Polis gününə sözardı Hadisə

Polis gününə sözardı

Onlar da bizdən biridir...
Onlar da bizim kimi ailələrinin, doğmalarının qayğısını çəkir, həyacan keçirir, sevinir, kədərlənirlər.
Ətraflarında baş verən gərginlik, sıxıntılar onlara da bizim kimi təsir göstərir.
Onları da bu dünyaya ana gətirib – Azərbaycan anası... Hansısa özgə ölkədən və ya planetdən gəlməyiblər.
Bəzən onların qanuni tələblərini, yaxud sərt davranışlarını aşırı kobudluq kimi qəbul edib xoşlanmaya bilərik. Amma polis “nəcib qızlar gimnaziyası” deyil, dövlətin sərt üzüdür. Bu üz öz klassik görünüşünü və mahiyyətini itirsə, bundan daha çox adam oğruları, quldurlar, qatillər, terrorçular, dövlətə, millətə silah qaldırmağa hazır olan xainlər, kəsəsi, rahat həyatımızı hər an alt-üst etmək üçün məqam gözləyən potensial cinayətkarlar sevinəcəklər.
Bir anlıq polisin öz xidmətinə 1 günlük ara verdiyini təsəvvür edin... Təkcə paytaxt Bakının deyil, ölkənin sərhədlərindən kənarda, süquta uğramış SSRİ-nin qalıqları üzərindən yenidən boy atmağa çalışan, xaosun, özbaşınalığın hökm sürdüyü, nəhəng bir imperiyanın mədəniyyət mərkəzindən “quldurlar məkanı”na çevrilən bir şəhərin keçmiş sakini kimi bunun nə demək olduğunu çox yaxşı bilirəm. Hər addımda qarət edilməyin, izlənməyin, özünə, doğmalarına tuşlanan silahların vahiməli soyuqluğunun, ölüm təhlükəsinin..., küçənin ortasındaca təcavüzə məruz qalan bir qızın ah-nalə dolu hayqırtılarının, yalvarışlarının nə demək olduğunu da həmçinin...
Paradoksal görünəcək, amma biz təkcə humanizmi, mərhəməti yox, sərtliyi də qorumalığıq. Çünki bu sərtlik bizi humanizm dəyərlərinə meydan oxuyan, mərhəmətsiz insanlardan, onların törədə biləcəkləri qanlı cinayətlərdən qoruyur.
Bəzən polisdən, bunun real olub-olmadığının fərqinə varmadan çox şey gözləyirik. Gözləyirik ki, polis gəlib bizim əvəzimizə hər kəsin qanunlara, ictimai davranış qaydalarına əməl etdiyi, yüksək mədəniyyət nümunəsi göstərdiyi ideal bir cəmiyyət quracaq. Sehirli çubuqla, bir anın içərisində...
Bilirəm ki, bəzilərinin xoşuna gəlməyəcək, amma susmaq niyyətində də deyiləm:
4 aydır, az qala yarısı, ilk növbədə özünün və doğmalarının sağlamığını qorumaq üçün maska taxmaq istəməyən, məsafə gözləməyən, ən adi sanitariya-gigeyina qaydalarına əməl etməyən, əksinə bütün bu qaydalara əməl edənləri məsxərəyə qoyan, gülüş obyektinə çevirən, karantin rejiminin qaydalarına əməl etmək tələb olunanda dodaqaltı donquldanan, aşağılayıcı hərəkətlər edən bir cəmiyyətin polisdən ideal davranış gözləməsi, mənəvi tərəfini qoyuram bir kənara, fantastikadır, absurddur, normal, sağlam düşüncəyə sığmayan yanaşma tərzidir.
Daha öncə də qeyd etmişdim, polis də bizdən biridir. Qardaşımızdır, bacımızdır, övladımızdır, yaxın, yaxud uzaq qohumumuzdur, qonşumuzdur. Əgər daha ciddi dəyişikliklər istəyiriksə, ilk növbədə özümüzdən başlamalıyıq. Biz ideal bir cəmiyyət formalaşdıranda polisimiz də ideal olacaq. İndi ortalıqda olan nəyimiz varsa üzə çıxara bildiyimiz potensiala tamamilə cavab verir, hələ bir az da çoxdur.
Deyəsən çox dərinə getdim...
Bu gün Azərbaycan Polisinin yarandığı gündən 102 il keçir.
Bu gün onların peşə bayramıdır. Hər birini təbrik edir, möhkəm cansağlığı arzulayıram. İndi bizim üçün bundan daha dəyərli, daha önəmli heç nə yoxdur.
Tanrı Azərbaycanı qorusun!

Elçin Mirzəbəyli