Türkçülüyün böyük ideoloqu Hadisə

Türkçülüyün böyük ideoloqu

Ə.Hüseynzadə, İ.Kaspıralı, Z.Göyalp türk soylarının hamısının anlayacağı bir dildə yazmağa çalışırdılar
XX əsr Azərbaycan-türk ictimai fikrinin görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. Burada o, Tiflis gimnaziyasını bitirib (1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib. 1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olub, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. Burada dövrün məşhur elm xadimləri - Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə ictimai-siyasi proseslərlə də yaxından tanış olub, "xalqçılar" hərəkatına rəğbət bəsləyib. Rusiyanın mərkəzindəki ictimai-siyasi vəziyyətlə bağlı olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. 3 ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. Burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur. Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi" qəzetilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsilə türk tənzimat hərəkatının mahiyyətini açır. Ə.Hüseynzadə bu zaman islahatçı ideya adamı kimi tanınır. Az sonra o, Əhməd bəy Ağaoğlu ilə "Həyat" qəzetinin nəşrinə başlayır.
Araşdırmaçı Əli Şamil bildirir ki, Ə.Hüseynzadə geniş maraq doğuran ilk türkçü-turançı məqaləsini 1904-cü ildə Misirdə çıxan "Türk" qəzetində "Ə.Turan" imzası ilə çap etdirir: "Onun üçün dil məsələsi olduqca önəmli idi; o, gözəl bilirdi ki, bir-birindən coğrafiya, din, etnoqrafiya, hətta inkişaf səviyyəsi baxımından ayrılmış Türkləri elə bir atribut var ki, bu birliyə ən aqressiv anti Türkçü də qarşı çıxa bilməz. Ona görə də Türkiyədə 30-cu illərin əvvəllərindən başlayaraq dil məsələsinə xüsusi diqqət yetirilməsi - dil cəmiyyətinin qurulması, dil qurultaylarının keçirilməsi və s. Əli bəyi yalnız bir milli mütəfəkkir kimi deyil, bir milli şair olaraq da maraqlandırmışdı. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultaya Türkiyə tərəfinin nümayəndəsi olaraq gələn Əli bəyi Azərbaycanda Osmanlı dilinin təbliğatçısı kimi təqdim edirdilər. Türkiyədə isə gözəl Azərbaycan şivəsinə görə onu sevirlərmiş. Əslində isə istər Əli bəy Hüseynzadə, istər İsmayil bəy Kaspıralı, istər Ziya Göyalp və b. türk soylarının hamısının anlayacağı bir dildə yazmağa çalışırdılar".
Ə.Hüseynzadə irsinin tanınmış araşdırıcısı Azər Turan böyük türk ideoloquna sayğısını belə ifadə edir: "Bütün varlığımla, varlığımla, düşüncələrimlə Əli bəy Hüseynzadəyə bağlıyam. Əli bəy Hüseynzadə millətinin tarixini yaradan, daha geniş anlamda isə millətin özünü yaradan mütəfəkkirdir. Vaxtında Əli bəy Hüseynzadənin bizə öyrətdiyi hansısa təlimə, ideyaya istinad etsəydik, həyatımızı, düşüncələrimizi onların üzərində qursaydıq, əlbəttə ki, üzləşdiyimiz problemlərin çoxundan xali olardıq. Ən azından, XXI yüzilin əvvəllərində milli kimlik sualına cavab axtarmazdıq. 