Millətinin “dəlisi”... Hadisə

Millətinin “dəlisi”...

Belə bir ifadə var:”Milləti üçün ağlayanın gözləri kor olar”. Bu, nə qədər düzgün ifadədir bilmirəm. Ancaq bir onu bilirəm ki, zaman-zaman milləti, dövləti, dövlətçiliyi, bayrağı, ərazi bütövlüyünü və nəhayət, Bütöv Azərbaycanı canından, sağlamlığından, şəxsi istəklərindən öndə tutanların taleyi ağır və üzücü olub. Bu sıranın başında Milli Azadlıq Hərakatının lideri, eks-prezident, millət sevdalısı Əbülfəz Elçibəy dayanır. Hərakatın üzvləri çox gözəl bilirlər ki, daha kimlərdir bu sırada yer alanlar. Bu yazımda onlardan biri - Milli Azadlıq Hərakatının öncüllərindən biri, Meydan Hərakatının daimi üzvü, millətinin “dəlisi”, üçrəngli bayrağımızın aşiqi Yeganə Mehdibəyli haqqında yazacağam.
Elçibəy dünyasını dəyişəndə Yeganə xanımın arzuları, istəkləri də sanki torpağa gömüldü. Bir müddət özünə gələ bilmədi. Çünki bilirdi ki, nə AXCP əvvəlki kimi güclü olmayacaq, nə də müxalifət. Ancaq Qüdrət Həsənquliyevin atdığı addımlar onun ürəyində bir ümid yaratdı. AXCP-nin birləşməsinin tərəfdarlarından oldu. Nə yazıq ki, məkirli qüvvələr bu birləşmənin baş tutmaması üçün əllərindən gələn bütün yaramazlıqlara imza atdılar. Düzdür, birləşdirici qurultay baş tutdu və yüksək səviyyədə keçirildi. Ancaq sonradan Qüdrət Həsənquliyevin tərəfdarları, yəni çoxluq Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adı altında Elçibəy ideyalarını rəhbər tutaraq yola davam etdilər. Qeyd edim ki, mən də bu yolun yolçularından biriyəm və qürur duyuram...
...20 ilə yaxındır Yeganə xanımla yol gəlirdik. Bu yolda çəkişmələr də, fikir ayrılıqları da, bərkişmələr də olub. Ancaq çətin günlərimizdə kürəyimizi bir-birimizə dayayaraq dotluğumuzdan vaz keçməmişik. Onun ailəsi-qardaşları Müqəddəs bəy və Mehdi bəy, bacıları Həlimə xanaım, Rəvanə xanım və Səyyarə xanım da eyni əqidənin daşıyıcılarıdırlar. Yəni milləti, dövləti, bayrağı, bütövlüyü uca tutan və bu yolda şəxsi maraqlarından belə vaz keçən yolçulardır. AXC hakimiyyəti dğvründə Müqəddəs bəyə etimad göstərilib və Xaçmaz rayonuna icra başçısı təyin edilib. Elə bu yerdə qulaq şahidi olduğum bir söhbəti xatırlatmaq istəyirəm. İldə bir dəfə də olsa Yeganə xanımla 2-3 günlüyə Xaçmazın Xudat kəndinə gedərdik. Səmimi sözümdür, elə bilirdim doğmalarımın, qardaş və bacılarımın yanına gedirəm. Növbəti gedişlərimizin birində (təxminən 10 il bundan öncə-A.