Müəllimlərin işə qəbulundə yenilik olacaq Hadisə

Müəllimlərin işə qəbulundə yenilik olacaq

Müəllim hazırlığı sistemi də tam dəyişiləcək

Təhsil Nazirliyi Azərbaycanda bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə tətbiq ediləcək yeniliyi açıqlayıb. APA-nın xəbərinə görə, nazirliyin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib ki, bu il müəllimlərin qəbulu üzrə tətbiq olunacaq yeniliyə əsasən, iyun ayında müsabiqəyə başlamadan öncə yalnız yerdəyişmə üçün vakansiyalar elan ediləcək. Onun sözlərinə görə, yerini dəyişmək istəyən bütün müəllimlərə şərait yaradılacaq, onlar elektron seçim edərək Təhsil Nazirliyinə göndərəcək.
F.Qədirov qeyd edib ki, nazirlik tərəfindən yerləşdirmə aparılacaq və həmin müəllimlər iş yerlərini dəyişəcəklər: "Yerdəyişmə edəcək müəllimlər yenidən imtahan verməyəcək. Onlar artıq orta məktəblərdə müəllimdir və bir daha imtahan vermələrinə ehtiyac yoxdur. Onlar elektron müraciət əsasında yerlərini dəyişəcəklər. Ola bilər ki, bir yerə yerini dəyişmək üçün bir neçə müəllim müraciət etsin. Bu zaman konkret meyarlar üzrə qiymətləndirmə aparılacaq və onun nəticəsinə əsasən müəllimin yerdəyişməsi həyata keçiriləcək. Bu meyarlar onların elektron ərizələrində göstəriləcək, onlara təhsil səviyyəsi, sertifikatları, yaşayış yerinə daha yaxınlığı və digərləri daxildir".
"Təhsil Nazirliyi Azərbaycanda müəllim hazırlığı sistemini tam dəyişmək qərarındadır". APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov Salyan şəhərində keçirilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası"nda nəzərdə tutulan istiqamət və hədəflərin müzakirəsinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib: "Bu gün məktəblərdə işləyən müəllimlərin peşəkarlıq səviyyəsi barədə düşünürüksə, yeni məktəbə gələn müəllimləri unuda bilmərik. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib müəllim işləyənlərə yenidən kurikulum təlimini keçməyə məcburuq. Bunların hamısı universitetdə tədris olunmalıdır. Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirən tələbə niyə yeni kurrikulum bilməməlidir? Yeni sistem artıq ölkədə 6-cı ildir tətbiq olunur. O baxımından nəzərdə tutulur ki, müəllim hazırlığı tam dəyişməlidir".
Nazirlik rəsmisi əlavə edib ki, müəllim hazırlığı sistemində ən ciddi addım 4 illik bakalavr təhsilinin sonuncu 1 ilində internaturanın tətbiq olunması olacaq. Onun sözlərinə görə, ali təhsilin son 1 ilində tələbə bilavasitə məktəbdə işləyəcək, praktik bacarıqlara yiyələnməli, sonra dərs deməlidir: "Yalnız o zaman peşəkar müəllim keyfiyyətlərinə malik ola bilər. Beynəlxalq təcrübədə müəllim internatura müddətində müəyyən əmək haqqı da alır və yalnız buranı bitirəndən sonra diplom əldə edir. Hazırda Azərbaycanda ucqar kənd məktəblərində müəllim problemi var. Düşünürük ki, pedaqoji universitetləri bitirən və internaturanı keçmək üçün göndərilən tələbələri təyinatla həmin yerlərə göndərək. Onlar işləyəndən sonra təcrübə əldə etsinlər. Əgər orada qalıb işləmək istəsələr, onlar üçün şərait yaradılacaq və stimullaşdırıcı tədbirlər görüləcək".
"Azərbaycanda müəllimlərlə bağlı müəyyən problemlər var. Ölkədə kadr təminatı, müəllim hazırlığı sahəsində nöqsanların olması hər kəsə məlumdur. Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında bu məsələlərin aradan qaldırılması üçün müəyyən məsələlər əks olunub və zamanla müəyyən işlər həyata keçiriləcək". Fərzəli Qədirovun sözlərinə görə, strategiyada müəllim tərkibinin keyfiyyətinin yaxşılaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı işlər əksini tapıb.
F.Qədirov qeyd edib ki, strategiyaya əsasən ölkədə müəllimlərin sertifikasiya, attestasiyası nəzərdə tutulub: "İndiyə kimi sistemli şəkildə bu iş aparılmayıb və təcrübə yoxdur. Təhsil Nazirliyi hazırda müəllimlərin sertifikasiya üzrə mexanizm hazırlayır. Dünya təcrübəsinə uyğun olaraq ilkin mərhələdə bütün müəllimlərin fəaliyyəti qiymətləndiriləcək. Ona görə ki, biz ilk növbədə harada, hansı vəziyyət və səviyyədə olduğumuzu bilməliyik. Bu qiymətləndirmədən sonra müəyyən təlim proqramları işlənəcək və müəllimlər təlimlərdən keçiləcək. Bu da müəllimlərin çatışmayan cəhətləri aradan qaldırmağa xidmət edəcək. Növbəti bir qiymətləndirmə isə əvvəlkindən bir qədər fərqli və daha ciddi olacaq. Bunun nəticəsinə görə müəllimlərin differensial əmək haqqı sisteminə keçid mümkün olacaq. Və yüksək nəticə göstərən müəllimlərin əmək haqqı artırılacaq. Bu qiymətləndirmədən keçməyən və ya aşağı nəticə göstərənlərə şans verilir ki, öz bacarıq və biliklərini artırsın. Növbəti illərdə onlar yenidən yoxlamadan-qiymətləndirmədən keçə bilərlər. Növbəti 3 il ərzində müəllim qiymətləndirmədən keçməsə onun əmək haqqı artırılmır və bu, onun gələcək fəaliyyəti ilə sualların yaranmasına və müəyyən qərarların qəbuluna şərait yaradır".
F.Qədirov qeyd edib ki, növbəti qiymətləndirmə mərhələsində yenidən iştirak etmək istəyən və daha uğurlu nəticə göstərən müəllimlər "Müəllimlərin müəllimi", "Baş müəllim", "Peşəkar müəllim" kimi dərəcələrin verilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu səviyyəyə çatandan sonra müəllimlər daha yüksək əmək haqqı alacaqlar: "Bir sözlə, Azərbaycan bu məsələ ilə bağlı öz modelini və formasını seçəcək. Lakin müəllim indidən bilməlidir ki, onu gələcəkdə nə gözləyir. Gələcəkdə bu meyarlara cavab verməyən müəllimlər məktəblərdə işləyə bilməyəcəklər. Bunu zaman, Azərbaycanın inkişafı və dünya ölkələri ilə müqayisədə mövcud olan rəqabət tələb edir".