Azərbaycanda tibbi vasitələrin keyfiyyətini müəyyən edən laboratoriya yoxdur Hadisə

Azərbaycanda tibbi vasitələrin keyfiyyətini müəyyən edən laboratoriya yoxdur

Azərbaycanda şpris istehsal edən zavod olsa da, ölkəmizdə Çin və Türkiyə istehsalı olan keyfiyyətsiz şprislərin satışı tüğyan edir. Sputnik Azərbaycan ölkəmizdə şpris istehsalı ilə məşğul olan "Diamed CO" zavodunun məhsullarının satışa çıxarılmamasının səbəbini araşdırıb.
"Diamed CO"zavodunun direktoru Samirə Hüseynova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zavodun illik istehsal gücü 135 milyon ədəd müxtəlif tutumlu şpris istehsalına imkan versə də, zavod ildə 50 milyon şpris istehsal edir. Buna baxmayaraq zavodun istehsal etdiyi şprislər yerli bazarda satışda yoxdur. Samirə Hüseynova deyir ki, bunun səbəbi ölkəmizə Çindən ucuz və keyfiyyətsiz şprislərin gətirilməsidir: "Bizim istehsal etdiyimiz şprislər tam standartlara uyğundur. Zavodumuzda istehsal olunan şprislərin iynələri Yaponiyanın qabaqcıl "Nipro Pharma" şirkətinə məxsusdur. İynələri hazır alaraq Azərbaycana gətiririk. Artıq ölkəmizdə 2, 5, 10 və 20 qramlıq şprislərin satışına başlamışıq. Amma şprisin topdansatışı ilə məşğul olan şirkətlər xaricdən ucuz şprisləri alaraq ölkəyə gətirdiklərindən, bizim məhsulu alan yoxdur. Halbuki, bizim istehsal etdiyimiz şprislər Almaniyanın ən yüksək keyfiyyətli şprislərindən 30 faiz ucuzdur".
Samirə Hüseynova deyir ki, yerli zavodda istehsal olunan şprislərin qiyməti 6-10 qəpik arasında dəyişir. Həmsöhbətimiz bildirir ki, zavod hazırda istehsal gücünün 30 faiz həcmində işləyir: "Bizim zavod hazırda bir növbəlik rejimdə çalışır. Halbuki üç növbə rejimində işləyərək illik 135 milyon şpris istehsal edə bilər".
Apteklərdən isə bildiriblər ki, indiyədək onlara yerli şprislər verilməyib: "Bizə depolar hansı şprisi versə, biz də onu satırıq. Hələki nə bizə, nədəki, digər aptek şəbəkələrimizə yerli şpris gətirilməyib".
Aptekləri şprislə təmin edən dərmanların topdansatışı ilə məşğul olan şirkətlərdən isə onlara yerli şprisin satışını təklif edənin olmadığını bildirdilər: "Bizə hələki yerli istehsal olan şprislərin satışı təklif edilməyib. Təklif gəlsə bizim üçün hansı müəssisənin istehsalının olmasının fərqi yoxdur. Şprisi aptek satır, alıcı alır. Biz də əsasən alınan mala işləyirik. Əgər görsək ki, tələbat çoxdur, Çinin, Türkiyənin şprislərini qoyub yerli malı satacağıq. Amma gərək yerli şprislərin satışı üçün uyğunluq sertifikatı olsun. Biz idxal etdiyimiz şprislərin uyğunluq sertifikatını aidiyyatı qurumlara təqdim edirik".
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ölkədə dərman preparatlarının keyfiyyətini yoxlayan laboratoriya olsa da, tibbi vasitələrin keyfiyyətini müəyyən edən laboratoriya yoxdur: "İdxal olunan dərman preparatları üçün bizə dörd əsas sənəd təqdim edilir. Eyni zamanda onların keyfiyyəti laborator müayinə edilir. Hazırda tibbi vasitələrin keyfiyyətini yoxlamaq üçün laboratoriya yoxdur. Belə bir laboratoriyanın yaradılması istiqamətində iş aparılır. Yaradıldıqdan sonra həm ölkəmizdə istehsal olunan, həm də idxal olunan tibbi vasitələrin keyfiyyətini yoxlamaq mümkün olacaq".