Qədim türk epos nümunələri Hadisə

Qədim türk epos nümunələri

***
Alp Ər Tonqa dastanı
Turan hökmdan Beşəng bir gün türk ulularını başına yığıb söylədi ki, iranlılar bizə çox zülmlər vermişlər, türkün öc almaq zamanı gəlib çıxmışdır, nə deyirsiniz?.. Hökmdarın oğlu, köksü aslan köksü kimi möhkəmlənmiş Alp Ər Tonqa irəli yeriyib: “Baba, öc almağa, izn ver, mən gedim” dedi. Beşəng rüsxət verdi.
Alp Ər Tonqanın başçılığı altında türk-Turan ordusu yazda İrana girdi. Düşmənin ordusunu pozub Dehistan qalasını aldılar. Hökmdar əsir düşdü. Alp Ər Tonqanın qardaşı Alp Aruz satqınlıq etdi. Alp Ər Tonqa onu öldürdü. İrana tabe olan Kabul ölkəsinin padşahı Zal iranlılara köməyə gələrək türk-Turan ölkəsinə böyük ziyan vurdu. Alp Ər Tonqa bundan acıqlanıb dustaq saxladığı İran hökmdarını öldürdü.
İran taxtına Zev keçdi. İranla Turan arasında savaş yenidən başladı. Qıtlıq oldu. İnsanlar qırılmasın deyə sülh bağladılar. İran torpaqlarının Şimal hissəsi Turana qatıldı.
Zev öldükdən sonra türk-Turan ordusu yenidən İrana girdi. Lakin bu dəfə Zalın oğlu Rüstəm onların qarşısına çıxdı. Alp Ər Tonqanın ordusunu dağıtdı. Alp Ər Tonqanı da yenəcəkdi, lakin türk bahadırları onu qurtardılar. Rüstəm Keyqubadı taxta çıxardı. Sülh bağlandı və Alp Ər Tonqa vətənə döndü. İran taxtına Keykavus çıxanda türk-Turan ordusu yenidən İrana girdi, ancaq bu dəfə də yardıma gələn Zal onları məğlub edib İrandan çıxardı. Keykavusun əyləncələrlə məşğul olduğunu bilən Alp Ər Tonqa yenidən İran üzərinə yeridi. Keykavus oğlu Siyavuş ilə Rüstəmi onun qarşısına göndərdi. Qara qayğılı yuxu görən Alp Ər Tonqa sülh bağladı. Buxara, Səmərqənd və Çaçı düşmənə verib Qanq şəhərinə çəkildi. Həmin sülhdən razı qalmayan Keykavus Siyavuşla Rüstəmə qəzəbləndi. Rüstəm acıqlanıb, öz ölkəsinə getdi. Siyavuş isə Alp Ər Tonqaya sığınıb əvvəl türk qəhrəmanlarından birinin qızı ilə, sonra isə Alp Ər Tonqanın gözəl qızı Firəngizlə evləndi. Birinci qadınından bir oğlu oldu, adını Keyxosrov qoydular.
Siyavuşu sevməyənlər onu Alp Ər Tonqaya çuğulladılar. Siyavuş öldürüldü. Alp Ər Tonqa ordusuyla öc almaq üçün yeridisə də, məğlub olub Çin dənizinə qədər qaçdı. Turan yıxılıb yaxıldı.