Ş.) marşurut avtobusda bizdən arxa sırada oturmuş sərnişinlər Xaçmazdakı vəziyyətdən narazılıqla danışırdılar. Korrupsiya və rüşvətxorluğun artdığını, vəzifəli şəxslərin insanlarla kobud davrandığını, təsərrüfatla məşğul olanların becərdikləri məhsulları şəhərə aparmaq üçün çətinlik çəkdiklərini, bəzən bu məhsulların xarab olduğunu və s. bildirirdilər. Və sonda biri digərinə dedi: “Allah Müqəddəs bəyin atasına rəhmət eləsin. Onun dövründə belə özbaşınalıqlar olmazdı”. Mən Yeganə xanıma baxdım:”Bunlar bəlkə sizi tanıdıqları üçün belə danışırlar”. Yeganə xanım bildirdi:”Xaçmazda məni çox adam tanımır. Çünki orta məktəbi bitirib rayondan çıxmışam. Bayramdan bayrama, xeyirdə, şərdə rayona gedirəm”.
Gözləri qardaşı haqqında deyilənlərin sevincini yaşayırdı. Hər zaman beləydi-qardaşları, bacıları haqqında qürurla danışar, onlarla fəxr edərdi. Doğrudan da fəxr olunası, yaxşı mənada həsəd aparılası ailə idi. Çoxları kimi onlar da çətinliklə dolanırdılar. Birinin əlində nəyi varsa o birilərlə bölüşər, çətin günlərində bir-birinə arxa- dayaq olardılar. Bütün bunlar həm də dostları, yaxınları üçün keçərliydi. Bu baxımdan birmənalı olaraq deyə bilərəm ki, Xaçmazda sayılıb-seçilən, bu gün də hörmətlə yad olunan, Allahın rəhmətini öz əməllərilə qazanan Kazım müəllimin, Zəkiyyə xanımın övladları xoşbəxtdir. Mənim aləmimdə xoşbəxtlik pulla, var-dövlətlə, vəzifə ilə ölçülmür. Xoşbəxtlik bir-birinin qiymətini bilib dəyərini verməkdə, çətin gündə tikəsini bölüşə bilməkdədir. Bu keyfiyyətlər isə hər kəsə və hər ailəyə nəsib olmur...
...Kənd Xudatda dədə-babadan qalma çox qədim evləri var. Bu ev bütün dostların, qonaqların üzünə həmişə açıq olub. Elə ayağını həyətə qoyan kimi doğmalığı hiss edirsən. Yayda bu ev daha da qələbəlik olur. Şəhərdən dost-tanış , kim Xaçmaza gəlirsə, rahatlığını bu evdə tapır. Eyni mənim kimi. Həyətdə qoyulan masanın ətrafında samovar çayı içə-içə necə gözəl söhbətlərimiz, dövlətlə bağlı arzularımız, istəklərimiz , torpaqlarımızın işğaldan azad olunmasıyla bağlı dualarımız olub. Axır ki, dualarımız gerşəkləşdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun qeyrətli oğulları canları, qanları bahasına işğal altında olan torpaqlarımızın böyük bir hissəsini azad edərək, alnımıza yazılan qara ləkəni təmizlədilər. Yadımdadır, Qubadlı işğaldan azad olunan gün Yeganə xanım zəng vurdu. Səsi titrəyirdi sevincdən: “Arzu xanım, o qədər xoşbəxtəm ki, Qubadlımız da azad edildi. Gözümüz aydın. İnşallah o gün olsun Qubadlıda bizim üçün plov bişirəsən”. Bəli, Yeganə xanım işğal altında olan bütün yerlərimizi öz eli-obası bilirdi. Allaha şükürlər olsun ki, o, bu sevinci yaşadı. ..

