəssüflə qeyd etmək lazımdır ki, əksər insanların bu barədə heç bir psixoloji məlumata, biliyə malik olmaması vəziyyəti daha da ağırlaşdırır. Bəs emosional gərginlik nədir? Psixoloji ədəbiyyatda stress, frustrasiya, həyəcan, affekt və s. emosoinal gərginliyin növləri kimi göstərilib.
Psixoloji müşahidələr apararkən şagirdlərdə bu emosional halların əksəriyyətinə təsadüf edilir. Hər hansı bir hadisədən stress keçirmiş şagirdlərdə həm fiziki (mədə-bağırsaq pozuntuları, yuxusuzluq, yorğunluq, güclü ürək döyüntüləri, başgicəllənmələr və s.), həm də psixi (diqqətin zəifləməsi, yaddaş pozuntuları, təhsil almaq istəyinin itməsi və s.) dəyişikliklərə rast gəlinir. Belə şagirdlərin (hətta əlaçıların) qiymətləri birdən-birə dəyişir. Bəzi müəllimlər onlara aşağı qiymət verir, bəziləri isə "bu şagirdə görəsən nə oldu belə, zəiflədi?" - deyə təəccüb edirlər. Bu vəziyyət ailədən də yan keçmir. Psixoloji biliyi aşağı olan valideynlər uşaqları yerli-yersiz danlayır, dərsə hazırlaşmaması, aşağı qiymət alması, davranışının dəyişilməsi üstündə ciddi tənbeh edirlər. Bu isə vəziyyəti daha da ağırlaşdırır. Məktəbdə və evdə danlanıb-döyülən bəzi şagirdlərdə frustrasiya halı yaranır. Belə şagirdlər ümidsizlik, bədbinlik halı yaşayır, özlərini dəyərsiz, kütbeyin adam hesab edir, fikirləşirlər ki, "məndən oxuyan olmaz". Bu da onların təlim-tərbiyə prosesindən tamamilə uzaqlaşmasına səbəb olur. Müəllim və valideynlər tərəfindən yanlış münasibətlər bəzi şagirdlərdə aqressiv davranışa səbəb olur. Belə şagirdlərdə ətraf mühitə münasibət dəyişir, hər kəsə "düşmən gözü ilə baxırlar". Onlar yoldaşları ilə dalaşır, müəllimlərə və valideynlərə yerli-yersiz cavab qaytarır, ünsiyyətlərində kobud sözlər əskik olmur, imkan yaranan kimi qırıb-sındırmaq, sökmək (məsələn, məktəbin pəncərəsini, partaları, qapıları və s.) başqalarına ziyan vermək kimi davranışlar müşahidə olunar.
Hətta belə ağır vəziyyətdə də müəllim və valideynlər psixoloqa müraciət etməyi ağıllarına belə gətirmirlər, çox zaman daha sərt cəza tədbirlərinə əl atırlar. Bunun nəticəsi isə daha ağır olur. Məsələn, şagirdin mənliyinə toxunan ağır bir söz və ya təhqir affektə səbəb ola bilir. Məlumdur ki, affekt - anidən, qəflətən yaranan son dərəcə qüvvətli, lakin qısa müddətli emosional haldır. Müşahidələr göstərir ki, bütün hallarda affektin kiçik, cüzi görünən təsirlərdən yaranmasının əvvəlki tarixcəsi olur. Bu müddət ərzində insanın daxilində gərginlik yavaş-yavaş artır, nəticədə son dəfəki cüzi görünən təsir necə deyərlər kasanı dolduran son damlaya çevrilir.