1905-ci ildə Əli bəy millətin sağ və sol meyllərini təmsil edən iki amansız qüvvə ilə amansız bir mübarizəyə başlamışdı. Sağdakılar təzə və yeni nə varsa, ona qarşı çıxan, millətin irəliləməsinə sədd çəkən mühafizəkarlar idi. Sol qüvvə isə türk millətinin rəqiblərini kor-koranə təqlid etmək, birdən-birə irəli sıçramaq, özlərini qorxulu girdablara, uçurumlara atmaq istəyən zavallı təqlidçilər idi. Deyirdilər ki, Əli bəy Hüseynzadə pantürkistdir, panislamistdir, ancaq o, heç zaman pantürkist, panislamist olmayıb. Əli bəy Hüseynzadə romantik türkçüdür. Pantürkizm və panislamizm Avropanın öz problemi idi: Rusiyanı çökdürmək problemi. Amma Əli bəy Hüseynzadənin və digər romantik türkçülərin Rusiyanı çökdürmək planları olmayıb. Onların arzuları Türk dünyasını qaldırmaq, islam dünyasını oyandırmaq olub. Əli bəy Hüseynzadə çarlığın imperiya siyasətinə qarşı amansız mübarizə aparsa da, rus mədəniyyətinə böyük ehtiram bəsləyirdi. Çağdaş Türk düşüncə tarixinin ən gözəl bilicisi və sosiolojidə bu məsələnin qurucusu hesab etdiyim Hilmi Ziya Ülken deyir ki, Ziya Göyalp yunan mifolojisini öyrənməyin vacibliyindən danışanda, Əli bəy Hüseynzadə çoxdan idi ki, yunan və İran mifolojisini ədəbiyyata tətbiq etmişdi. Mən Hilmi Ziyanın fikrinə başqa bir fikir əlavə eləmək istəyirəm. Əli bəy Hüseynzadə təkcə yunan və İran mifolojisinə deyil, hind-iran-yunan mifolojisinə, türk mifoloji qaynaqlarına kompleks şəkildə girdi. Bəzən biz mifoloji deyəndə buna humanitar düşüncənin bir tərəfi kimi baxırıq. Əli bəy Hüseynzadə cəmiyyətin bütün vacib məsələlərinə özünün elmi əsaslandırılmış münasibətini bildirib. Siyasi baxımdan isə o, mütləqiyyətə son verilməsinin vacibliyini ön plana çəkirdi. Rusiyada, İranda, dünyanın harasında olursa-olsun, fərq etməz, mütləqiyyət sistemi Əli bəyin savaş hədəfiydi. Dünyanın xilas yolunu Əli bəy azad düşüncədə və milli bağımsızlıqda görürdü. Əli bəy Tolstoya qoşulub "Nicat məhəbətdədir" düsturunu təlim edirdi. Bəs Hüseynzadə milliyyətçilik düşüncəsini nə üçün zehniyyətlərə aşılamaq istəyirdi? O, öz əslini, kökünü unutmaqda olan, tamamilə farslaşmış və əcəmləşmiş bir əyalətə çevrilən yurdu bir türk Vətəni, türk məmləkəti yapıb. 1918-ci ildə Əli bəy Hüseynzadə Azərbaycana gəlir. Bizim o dövrü tədqiq edən müəlliflərimiz birmənalı şəkildə yazırlar ki, Əli bəy Hüseynzadə Azərbaycana Türk ordusunun tərkibində jurnalist kimi gəlmişdi. Ancaq Əli bəy Hüseynzadə həmin heyətin həyata keçirməli olduğu missiyanın ideya rəhbəri idi. O, Ənvər Paşanın Qafqaz və Turan missiyasının ideya rəhbəri idi. Necə ola bilər ki, Nuru Paşanın rəhbərlik etdiyi qoşuna o, bir jurnalist kimi qoşulub gələydi. O, öz dəsti-xətti ilə yazdığı müxtəsər bioqrafik məlumatında öz missiyasını aydınca göstərir: "Azərbaycanın münəvvərlərilə birlikdə, bu ölkənin bir Cümhuriyyət halında təəssüs və təşəkkül etməsi işlərində çalışdım".
Jurnalist dövlətin təsis və təşkil olunmasında iştirak edər? Bəli o, jurnalist kimi həmin dövrdə "Azərbaycanda düşündüklərim" adlı bir məqalə yazdı. İstərdim ki, o dövrün tədqiqatçıları Əli bəyi diqqətlə oxusunlar. Əli bəy yazırdı ki, "Azərbaycanın təbii paytaxtı petrol mənbəyi olan Bakıdır. Tiflissiz Gürcüstan nə isə, Bakısız da Azərbaycan odur". Bakının mənəvi şəkildə bizimkiləşdirilməsi, özümüzünküləşdirilməsi də onun adı ilə bağlıdır. Bu, 1918-ci ildə deyil, daha əvvəllər, 1904-cü ildə Azərbaycanın türk elitasının elliklə Tiflisdə cəmləşdiyi dövrdə baş vermişdi. Əli bəy "Həyat"ı, "Fyuzat"ı gəlib Bakıda buraxdı. "Türklər kimdir və kimlərdən ibarətdir?" sualı bütün dünyaya ilk dəfə Bakıdan Əli bəyin qələmi ilə bəyan olundu. Beləcə, Əli bəy Bakını türklüyün mərkəzinə çevirdi".

Uğur