“ABŞ-ın Leyla Yunusla bağlı ifadə etdiyi mövqe absurddur” Hadisə

“ABŞ-ın Leyla Yunusla bağlı ifadə etdiyi mövqe absurddur”

Azər Həsrət: "ABŞ dünyada ədaləti bərqərar etmək istəyirsə, o zaman bu işə öz daxilindən başlasın"

ABŞ Dövlət Departamentinin Leyla və Arif Yunuslarla bağlı mövqeyi məqsədli yanaşma kimi qiymətləndirilir. Dünən xüsusi bəyanatla çıxış edən ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Azərbaycan hakimiyyətini barələrində həbs-qətimkan tədbiri seçilmiş Leyla və Arif Yunusları azadlığa buraxmağa çağırıb.
ABŞ rəsmisinin bu çağırışını "Gün.Az"a şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət J.Psakini absurd mövqe sərgiləməkdə günahlandırıb: "Psakinin ifadə etdiyi bu mövqe özlüyündə birtərəfli və qərəzlidir. Azərbaycan hüquqi dövlətdir - hüquq-mühafizə orqanlarında Leyla və Arif Yunusların fəaliyyəti ilə bağlı şübhə doğuran faktlar, əsaslar olmasaydı, onlar barəsində təbii ki, həbs-qətimkan qərarı verilməzdi. Bundan başqa, unutmaq lazım deyil ki, bu şəxslər Fransa və ABŞ səfirliklərinin yardımı ilə ölkəni gizli surətdə tərk etməyə çalışarkən saxlanılıblar. Onların bu hərəkəti istintaqdan yayınma və təhqiqata mane olmaq cəhdidir, qanun pozuntusudur.
Digər tərəfdən, Fransa səfirliyinin bir neçə saatın içində Yunuslara beş il müddətinə oturma icazəsi verməsi kimi detallar da onların fəaliyyətinə yönəlik şübhələri gücləndirib. Həm də nəzərə almaq lazımdır ki, Leyla və Arif Yunuslar barəsində araşdırma davam etdirilir. Yəni onlar məhkum edilməyiblər.
ABŞ Dövlət Departamenti rəsmisinin istintaqın və məhkəmənin nəticəsini gözləmədən belə bir bəyanatla çıxış etməsi absurddur. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu kimi çağırışlara əhəmiyyət verməməlidir. Əgər ABŞ dünyada ədaləti bərqərar etmək istəyirsə, o zaman bu işə öz daxilindən başlasın. ABŞ polisi artıq xeyli müddətdir ki, Ferqyuson şəhərində qaradərili əhaliyə sözün əsil mənasında divan tutur. Həmin şəhərdə polislər heç bir zərurət olmadan iki qaradərili gənci çox sayda qətlə yetiriblər, buna qarşı təşkil olunan ictimai etirazları zorakılıqla dağıdıblar.
Öz daxilində belə rəzil hadisələr yaşanan bir ölkənin başqa dövlətə "demokratiya, insan haqları dərsləri" keçməyə haqqı çatmır".