Belin agrıyır belinə qurban… Hadisə

Belin agrıyır belinə qurban…

Uşaqlarda onurğa sütununun əyriliyinin əsası məktəblərdə qoyulur

Həkimlər onurğa sütunu problemlərinin özülünün uşaq dövründən qoyulduğunu bildirirlər. Parta və stol arxasında düzgün oturmamaq, hərəkətsizlik, ağır məktəb çantasını daşımaq məktəblinin dayaq sisteminə mənfi təsir göstərir. Bu da gələcəkdə uşağın onurğa sütununda müxtəlif problrmlərin meydana çıxmasına səbəb olur. Bundan əlavə körpənin 4-5 aylığından yeridilməsi, yaxud əyləşməyə məcbur edilməsi də onurğa sütununda ciddi problemlərin meydana gəlməsinə səbəb ola bilər".
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, professor Vaqif Verdiyev bildirir ki, onurğa xəstəlikləri arasında skalioz, yəni onurğanın yana əyilməsi geniş yayılıb: "Səbəbi məlum olmayan idiopatik skolioz daha geniş yayılıb. Anadangəlmə skoliozlar, kifozlar da olur. Uşaq ana bətnində inkişaf edərkən əlavə fəqərələr, yarım fəqərələr, digər qüsurlar yarana, qabırğaların sayı dəyişib normaldan fərqli ola bilər. Onurğa əyrilikləri içərisində neyrogen deformasiyalar xüsusi qeyd edilməlidir. Sinir sistemində xəstəliyi olan insanların əzələ sistemində balansın pozulması onurğada əyriliklərə gətirib çıxarır. Neyrofibromatoz nəticəsində skolioz əmələ gələ bilər. Uşaq vaxtı əmələ gələn skoliozun müalicəsi də bu dövrdə başlamalıdır. Onlar ortopedik rejimdə, düz, sərt yerdə yatmalı, yeri gələndə korset taxmalı, müalicəvi gimnastika, üzgüçülük, masaj, əzələlərin elektrostimulyasiyası proseduralarından keçirilməlidir. Boyatma dövrü başa çatana qədər dinamik müşahidə aparılmalı, ildə dörd-beş kurs müalicə təyin olunmalıdır. Bəzi hallarda ağır dərəcəli skolioz üzərində hətta düzgün aparılan müalicə də effekt vermir, cərrahi əməliyyatlara ehtiyac yaranır".
Professor Adil Qeybullanın dediyinə görə, skolioz xəstəliyi anadangəlmə və sonradan qazanılmış da ola bilər: "Bu xəstəlik çox vaxt sonradan əmələ gəlir. Onurğa sütununda olan əyriliklər 3 yerə bölünür. Onurğanın önə, arxaya və yana əyilməsi. Onurğa sütununun təbii 2 əyriliyi var. Boyun və bel hissədə. Təbiət o əyriliyi onun üçün yaradıb ki, həmin vəziyyətdə biz rahat yeriyək, ayaq üstə dayanaq və boynumuzu rahat döndərək. Bu əyriliyin fizioloji funksiyası bundan ibarətdir. Bu, fizioliji əyrilikdir. Patoloji əyriliklər isə 3 növdə olur. Kifos, lardos və skolioz. Kifos ən çox döş qəfəsində olur, onurğanın arxaya əyilməsidir. Lardos onurğanın önə əyilməsidir. Ən çox bel nahiyəsində olur. Yanlara-sola və sağa əyilməyə isə skolioz deyilir. Bir də onurğanın qövsvari əyilməsi var".