Alp Ər Tonqa Turanın yıxılıb yaxıldığına, ordunun dağıldığına çox ağladı, öc almağa and içdi. Nəhayət, ordu toplayıb İrana yeridi, ölkəni darmadağın etdi. Keykavus taxtı nəvəsi Keyxosrova verdi. Keyxosrov türk Turan ordusunu da dağıdıb dünyanın yarıdan çoxunu tutdu. Lakin onun əsas məqsədi Alp Ər Tonqanı məhv etmək idi. Ona görə də Turanın paytaxtı Qanqda-qalada yaşayan ixtiyar Alp Ər Tonqanın üzərinə yeridi. İran ordusu Turan ordusunu yenib qalaya girsə də, Alp Ər Tonqa iki yüz bəyi ilə qaçıb Çin padşahının yanına getdi. Keyxosrov Turan hökmdarının ardınca düşdü. Qonşular üz-üzə dayandılar. Alp Ər Tonqa Keyxosrova məktub yazıb təklif etdi ki, onun seçdiyi kənar bir yerdə təkbətək döyüşsünlər. Keykavus təklifi qəbul etmədi. Ordular vuruşası oldular. Düşmən hiylə işlədib türk-Turan ordusunu yendisə də, Alp Ər Tonqa imkan tapıb yenə düşməndən qurtardı. Ordusunun dağılması, Çin hökmdarının ondan üz döndərməsi Alp Ər Tonqaya ağır təsir etdi, onu sarsıtdı.
Öz ölkəsinə qayıdıb dağda-daşda ac-yalavac dolaşan Alp Ər Tonqa bir mağarada acı günlər yaşayır, taleyinə yana-yana öz-özünə, tapdalanmış vətəninə ağı deyirdi. Türkcə danışdığını görüb onun kim olduğunu anladılar və tutmaq istədilər. Ancaq qaçıb suya atıldı. Keyxosrov məsələdən agah oldu. Alp Ər Tonqanı hiylə ilə sudan çıxarıb öldürdülər. Turan hökmdarının ölümü türklər-turanlılar arasında böyük həyəcana səbəb oldu, onun ölümünə ağı deyib ağladılar, qan-yaş tökdülər:
Alp Ər Tonqa öldümü,
İssiz ajun qaldımı,
Ödlək öcün aldımı,
İmdi yürek yortulur.
Ödlək yaraq gözətti,
Oğru tuzaq uzatdı,
Bəglər bəginazatdı,
Qaçsa, kalıqurtulu?
Ulaşıb ərən börləyü,
Yırtıb yaka urlayu,
Sıkıbünü yurlayu,
Sığtab gözü örtülür...
***
Şu dastanı
İsgəndər Səmərqəndi keçib türk torpaqlarına girəndə türklərin hökmdarı Şu adlı bir gənc idi. Balasaqunda Şu qalasında böyük bir ordu ilə oturmuşdu. Kimsədən xəbərsiz bir dəstə gön-dərmişdi ki, İsgəndər ordusunun hərəkətlərinə nəzarət etsin. Şunun bir gümüş hovuzu vardı. İçərisində qazlar, ördəklər üzürdülər. Gənc hökmdar isə onları seyr edib dincəlirdi. Ondan soruşanda ki, “İsgəndər gəlir, nə edək? Döyüşək, yoxsa?..” cavabında dedi: “Bu qazlara, ördəklərə baxın, görün necə gözəl üzürlər”.
Xalq gördü ki, dünya hökmdarın vecinə deyil, nə döyüşə hazırlaşır, nə də bir yana qaçmaq fikri var. Şunun göndərdiyi öncüllər gəlib xəbər gətirdilər ki, İsgəndərin qoşunları yaxınlaşır. Hökmdar gecə ilə yürüş əmrini verdi. Hazırlıqsız xalq əlinə nə keçdisə minib Şunun arxasınca getdi, minik tapa bilməyən 22 kişi ailəsi ilə yurdda qaldı. Onlar “nə edək?” deyə düşünərkən daha iki kişi ailələri ilə oraya yaxınlaşdı. Dedilər ki, bu hərif (İsgəndər) gəldi-gedərdi, necə olsa çıxıb gedəcək, yurdumuzu tərk etməyək. Həmin iki kişiyə “qalaç” dedilər, onların övladları indi “qalac” (kalaç / xalaç) adlanır.
