Əhali arasında immun sisteminin səviyyəsini öyrənməkdə seroloji testlər əhəmiyyətli nəticələr verəcək Hadisə

Əhali arasında immun sisteminin səviyyəsini öyrənməkdə seroloji testlər əhəmiyyətli nəticələr verəcək

Seroloji testlər diaqnostika üçün deyil. Kimdəsə qızdırma və ya hansısa respirator əlamətlər varsa, boğazdan və burundan götürülən yaxma müayinə edilərək onda koronovirus (COVID-19) əlamətləri olub-olmadığı müəyyən edilir və bu, diaqnostik test sayılır. Seroloji test isə orqanizmə daxil olan hansısa virus və infeksiya zamanı ona uyğun olaraq immun sistemində həmin virus infeksiyasına qarşı cisimciklər, yəni zülal, protein tərkibli anticisimlər istehsal olunmağa başladığını müəyyən edir. Həmin anticisimlər orqanizmin infeksiyadan özünü müdafiə vasitəsidir. Anticisimlər qrip, odenavirus və digər viruslara, o cümlədən koronavirusa qarşı da istehsal olunur. Həmin anticisimlərin istehsal olunması nəticəsində il ərzində müxtəlif xəstəliklər keçirir və şəfa tapırıq. Anticisimlər xəstəlikdən asılı olaraq qanda bir neçə müddət - bir neçə aydan bir neçə ilədək qala bilir. Məsələn, uşaqlıqdan hamıya məlum olan suçiçəyi, qızılca, məxmərək kimi xəstəliyə qarşı formalaşan anticisimlər uzun müddət qanda dövr edir. Lakin qrip virusu haqqında bunu demək olmaz, çünki ona qarşı formalaşan anticisimlərin ömrü çox qısadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun infeksionisti Nəzrin Mustafayeva seroloji testlər barədə məlumat verərkən deyib: “Eyni proses koronavirusa qarşı da gedir, yəni qanda ona görə müdafiə vasitəsi əmələ gəlir. Əlbəttə, xəstəlik yeni olduğuna görə konkret fikir söyləmək çətindir, amma onun qanda altı aya qədər qaldığını söyləmək olar. Deməli, son altı ayda orqanizmin keçirdiyi xəstəliyi təyin etməklə qanda yaranan anticisimləri öyrənmək mümkündür. Məsələn, kimsə aprel ayında iki gün qızdırması olduğu barədə həkimə müraciət edir, lakin koronavirusa yoluxub-yoluxmayadığı barədə öyrənmək istəyir. Həmin xəstənin qanında olan anticisimləri təyin etməklə onun koronavirus keçirib-keçirmədiyini müəyyən etmək olur. Seroloji testin başlıca xüsusiyyətlərindən biri də belə halları aydınlaşdırmaqdır.

Xəstəlikdən asılı olaraq anticisimlərin qanda dövr etmək müddəti fərqlidir. Yoluxmadan sonra ilk üç ayda həmin anticisimlərin qanda tapılmasının mümkünlüyü dəqiqdir. Koronavirus infeksiyasına ilk yoluxmalar yanvar ayında başlayıb. İndiyə qədər təkrar yoluxma müşahidə edilməyib və bundan çıxış edərək deyə bilərik ki, həmin anticisimlərin ən azı səkkiz, doqquz ay qoruyucu funksiya yerinə yetirmək qabiliyyəti var”.

Həkim-infeksionist onu da deyib ki, fərdi qaydada seroloji testdən keçmək üçün müraciət edənlər çox olsa da, ötən həftədən aparılmağa başlanılan seroloji testlər təsadüfilik prinsipinə əsaslanır: “Yalnız təsadüfi seçilmiş paytaxt sakinlərinə zəng olunur və onların könüllü şəkildə razılıq verdiyi halda ödənişsiz olaraq onların seroloji testi aparılır. Seroloji test aparılmaqla əhalinin hansı hissəsində koronavirusa yoluxmanın olduğunu aşkar etmək mümkün olacaq. Məlum olduğu kimi, əhalinin müəyyən bir hissəsi, bəlkə də yarıdan çoxu bu xəstəliyi ya simptomsuz, ya da yüngül şəkildə keçirir. Testlərin digər bir əhəmiyyəti də əhali arasında immun səviyyəsini öyrənməyə xidmət edir, yəni seçilmiş əhali qrupunun hansı hissəsinin orqanizmində anticisimlərin mövcud olduğunu aşkar edəcək. Ona görə də bu, çox ciddi araşdırmadır və güman edirik ki, əhəmiyyətli də nəticələri olacaq”.