Adil Qeybulla bildirir ki, onurğa əyriliklərinin əsası uşaq doğulan gündən qoyulur: "Yəni uşağın düzgün inkişaf eləməməsindən yaranır. Xəstəlik yaş yarıma qədər uşaqlarda formalaşır. Valideyn buna fikir vermir. Əgər uşağın ayağının altında yastı pəncə varsa, ayağının biri o biri ayağından qısadırsa, valideyn buna mütləq fikir verməlidir. Uşağın budunun başı inkişaf etmirsə, o artıq natarazlıq yaradır. Bir tərəf yaxşı, digər tərəf isə az inkişaf edir. Bu da lardosun əmələ gəlməsinə səbəb olur. Onurğanın bel hissədən önə doğru əyilməsi burda gediş düzgün olmadığı üçün 2-ci olaraq lardosun əmələ gəlməsinə səbəb olur. Bizə isə 13 yaşında müraciət edirlər. Valideyn uşağı çimizdirəndə görür ki, uşaq düzgün oturmur, yaxud, özü bel ağrısından şikayət edir. Onurğa əyrilikləri adətən cinsi inkişafa yaxın dövrdə sürətlənməyə başlayır. Kiçik əyrilik olan zaman 9 yaşdan 13 yaşa qədər kəskin pisləşmə gedir. Əgər birinci dərəcəli əyrilikdirsə, keçir ikinci dərəcəyə, ikinci dərəcəlidirsə, keçir üçüncü dərəcəyə, üçüncü dərəcəlidirsə, keçir dördüncü dərəcəyə. Cinsi yetişkənlik dövründə orqanizmə çoxlu vitaminlər və minerallar lazımdır. Sistemdə indokron, yenidən qurulma gedir. Bu, qızın qadınlıq fazasına, oğlandırsa kişilik fazasına gedən bir yoldur. Həmin gedən yolda problemlər yaranır. Onurğanın əyriliyi orqanizmin düzgün fəaliyyət göstərməsinə imkan vermir. Çox zaman uşağın boynunun kökündə ağrılar olur, rahat ola bilmir. Bu da boyun nahiyəsində olan problemlərdir. Boyundakı təbii lardos düz olanda problem yaranır. Bundan isə başa gedən sinirlərin, damarların gedişatının pozulması, baş ağrıları, əsəbilik və uşağın yaddaş pozuntusu yaranır. Xəstəliyin birinci dərəcəsi yüngül dərəcə hesab olunur. İkinci dərəcədə yüngül şikayətlər olur. Əsəbilik, əllərin tərləməsi və təngi nəfəslik yaranır. Üçüncü dərəcədə isə kəskinləşir".
Ekspertin bildirdiyinə görə, əgər xəstəlik birinci dərəcədədirsə və vaxtında müalicə olunmazsa, bu zaman skolioz əmələ gəlir: "Onurğanın yaxşı inkişafında kalsinin, fosforun, maqninin və mineralların rolu mütləqdir. Uşaq doğuş travması alıbsa, uşağın başı zədələnibsə və tam müalicəsi sona qədər aparılmırsa, bunun müalicəsi 5-10 il çəkə bilər. Çox hallarda valideynlər laqeyd yanaşır".
Professor Vaqif Verdiyev bildirir ki, onurğanın degenerativ dəyişiklikləri əsasən insanın həyat tərzi ilə bağlıdır. Daimi hərəkət, idmanla məşğuliyyət belə fəsadların qarşısını alır. Ən faydalı müalicə üzgüçülükdür. Üzgüçülüyün üstün cəhəti odur ki, suda batmamaq üçün bədənin hər iki tərəfi eyni qaydada hərəkətə gətirilir, əzələ sistemindəki balans bərpa olunur. Su insan orqanizminin ağırlığını öz üzərinə götürür, onurğaya heç bir yük düşmür və əzələlər də hər iki tərəfdə eyni rejimdə çalışır. Ağırlıqqaldırma, böyük fiziki gərginlik tələb edən idman növləri isə xəstəliyi daha da kəskinləşdirir: "Bu gün həddindən çox insan bel ağrıları ilə bağlı şikayətlərlə həkimə müraciət edir. Təəssüf ki, onlar arsında gənclər çoxluq təşkil edir. Bu zaman müxtəlif şikayətlər meydana gəlir. Baş ağrıları, qan təzyiqinin "oynaması", başgicəllənmə, ayaqlarda, qollarda keyimə, uyuşma, qəfləti sinir sancıları, oturanda, yatanda qalxa bilməmək kimi əlamətlər olur. Çox vaxt bu vəziyyət qulaqardına vurulur, "ötüb-keçəcək" deyə biganəlik edilir. Halbuki vaxtında müayinə ağır nəticələrdən qoruyar. İlk əvvəl qiyabi müayinə olunan xəstənin tam diaqnozu üçün MRT (maqnit rezonans tomoqrafiya) tələb olunur. Bu mütləqdir. Fəqərəarası vəziyyət dəqiqləşdirilməlidir. Çox vaxt həkimlər pasiyentə dərhal dərmanla müalicə təyin edirlər. Təcrübəmdə çox rast gəlmişəm. Mənimsə məsləhətim problemin ilkin vaxtlarında üzgüçülüklə məşğul olmaqdır. Həftədə iki dəfə hovuzda üzmək belə, insanı bütün şikayətlərdən xilas edə bilər. Su ilə müalicə dünya təcrübəsində geniş yayılmış, zərərsiz metoddur. Bunu idman növü kimi formalaşdırmaq da lazım deyil. Suda hərəkət insanın əhval-ruhiyyəsinə yaxşı təsir göstərir. Suya girilən andan insanın bütün bədən əzələləri hərəkətə gəlir. Üzgüçülük ürəyin fəaliyyətini bərpa edir, qan dövranını aktivləşdirir, orqanizmdəki durğunluğu aradan qaldırır. Bədənin müqavimətini artırır, qamətin doğru qalmasına kömək edir. Müasir dövrün stress, depressiya kimi bəlasının aradan qalxmasına kömək edir. Hamiləlikdən sonra bel ağrılarından şikayət edən xanımların üzgüçülüklə məşğul olması gərəkdir. Suyun ağırlığı bədəni açır, nəticədə həm də enerji, kalori itir. Dərmandan qaçmaq lazımdır. Vaxtında onurğa sütununun qayğısına qalmayan insanlar, əməliyyat olunsalar belə, gələcəkdə yarıcan qalırlar".