Affekt yeniyetmələrdə daha tez və cüzi səbəblərdən yaranır. Affekt halında şüurun fəaliyyəti məhdudlaşır, həmin anda baş verən hadisələr çox hallarda unudulur və sonradan xatırlamaq olduqca çətin olur. Daha güclü affektlərdə isə şüurun itməsi, yəni tam amneziya müşahidə olunur. Məhz buna görə də həm müəllimlər, həm də valideynlər affekt yarada biləcək situasiyalardan çəkinməli, diqqətli olmalıdırlar.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, şagirdlərin fiziki və psixi sağlamlığını qorumaq üçün emosional gərginlik hallarının qarşısını vaxtında almaq lazımdır. Yalnız tədbirlərə əl atmaq şagirdlər üçün psixotravmalara gətirib çıxarır ki, bunun nəticələrini aradan qaldırmaq olduqca çətin olur, bəzən isə mümkün olmur. Emosional gərginlik hallarının aradan qaldırılması üçün ilk növbədə aşağıdakı qaydalara riayət olunmalıdır. Müəllim və valideynlər şagirdin davranışında, ünsiyyətində, münasibətlər sistemində mənfi dəyişikliklər müşahidə etdikdə yanlış qərarlar verməməli, cəza tədbirlərinə əl atmamalıdırlar. Bu barədə mümkün qədər tez psixoloqa müraciət olunmalıdır. Şagird də emosional gərginliyin yaranmasına hansı amillərin təsir etdiyi müəyyənləşdirməli və aradan qaldırmalıdır. Şagirdlə psixoprofilaktik iş aparılmalı və məktəbdə psixokorreksiya tədbirləri görülməlidir.
Mütəxəssislər deyir ki, səhv söz deyəndə valideyni tərəfindən ağzına sillə vurulan azyaşlı sonradan harda, neçə yaşda olmasından asılı olmayaraq fikrini ifadə etməkdə, düşüncələrini çatdırmaqda çətinlik çəkəcək. Uzun illərdən bəri Azərbaycan ailələrində əsas tərbiyə metodu döymək, ya da söyərək təhqir etmək hesab edilib. "Uşaqsan, otur öz yerində", "sən böyüklərin işinə qarışma", "qərarı biz qəbul edəcəyik" kimi fikirlər səsləndirən valideynlər bu yolla övladlarının gələcəkdə bir şəxsiyyət kimi formalaşması üçün yaranan imkanlarının üstündən xətt çəkməklə yanaşı, həm də onların söz-fikir azadlıqlarına da senzura qoymuş olurlar. Hər zaman qapalı şəraitdə böyüyən uşaq səhv söz işlədərkən elə zənn edirlər ki, çox böyük bir faciə ilə qarşılaşacaqlar. Belə şəraitdə böyümüş insan uşaq ikən gördüklərini təkrarlamağa çalışacaq.
Psixoloq Tünzalə Verdiyeva deyir ki, müəllimlərin bir çoxu əsəb gərginliyi yaşadığından şagirdlərlə kobud davranır: "Uşaqları döyən müəllimlər problemli insanlardır. Ya onların səhhətində, ya da ki, psixoloji durumlarında müəyyən problemlər var. Ümumiyyətlə, hər bir insanın ödənilməyən tələbatları var. Bu tələbatlar ödənmədikdə insanda əsəbi gərginlik yaranır ki, nəticə etibarı ilə məktəbdə dərs deyən müəllim azyaşlı, ya da ki yeniyetmənin xırda dəcəlliyini qəbul etməyərək onu döyür. Bu cür hadisələrin mütəmadi hal alacağını düşünmürəm. Artıq öncəki illərin uşaqlarından fərqli olaraq indiki məktəblilər daha ayıq şəkildə hər şeyə tez reaksiya verirlər. Onlar hüquqlarını da çox yaxşı bilirlər. Sinif yoldaşının müəllim tərəfindən hüquqlarının tapdalandığını görən şagirdlər dərhal baş verən olayları telefon vasitəsilə çəkərək sosial şəbəkələrdə yaymağa başlayırlar. Lakin uşaq mütəmadi olaraq məktəbdən çox ailədə təzyiqlərə məruz qalır. Bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda ailələrdə sosial işçi olmadığı üçün bu sahədə vəziyyət daha gərgindir. Ümumiyyətlə orta məktəblərdə şagirdin ailədəki durumu haqda məlumat almaq məqsədi ilə ailələrə səfərlər təşkil edilmir. Uşaqlar həm ailədə, həm də ki, məktəblərdə fiziki və mənəvi zorakılığa məruz qalırlar".
