Aşıq Kemali Bülbül və Türk Dünyası Mədəniyyət

Aşıq Kemali Bülbül və Türk Dünyası

Türk xalq şeirinin əlisazlı, ürəyisözlü usta sənətkarları xalqın milli-mənəvi sərvətlərini, coğrafiyasını, etnik ənənələrini əks etdirən şeirləri ilə zəngin türk mədəniyyətinin işıqlı səhifələrini yazıblar. Onlar günümüzdə də bu ənənəni yaşatmaqla, türklüyün zəngin saz-söz sənəti üzərində qol-budaq atmaqdadırlar. Müasir türk aşıq şeirinin təmsilçilərindən "məmləkət sevgisi gəlir imandan" deyən Samsunlu Aşıq Kemali Bülbülün Türkiyə sevdası ilə bərabər, bütün türk dünyasına olan sevgisini dilə gətirən şeirlərini bir araya gətirib incələməyə çalışdıq və bu şeirlərdə Kemali Bülbülün Azərbaycan, qırğız, boşnak, türkmən, kərkük, kıbrıs (Kipr), tatar kimi soylarına olan böyük sevgisini gördük. Samsunluların çox sevdiyi Kemali Bülbül yalnız Samsun üçün deyil, Türkiyə və Türk Dünyası üçün də qiymətli bir xalq şairidir. Onun Türk Dünyasını əks etdirən şeirlərini bir araya gətirib incələyincə bu düşüncənin gerçəkliyi ortaya çıxdı.
Şairin haqqında yazanlar "gözəlləmələrində vətənin gözəlliklərini tərənnüm etmiş, bacarıqlı siyasətçilər və idarəediciləri öyməkdən zövq alıb, yanlış addım atanları isə taşlamalarında (həcvlərində) yerdən-yerə vurmaqdan çəkinməyib, doğruları söyləməkdən qorxmayıb" deyiblər. Şairin Türk Dünyası haqqında yazdıqlarını da bu baxımdan incələdikcə maraqlı nəticələr görməkdəyik. Şeirlərinin ana mövzuları rəngarəng olan şairin Türk Dünyasına verdiyi önəmin ayrıca yeri var. Kemali Bülbül adı türk olan bir millətin azəri, tatar, türkmən, kərkük deyə parçalandığına inanır və turançı bir düşüncə ilə belə deyir:

Kemali Bülbül der mən Turançıyım,
O heçlər yolçudur, mənsə hancıyım.
Nə satılmış kölə, nə yalançıyım,
Deyirəm imansızlar insafa gəlsin.

və ya

Dünyaya haykırdı türk türklüyünü,
Turana türklüyə türkü söylədik

– misralarında türkçülük-turançılıq idealını açıqca ifadə edərək, Turan zəfərinin mütləq qələbəsinə inanan, bu zəfəri görmək arzusunda olan bir şairdir. Türk Dünyasının böyük mütəfəkkiri Ziya Gökalp "Turan" mənzuməsində türkçülüyü bütün məfkurələrilə ortaya qoyaraq olduqca iddialı bir şəkildə belə ifadə edir:

Vətən nə Türkiyədir, nə Türküstan,
Vətən böyük mühebbet bir ölkədir - Turan.

Ziya Göyalp "Türkiçülüyün əsasları" adlı əsərində Turançılığa belə tərif verir: "Turan, türklərin mazidə və bəlkə də istiqbalda şeniyet olan böyük Vətənidir".
Ziya Gökalpın düşüncələrinə hörmətlə yanaşan Kemali Bülbül türkçü və turançı fikirləri ifadə edən bir çox şeir yazıb. Onun "Türküstan", "Ayaqlar Kıbrısda, gözlər Bosnada", "Kərküknamə", "Serblərə məktub", "Salam yolladıq" şeirləri bunlardan bir neçəsidir. Kemali Bülbülün Azərbaycan və onun qədim diyarı, ayrılmaz bir parçası olan Qarabağla bağlı şeirlərində sovet dönəmi illərindəki Azərbaycanın dərdləri dilə gətirilir. "Qara sevdam Azərbaycan" şeirində kökü bir, dili, dini bir olan Azərbaycan türklərinə olan məhəbbət ifadə edilməklə yanaşı, XX əsrin sonlarında Azərbaycana qarşı olan haqsızlıqlar ürək ağrısı ilə dilə gətirilir:

Əldə, dildə təsbehimsin
Mənə görə tək isimsin.
Həm qardaşım, həm hısımsın,
Azərbaycan, Azərbaycan,
Dərdin məni üzər baycan.

Dağlarında maralım var,
Krım, İdil, Uralım var.
Türküstanda sevdalım var,
Azərbaycan, Azərbaycan,
Tarix qarip yazar baycan.

Atəşimsin, ocağımsın,
Çözülməyən can bağımsın.
Meydanımsın, otağımsın,
Azərbaycan, Azərbaycan,
Qəlbim sənə məzar, baycan.