Və son...

...İllərdir ki, Yeganə xanım BAXCP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərirdi. Otağında bütövlüyü, türkçülüyü əks etdirən mənzərəylə qarşılaşardın. Masanın üzərində türk dövlətlərinin bayraqları sıra ilə düzülərdi. Partiyaya, liderinə sədaqətliydi. Bu zəhrimar COVİD-19 virusu peyda olunana kimi bir dəfə də olsun işdən qalmamışdı. O, işindən zövq alırdı. Vaxtında gəlib, vaxtında gedərdi. Bir az ayaqları ağrıyırdı. Həkimlər demişdi ki, sinirlə bağlıdı, müalicə olunurdu. Müalicəni də işə gələrək edirdi. O vaxta kimi ki, qadağalar sərtləşdi. Hər yerdə olduğu kimi bizim partiyada da insanların virusa yoluxmaması üçün önləyici tədbirlər alındı. Yeganə xanımın sanki bundan sonra ağrıları artmağa başladı. Telefonla tez-tez əlaqə saxlayırdıq. Hər dəfə də eyni sualı verirdi:”Arzu xanım, nə vaxt işə gedəcəyik? Nə vaxt bir yerdə olacağıq?” Ona səbrli olmağı tövsiyyə etsəm də, bilirdim ki, xeyri yoxdu. Çünki o, mənəvi rahatlığını işdə tapırdı. Həddindən artıq səliqəli, qayğıkeş idi. Partiyada mətbəximiz var. Oturub çay içər, dərdləşər, dünənə baxıb səhvlərimizi görər, sabaha ümidlə yaşayardıq. Cibində qəpik-quruşu olsa belə kimsə yanında desəydi ki, “səhər erkən çıxmışam heç nə yeməmişəm”. Kimsəyə bildirmədən Yeganə xanım dərhal yaxınlıqdakı marketə gedib olub-qalan puluyla nəsə alıb gətirər, hər kəsi masa ətrafına toplayar çay süzüb verərdi. Artıq partiyada bir ənənə halını almışdı. Çərşənbələrdə səməni alar, masanın üzərini şirniyyatlarla bəzəyərdi. Və bundan xüsusi zövq alardı. Hərdən olurdu ki, mənim də süfrədə duzum olurdu...
Yeganı xanım qürurluydu. Kimsəyə əyilməzdi öz işi üçün. Başqasının işinə isə yüyürərək gedərdi. Və düzəlməsi üçün əlindən gələni əsirgəməzdi. Sonuncu dəfə mənim yubleyimdə görüşdük - mayın 26-da. Mən partiyaya çatanda artıq BAXCP sədri Qüdrət Həsənquliyevin tapşırığı, Yeganə xanımın təşkilatçılığı ilə masa qurulmuşdu. Bir-birimizə sarıldıq. Elə ordaca mənə dedi: “Arzu xanım, şükürlər olsun torpaqlarımızın böyük hissəsi işğaldan azad olundu. Ancaq Xankəndi, Xocalı, Xocavənd yenə də ermənilərin əlindədir. Sülhməramlı adı altında rusların buraya gəlməsi isə heç yaxşı olmadı. Rusiyadan sülhməramlı olar?” Güldüm və zamanla hər şeyin yoluna qoyulacağını bildirdim.
...May ayından bu yana tez-tez telefonla əlaqə saxlayardıq. Müalicə aldığını deyirdi. Təxminən bir ay bundan əvvəl Bəhruz bəylə sözləşdik ki, Xaçmaza Yeganə xanımı ziyarətə gedək. Yolda zəng vurduq, dedi ki, evdə deyil, Qusara gedib işlə bağlı. Kor-peşman qayıtdıq. ..
...Əməliyyat olduğum üçün başım özümə qarışdı. Onunla bir daha əlaqə saxlaya bilmədim. Heç onun COVİD-19-a tutulduğundan, xəstəxanaya yerləşdirildiyindən belə xəbərim olmayıb. Partiya rəhbərliyində ən gənc üzvümüz Nərmin xanım tez-tez mənimlə əlaqə saxlayar, səhhətimlə maraqlanardı. Heç o da mənə Yeganə xanımın xəstə olduğunu bildirməyib. Xəstəxanadan çıxan günün səhəri Nərmin xanım zəng vurdu və dedi:”Arzu xanım, bilirəm vəziyyətiniz necədi, ancaq bilməlisiniz. Yeganə xanım bir həftə olardı xəstəxanada aparata qoşulmuşdu. Bu gün...”
“Sən nə danışırsan” deyib, ikimiz də hönkür-hönkür ağladıq. Bu yerdə Yeganə xanımın bir fikri yadıma düşdü. O, deyirdi: “Axşamlar qonşu qadınlar yığışıb söhbət edərdilər. Mən də onlara çay verərdim. Bu sözləri tez-tez eşidərdim: “Bu dünya əxlaqsızların, başqasına quyu qazanların, satqınların, şərəfini itirənlərin, yaramazların, ancaq əvəzində hər şeyə sahib olanların dünyasıdır”. Arzu xanım, bu illər ərzində həmin qadınların haqlı olduqlarını görmüşəm”. Ona təskinlik versəm də faydası olmurdu. Bəlkə də haqlıydın Yeganə xanım. Bu xəstəlikdən getməyin üzündən sənin dəfnində partyadaşların belə iştirak edə bilmədi. Halbuki, Bütöv Azərbaycan sevdalısının dəfni elə olmalıydı ki, çəkdiyi əziyyətlərin bir faizini versin. Özün demişkən, həyatda heç nəyin sahibi olmamısan. Nə adına evin, nə də bağın olub. Hətta zarafat edərdin ki, işlətdiyin telefon belə öz adına deyil. Bircə qazancın vardı - Müstəqil Azərbaycan, üçrəngli bayraq, güvəndiyin partiya və qardaşların, bacıların, onların uşaqları. Onların uşaqları demişkən, Müqəddəs bəyin oğlu Əlisultanla nəfəs alardın. Onun üçün ana əvəzi olmuşdun. Onunla fəxr edərdin. Elə arzulayardın ki, Əlisultanın toyunu görməyi. Mən oğlun üçün nişan aparanda şəkillərin görmüşdün. Və demişdin ki, Əlisultanın nişanında sənin məsləhətinə ehtiyacımız olacaq. Rahat yat Yeganə xanım. Ruhun qarşısında söz verirəm. Allah mənə sağlıqlı ömür versin, Əlisultan sənin ruhunu şad edəcək xanımla nişanlansın, səni əvəz edə bilməsəm də, bacıların köməyinə çatacam...
...Gələn il, noyabrın 9-da, bayraq günündə 60 yaşın tamam olacaq. Özünə bildirməsəm də, yubleyinə bir yazı hazırlayacaqdım. O da qısmətin deyilmiş. Allah sənə rəhmət eləsin! Əzizlərinə, elə biz partiyadaşlarına da səbr versin!

Arzu Şirinova