Hüquqları tapdalanan uşaqların mənəvi-psixoloji zorakılığa məruz qaldığını deyən Tünzalə Verdiyeva onların gələcəkdə normal şəxsiyyət kimi formalaşa bilməyəcəyini də vurğulayır: "Mənəvi, psixoloji və fiziki zorakılıq nəticəsində uşağın şəxsiyyəti tapdalanır. Bu cür zorakılığa məruz qalan şəxslərin şəxsiyyəti qarşı tərəfə görə qəbul edilmir. Bu zaman uşaq bir fərd və şəxsiyyət kimi nəzərə alınmır. Nəticədə də qarşı tərəf onun əvəzindən qərarlar qəbul edə, onun dilindən fikir səsləndirə bilir. Şəxsiyyət kimi formalaşmasında maneələrlə qarşılaşan uşaqlar vəziyyətdən çıxış yolunu intiharda görürlər. Şagird müəllim tərəfindən əmək nailiyyətlərinin heçə enməsini, sinif yoldaşlarının qarşısında təhqir olunmasını heç cür qəbul edə bilmədiyi üçün depresiyaya düşür. Uşaqların depresiyaya düşməsində, intihara cəhd etməsində, evdən qaçmalarında valideynlərin də rolu danılmazdır. Bəzən valideyn "dərsdən iki alsan, səni evə buraxmayacağam" deyərək azyaşlını qorxudur. Nəticədə istədiyi uğuru qazana bilməyən şagird evə gəlməməklə vəziyyətdən çıxış yolu axtarır ki, bundan sonra da onların evdən qaçma halları müşahidə edilir. Nəticədə azyaşlı və yeniyetmələr pis yollara düşərək mənfi vərdişlərə meyilli olurlar".
Psixoloq bildirir ki, özündən güclü tərəfindən döyülərək təzyiqlərə məruz qalan şəxs müəyyən müddət keçdikdən sonra özündən zəiflərə qarşı gücünü göstərəcək. Valideyni tərəfindən döyülən uşaq övladını, müəllimi tərəfindən döyülənlər isə tabeliyində olan hər kəsi incitməyə çalışacaq. Zorakılıq görən uşaq sonradan mütləq aldığı təzyiqlərlə əlaqədar kimdənsə qisas alacaq. Uşağın normal gələcəyi üçün ona şəxsiyyət kimi yanaşmaq lazımdır. Valideyn və müəllim qapazaltısında böyüyən azyaşlının bütün qabiliyyət və istedadları pərdə arxasında qalacaq. Beləcə müəyyən komplekslərlə böyüyən uşaqda öz istedadına, bacarıqlarına qarşı inam hissi ölür. Uşaqların müəllimlər və valideynlər tərəfindən döyülməsinin tibbi fəsadları da çoxdur.
Tünzalə Verdiyevanın bildirdiyinə görə, bir çox məktəblərdə müəllimlərin də psixoloji durumu, niyə bu qədər emosional olmalarının səbəblərinin aydınlaşdırılması vacibdir: "Müəllim-uşaq arasında konfliktlərin yaranmasında əksər hallarda müəllimlər günahkar olurlar. Emosiyalarını cilovlaya bilməyən problemli müəllim uşağın adi şıltaqlığına belə dözə bilməyib qışqırıb, döyüb, küncə qoymaqla onu sərt formada cəzalandırmalı olur. Məktəbdə rastlaşdığımız bu cür arzuolunmaz halların qarşısını almaq üçün ilk növbədə müəllimlərlə işləmək lazımdır. Aqressiv ananın övladları aqressiv olduğu kimi, aqressiv müəllimin də şagirdləri onun kimi olur. Xüsusən də ibtidai sinifdə dərs deyən müəllimlər gərək ki, qəmginliklərini, əsəbi gərginliklərini azyaşlılara biruzə verməsinlər. Müəllimlərin 80 faizindən çoxunun qadınlar olmasını nəzərə alaraq keçid yaş dövründə əsəbi gərginlik yaşayaraq onların aqressiv olmaları müşahidə edilə bilər. Ən yaxşı müəllim o şəxsi adlandırmaq olar ki, ailəsində problem yaşayan uşaq öz dərdini ona açıb deyə bilir. Şagirdi üçün kədərlənən, onun mövcud vəziyyətinə acıyan müəllim daha çox hörmətə layiq görülür".

Ülviyyə Tahirqızı