Kemaliyim, Qafqazlıyım,
Əslim bəlli türk əsliyim.
Sən Kərəmsən, mən Əsliyim,
Azərbaycan, Azərbaycan,
Yapayılnız gəzər baycan.

Gözəl Türkiyə türkcəsindən süzülüb gələn və sevgi ilə poetikləşmiş bu şeirlərdə Azərbaycan sevdası bütün ayrıntıları ilə poeziya dilinə həkk olunur. "Qarabağ qan ağlayır əllərim yanda", "Qarabağ ortada bəklər müdaxil" - misralarında Qarabağın erməni terroristləri tərəfindən işğalına dünyanın səssiz qalmasına etirazını ifadə edir. Qarabağ mövzusuna həsr etdiyi "Erməni zülmü" şeirində döşünə düşmən silahı dayanmış Qarabağın fəryad, imdad səsinin eşidilmədiyinə üzülərək, 1990-cı illərdə yazdığı bu şeirində dost görünən Avropanın erməni hiyləsinə, erməni zülmünə seyrci qalmasına, bu xainlik və qəddarlığa səssizliyinə heyrət edir. Türkçü, Turançı fikirlərə sahib olan Kemali Bülbülün şeirlərində "Türküstan" anlayışına keçmədən öncə "Türküstan" termini ilə bağlı bəzi bilgiləri vermək yararlı olacaq.
Sovet hakimiyyəti illərində Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Qazaxıstanın güney bölgəsinə coğrafi termin olaraq "Orta Asiya" deyilirdi. 1924-25-ci illərə qədər bu bölgəyə Türküstan deyilirdi.
Orta Asiya Qərbdə Xəzər, Şərqdə Çin, güneydə İran və Əfqanıstanla həmsərhəddir. Bu bölgə eradan əvvəl VI əsrin ortalarında Əhəmənilər, e.ə. 329-327-ci illərdə isə Makedoniyalı İsgəndər tərəfindən işğal edilib. Eradan əvvəl 3000-cü ildə Parfiya, Yunan, Bəlx, Kişan dövləti qurulmuşdu. Kuşanların dillərinin türkcə olduğu bilinməkdədir. Eradan əvvəl 2000-ci ilin sonu, 1000-ci ilin əvvəlində Soğd, Xarəzm və Bəlx dövlətləri, IV-V əsrlərdə Eftalilər dövləti qurulub, daha sonra bu dövlət türk xaqanlığına daxil edilib. XIII əsrdə ərəb-islam xilafətinə tabe olan Orta Asiya IX əsrdə xilafətdən ayrılır və Orta Asiya və ona qonşu olan ölkələrdə Samanilər, Tahirilər, daha sonra da Qaraxanlılar, Qarahitaylar dövlətləri qurulur. IX-XII əsrlər arasında Orta Asiya bölgəsində Özbək-Türkmən, Qırğız-Qazax adı verilən türkdilli müsəlmanlar şəkillənməyə başladı. Səmərqənd, Buxara, Ürgenç, Mərv islam aləminin dini mərkəzinə çevrildi və türkcə bir ədəbiyyat yaranmağa başladı. Kaşqarlı Mahmudun, Balasaqunlu Yusif Has Hacibin, Əhməd Yasəvinin əsərləri bu bölgənin əbədi-mənəvi zənginliklərini meydana gətirdi. Fərabı, Biruni, İbn-Sina və Ömər Xəyyamın əsərləri Orta Asiyada tibbi, fəlsəfi və bədii düşüncənin inkişafında böyük bir mərhələ oldu.
XIX əsrdə və XX əsrin əvvəllərində Orta Asiyanın mərkəzi və Asiyanın türk xalqlarının yaşadığı coğrafiyanı əhatə edən bölgə üç adla tanınırdı: Qərbi Türküstan, Şərqi Türküstan (günümüzdə Çin hüdudları içərisindədir) və Şimali Türküstan (günümüzdə Əfqanıstan hüdudları içərisindədir). Qərbi Türküstan XIX əsrin 60-80-ci illərində Çar Rusiyasına ilhaq edildi və 1886-cı ildə bu bölgənin rəsmi adı Türküstan oldu. 1917-ci ilin noyabr ayından başlayaraq Türküstanın bir çox bölgələrində sovet hakimiyyəti quruldu. 1920-1930-cu illərdə Özbəkistan, Türk¬mənistan, Tacikistan və Qırğızıstan kimi Sovet Respublikaları yarandı. Bu respublikaların sərhədləri müəyyən edildikdən sonra (1924-25) "Türküstan" coğrafi adı "Orta Asiya" adlandı. "Türküstan" anlayışı Aşıq Kemali Bülbülə görə uca bir anlayışdır. Bu böyük bölgənin keçmiş Sovetlər Birliyi və Çin əsarəti altında olması şairin öz ifadəsilə üzüntüsüdür. Bu üzüntünü o, "Türküstan" şeirində belə ifadə edir:

Kemali Bülbülüm üzüntüdəyim,
Bu uğurda sizlə mən də öləyim.
Əlimdən gələn bu daha nə edəyim,
Salam Türkiyədən, salam Kıbrısdan,
Türküstan, Türküstan, genə Türküstan.