İsgəndər qoşunu ilə gəlib haqqında söhbət gedən 22 kişini gördü. Onların üzərindəki əlamətlərə baxıb, kimsədək soruşmadan “türk manənd” dedi (yəni “türkə bənzəyirlər”). İsgəndərin həmin sözü ilə bu kişilərin adı “türkmən” olaraq qaldı. Türkmənlər 24 boydur. 2 boy qalaçlardır ki, onlar 22 boy əsl türkmənlərdən fərqlənirlər.
Türklərin hökmdarı Şuya gəlincə, o, Çinə keçdi. İsgəndər də onun ardınca düşdü. Uyğurda Şu İsgəndərin önünə gənclərdən ibarət bir qoşun göndərdi. Onlar İsgəndərin öncüllərinə gecə basqını edib, onları məğlub etdilər.
Sonra İsgəndər Uyğurda şəhərlər saldı. Bir müddət oralarda qaldıqdan sonra çəkildi getdi. İsgəndər gedəndən sonra Şu geriyə döndü. Ba- lasaquna gəlib Şu şəhərini saldı. Oraya tilsim qoydurdu. İndiyə qədər leyləklər o şəhərin önünə gəlir, ancaq o yana keçə bilmirlər. Tilsim öz qüvvəsini bu günə qədər saxlayır.
***

Ərgənəkon dastanı
Moğol elinə Oğuz xan soyundan olan İl xan hökmdarlıq edirdi. O, tatarların da başında duran Sevinc xanla vuruşur, həmişə qalib gəlirdi. Sevinc xan hədiyyələr göndərərək Qırğız xanını öz tərəfinə çəkdi. Moğollar bütün döyüşlərdə üstün olduqlarına görə digər türk boylarının onlarda qisası vardı. Ona görə də Sevinc xanın ətrafında toplaşıb moğolların üzərinə yeridilər.
Moğollar möhkəm dayanmışdılar. Sevinc xan qoşunun məğlub olacağını görüb hiyləyə əl atdı. Xan və bəyləri toplayıb geri çəkilmək, gedərkən lazımsız malları buraxmaq buyruğunu verdi. Moğollar elə bildilər ki, düşmən yenilib qaçır. Möhkəmləndirilmiş ordugahlarından çıxıb, onların ardınca düşdülər. Tatarlar geri dönüb vuruşmağa başladılar, moğolların böyüklərini qırdılar, kiçiklərini isə dustaq elədilər. Dustaq olanlar yiyələrinin soy adını aldılar. Və moğollardan dünyada əsər-əlamət qalmadı. Moğol hökmdarı İl xanın oğlu Qiyanla qardaşı oğlu Nüküz də dustaq olmuşdular. Hər ikisi təzəcə evlənmişdi. İmkan olan kimi qadınları ilə birlikdə qaçıb yurdlarına gəldilər. Döyüşdən on gün keçmişdi. Gördülər ki, bəzi heyvanlar da düşməndən qaçıb yurda dönüb. Onları da götürüb dar dağ cığırı ilə əlçatmaz, ünyetməz bir yerə gəldilər. Bu yer çox gözəl idi: Axar çaylar, bulaqlar, çayır-çəmənlər, meyvəli ağaclar, cürbəcür ov heyvanları... Tanrıya şükür elədilər. Qışda mallarının ətini yeyir, dərilərini geyir, yazda südünü içirdilər. Bu yerin adını Ərgənəkon qoydular, yəni (“hündür dağ yamacı”).
Qiyanla Nüküzün övladları oldu, mal-heyvanları artıb çoxaldı. Böyük bir xalq əmələ gəldi. O qədər də artdılar ki, Ərgənəkon onlara darlıq elədi. Buraya gəlişlərindən dörd yüz il keçmişdi. Bir gün toplaşıb söhbət elədilər. Babalarımız deyərdi ki, Ərgənəkondan kənarda gözəl, geniş bir ölkə var, xalqımızı tatar qırmış, ölkəmizi yağmalamış-deyə söylədilər:
- İndi gərək dədə-baba yurdumuza qayıdaq.
