Bərdədə tükürpədici cinayət Hadisə

Bərdədə tükürpədici cinayət

Sürücü yol polisinii üzərinə benzin töküb yandırıb

Bərdədə sərxoş sürücü yol polisini yandırıb. Bərdə Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün rayon mərkəzində qeydə alınıb.
Bərdə Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Aqil Quliyev xidmət zamanı rayon sakini Elçin Ələsgər oğlu Cəfərovun idarə etdiyi "VAZ 2106" markalı avtomobili saxlayıb. İlkin araşdırma zamanı E. Cəfərovun sərxoş olduğu məlum olub və sürücü hadisə yerindən qaçıb. Bir müddət sonra sürücü evə gedərək benzin gətirib və yol polisinin üzərinə tökərək onu yandırıb. Hadisəni törədən E. Cəfərov tutulub.
A. Quliyev ikinci dərəcəli yanıq xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən sürücü Elçin Cəfərov barəsində Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə - sağlamlıq üçün təhlükəli üsulla) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bu barədə ilk xəbəri aktual.az saytı yayıb.