Şuranın maliyyə dəstəyi ilə İrstv.az saytının təqdimatı keçirilib Hadisə

Şuranın maliyyə dəstəyi ilə İrstv.az saytının təqdimatı keçirilib

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli müxtəliflik mədəni zənginlik deməkdir” adlı yeni layihəsi çərçivəsində hazırlanan www. İrstv.az saytının təqdimatını keçirib. QHT sədri Füzuli Kərimov layihə haqqında qısa məlumat verib. Bildirib ki, layihənin fəaliyyət planına uyğun olaraq sayt 4 ay müddətində fəaliyyət göstərəcək: “Ancaq bu layihə mövzusunun günün aktual mövzularından biri olduğunu nəzərə alaraq, daxili imkanlarımız çərçivəsində saytın bir neçə il də fəaliyyətini davam etdirəcəyini qərara almışıq”. QHT rəhbəri onu da vurğulayıb ki, əsas məqsəd saytda Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıqlar və etnik qrupların öz mədəni irslərinin qorunub saxlanılması və bu sahədə dövlətin onlara göstərdikləri qayğı və diqqət ictimailəşdiriləcək: “Azərbaycan tolerant və mədəni müxtəlifliyin qorunduğu bir ölkədir. Bizim ölkədə bütün azsaylı xalqların nümayəndələrinə öz tarixlərini, milli, mədəni müxtəlifliyini, irsini qoruyub saxlamaq, inkişaf etdirmək üçün geniş şərait yaradılıb. Bu sahədə görülən işləri ictimailəşdirmək bizim də borcumuzdur”. F.Kərimov onu da qeyd edib ki, gələcəkdə saytın rus dilində də versiyasının hazırlanması planlaşdırılıb. Daha sonra saytın redaktoru C.Şahverdiyev media nümayəndələrinə saytda yerləşdiriləcək materiallar, reportaj və videolardan bəhs edib. O, bildirib ki, saytın əməkdaşları milli azlıqların kompakt yaşadıqları bölgələrdən reportajlar hazırlayacaq, onların nümayəndələrinə tribuna veriləcək, fəaliyyətləri ilə bağlı ictimaiyyətə dolğun məlumatlar veriləcək. Tədbirdə iştirak edən jurnalistlər milli azlıqların mədəni irsinin qorunması ilə bağlı belə bir internet resursun fəaliyyət göstərməsini təqdirə layiq hal hesab ediblər.