Azərbaycanda təxminən hər 1000 nəfərdən 10 nəfər skolioz xəstəliyinin daşıyıcısıdır. Xəstəliyin adətən, üstünə vaxtında düşülmür, insanın vücudu əyilir və donqarlıq əmələ gəlir. Ən dəhşətlisi isə budur ki, bu xəstəlik əməliyyat olunmadıqda, erkən yaşlarda ölümlə nəticələnir. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir.
Həkim-ortoped Toğrul Cəlilov mətbuata açıqlamasında bildirib ki, bu cür xəstəliklərin qarşısının erkən yaşlarda alınması vacibdir: "Skolioz xəstəliyinin qarşısı 20-22 yaşlarında alınmadıqda, artıq müalicəsi gec olur. Ağrıların qarşısını müalicələrlə alsaq da, bu cür xəstələri tam müalicə etmirik. Çünki bu, artıq mümkünsüz olur. Hətta bəzən valideynlər, uşaqlarının skolioz xəstəliyinə tutulmasına baxmayaraq, həkim-ortoped əvəzinə, başqa həkimlərə müraciət edirlər. Bu isə düzgün deyil. Bu cür xəstələrlə yalnız həkim-ortopedlər məşğul ola bilər. Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə də gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və tənəffüs sistemi orqanları, ürək, böyrəklərin fəaliyyətinə də mənfi təsir göstərir. Profilaktik olaraq, uşağı ildə 1 dəfə həkim-ortopedə göstərmək lazımdır. Onurğa sütununun əyriliyi müxtəlif səbəblər nəticəsində baş verə bilər. Bu gün bizim gənclərimizin qidalanmsı belə, düz deyil. Bu xəstəliyinin yaranma səbəblərindən biri də elə sağlam qidalanmamaqdır".
Yeri gəlmişkən, müasir skaliozun əsası həm də məktəblərdə qoyulur. Ekspertlər bildirir ki, məktəbyaşlı uşaqlarda düzgün oturma bacarığı olmadığından, onların onurğa sütunu bir çox hallarda deformasiyalara məruz qalır. Bu isə onurğa sütununun əyriliyinə gətirib çıxara bilər. Bundan əlavə ağır məktəb çantaları da skaliozun əsasını qoya bilir.
Nevropatoloq Pərvanə Osmanova deyir ki, baş çəkdiyimiz məktəblərdə uşaqların 99 faizində onurğa əyriliyi gördük. 1-ci dərəcə hamıda var. Bu yüngül keçirilən raxitlikdən, ya da doğuş travmasından qalan əyriliklərdir. Uşağı heç olmasa 9-10 yaşında mütəxəssis yanına aparmaq lazımdır. Onu da qeyd edim ki, bu sahədə yaxşı mütəxəssis də azdır. Aşkarlayan, müalicə edən çoxdur, amma nəticəsi yoxdur. Skaliozun 3 və 4 dərəcəyə çatanda əsasən qızlarda hamiləliyi başa çatdırılmaması meydana gəlir. Hansı ki, onurğa ağacı hamiləliyi 9 aya çatdırmalıdır. Vaxtından öncə uşaq salmalar, dölün düzgün inkişaf etməməsi bu səbəbdən də yaranır. Belə qızlara təbii doğuşa icazə vermirik. Çox hallarda rast gəlinir ki, xəstəlik müalicə olunur, ancaq bərpa dövrünə fikir verilmir. İstənilən xəstəlikdən sonra onun bərpa dövrü getməlidir. 1-ci dərəcəli skalioz 2 kurs, 3-cü dərəcəlı skalioz isə 2 və artıq kurs müalicə götürməlidirlər. Xəstələr eyni zamanda xüsusi karsetlər də geyinməlidirlər.

Ülviyyə Tahirqızı