1992-ci ildə yazdığı "Serblərə məktub"da serb və xor¬vatların müsəlman boşnakları qətl etməsini serblərin ən böyük cinayəti hesab edir, onların fironluğunu pisləyir.

Fironundan betər çıxdı bu serblər,
Yoxsa canındanmı bıkdı bu serblər.
İpləri boynuna taxdı bu serblər

– deyərək Türkiyənin serblərin boşnakları qətl etməsinə biganə qalmayacağını, türkün ayağının Kıbrızda, gözlərinin Bosnada olduğunu vurğulayaraq qətlə məruz qalan bosnakların ahının yerdə qalmayacağına ümid bağlayır:

Kemali Bülbülüm hıkırıyorum,
Qoca kainata sığamıyorum.
Məzlum ahı yerdə qalmaz diyorum,
Ayaklar Kıbrısda, gözlər Bosnada.

Türkün zəfər tarixinə yazdığı "Kıbrıs şehidləri", "Kıbrıs dastanları", "Ya taksim, ya ölüm", "Kıbrıs zəfəri" şeirlərində türkün qəhrəmanlıq səhifələri vərəqlənir, vətən yolunda ölən şəhidlər anılır. "Məmləkət sevgisi gəlir imandan" deyərək ən ulu sevginin Vətən sevgisi olduğunu vurğulayır:

Bunca ildir həsrət övladla ana,
Əsil vətən səndə, kərəm Kıbrısım.
Nasıl tərk edərim səni yunana,
Gəlib də yoluna öləm, Kıbrısım.

Eyni düşüncə tərzi şairin kərkük türkləri haqqında yazdığı şeirlərində də görünür. Məlumdur ki, İrakın Osmanlı bölgəsində yaşayan türklər XX əsrin əvvəllərindən etibarən dəfələrlə qətl edilmiş, bu qətillər, kərküklərə qarşı olan haqsızlıqlar Aşıq Kemali Bülbülə "Kərküknamə" adı verdiyi silsilə şeirlər yazdırmışdı.
Çeşidli adlarla türk boylarının İraqa gəlmələri Səlcuqlu imperatorluğunun qurulmasından çox əvvəllər gerçəkləşmişdi. Abbasilərin V xəlifəsi olan Harun Rəşidin (786-809) mühafiz birliyi tamamən türklərdən ibarət idi. Bu barədə Türkiyədə yayınlanan "İraq Müasir Türk Şairləri Antolojisi" adlı kitabın ön sözündə yazılıb: "Abbasilər sülaləsinin VIII xəlifəsi Mütasim zamanında (833-842) əsgəri idarəçilikdə türklərin böyük rol almalarından dolayı bölgədə siyasi iqtidarın türk kökənli olmaları İraqdakı türklərin bu bölgədə rolunu göstərir. Abbasiləri himayələri altında idarə edən Səlcuqlulardan sonra bunların davamı olan Atabəylər (XII-XIII əsr), Monqol istilası ilə İlhanlılar (1258-1336), Cəlayirlər (XII-XIII əsr) bölgədə hökm sürüblər. Daha sonra Qaraqoyunlular (1340-1469), Ağqoyunlular (1469-1508) və Səfəvilər (1508-1534) o bölgədə iqtidarı əllərinə alıblar. 1534-cü ildə Osmanlı hökmdarı Qanuni Sultan Süleymanın çıxdığı İraq səfəri ilə bölgə tamamən Osmanlı torpaqlarına qatılıb.
Türklər İraqa gəldikləri zamandan Mosul, Kərkük, Altınkörpü, Köysancaq, Takik (Dakika), Şeyhi-Zor bölgələrində yerləşiblər. Bu türk boylarının çoxu 24 Oğuz boyundan (bayat, kayı, karaevli, alkaevli, yazır, döger, dodurqa, yaparlı, avşar, kızık, beydili, karkın, bayındır, beçenə, çavuldur, çepni, salur, eymur, alayuntlu, ürgir, yığdır, bürdüz, yıva, kınık) olan bayat boyuna mənsubdurlar".
Səlcuqlular, İlhanilər, Ərbin Atabəyləri və Qaraqoyunlular zamanı Kərkük bölgəsi tam türkləşdi. Tarixi bəlgələr Kərkük, Altınkoprü, Bayat, Karacuk, Kızılrıbat və Karatəpə kimi qəsəbə və kəndlərin də türklər tərəfindən qurulduğunu göstərir. Göründüyü kimi, İraqda 1000 ili aşan bir zamandan bəri varlıq göstərən türklər, ölkənin cənub və orta bölgələrində yaşamaqdadırlar.

Maarifə Hacıyeva
professor