Ancaq dədə-babaların buraya qaçıb gəldikləri dar cığırı heç kim xatırlamırdı. Ona görə də Ərgənəkondan çıxış üçün yol aradılar. Lakin tapmadılar. Bir dəmirçi gəlib dedi ki, burada bir dəmir mədəni var, onu əritsək yol açılar.
Camaat kimi kömür, kimi odun gətirdi. Bir sıra odun, bir sıra kömür düzdülər. Dəridən yetmiş körük düzəltdilər. Od vurub körüklərin hamısını birdən körüklədilər. Tanrının köməyi ilə dəmir əriyib yüklü bir dəvə keçəcək qədər yol açıldı. Ərgənəkondan çıxdıqları həmin günü moğollar həmişə bayram edirlər. Bir dəmiri qızarana qədər odda saxlar, sonra onu çəkiclə döyərlər. Bu gün “zindandan çıxıb baba yurdumuza gəldiyimiz gündür” deyərlər.
Ərgənəkondan çıxıb öz ölkələrinə dönəndə moğolların hökmdarı qiyan soyundan olan Börtə Çinə idi. Bütün boyalara xəbər göndərdi ki, biz Ərgənəkondan çıxıb geriyə-ölkəmizə qayıtdıq. Bəziləri sevindilər, bəziləri kədərləndilər. Tatarlar onların üzərinə gəldi. Böyük bir döyüş oldu. Moğollar düşməni yendilər, böyüklərini qılıncdan keçirdilər, kiçiklərini dustaq etdilər. Mallarını yağmaladılar. Beləcə dörd yüz ildən sonra tatarlardan qanlarını aldılar.

***
Köç dastanı (Çin variant)
Uyğur elində Hulun adında bir dağ vardı. Bu dağdan Tuğla və Selengə çayları başlardı. Gecələrin birində oradakı ağacın üzərinə göydən ilahi bir işıq düşür. İki çay arasında yaşayan xalq bununla maraqlanır. Görürlər ki, ağac qadın kimi hamilə olur. İşıq isə doqquz ay doqquz gün həmin ağacın üzərində parlamaqda davam edir. Ağac yarılır, onun gövdəsindən beş uşaq çıxır. Xalq onları götürüb böyüdür.
Uşaqların ən kiçiyi Buğu Xan böyüdükdən sonra hamını özünə tabe edərək hökmdar olur. Xeyli zaman keçdikdən sonra Yulun tiqin hökmdarlıq etməyə başlayır. Çinlə bir çox müharibələr aparır. Nəhayət, gərginliyə son qoymaq məqsədilə oğlu Qalı tiginin Çin hökmdarının ailəsindən Kiü Lien adlı bir qızla evləndirmək istəyir.
Tarı dağının yaxınlığındakı Xatun dağında saray qurulur. Ətrafda Kutlu dağ adında bir böyük qaya varmış. Çin elçiləri buraya gələndə özləri ilə baxıcılar da gətirirlər. Onlar məsləhət görürülər ki, uyğurların hakimiyyətini sarsıtmaq üçün həmin qayanı yox etmək lazımdır. Çin heyəti tiginə bildirir ki, qızı o zaman verəcəklər ki, əvəzində Kutlu dağı onlara bağışlasın. Tigin razılaşır.
Çinlilər qayanın ətrafına odun yığıb böyük bir tonqal qalayaraq onu möhkəm qızdırırlar. Üzərinə sirkə töküb parçaladıqdan sonra Çinə aparırlar. Ətrafdakı bütün quşlar, heyvanlar öz dillərində qayanın getməsinə ağı deyib ağlaşırlar. Ölkə bir-birinə dəyir. Yeddi gündən sonra Yulun tigin ölür. Xalq heç zaman rahatlıq üzü görmür. Yulun tigindən sonra ölkəyə başçılıq edənlər də dünyadan vaxtsız köçürlər. Bunu görən hökmdarlar paytaxtlarını Hoçuya köçürməyə məcbur olur, hakimiyyətlərini oradan Beş Başlığa qədər uzadırlar.