Qaraqalpaqlar: tarixi, gerçək durumu Mədəniyyət

Qaraqalpaqlar: tarixi, gerçək durumu

III yazı

Qaraqalpaqların etnogenezi Sırdərya və Aral ətrafı delta və səhralıqlarda məskunlaşmış qəbilələrlə əlaqəlidir. XVI-XVIII əsrlərin ortalarında qaraqalpaqların böyük qismi Sırdəryanın orta və aşağı axını hissəsini tutmuşdu. Onlar burada yarımoturaq həyat tərzi keçirib, əsasən əkinçilik, heyvandarlıq və balıqçılıqla məşğul olublar. XVIII əsrin ikinci yarısında qaraqalpaqların əsas hissəsi Sırdərya çayının qolu olan Janıdəryanın qərb tərəfindəki deltasına köçür. XIX əsrin sonunda qaraqalpaqların Amudərya deltasına köçüb yerləşməsi başa çatır. Qaraqalpaqların tarixi və etnogenezi Orta Asiya tarixi, qəbilələri və xalqları ilə sıx bağlıdır.
Hələ e. ə. I minillikdə Orta Asiya ərazisində zəngin, mədəni və eyni zamanda oturaq həyat tərzi keçirən əhaliyə malik olan dövlətlər Baktriya, Margiana, Soqdiana və Xarəzm vardı. Bu dövlətlər köçəri həyat tərzi keçirən qəbilələr – daxlar, massagetlər, alanlar, aslar, parfiyalılarla sərhədlərə malik idilər. Həmin dövrün qədim abidələri bizə gəlib çatmasa da, qeyd olunan mərhələdə yazının sırf din və administrasiyaya xidmət etməsi qənaətini ortaya qoyur. Eyni zamanda onu da söyləmək lazımdır ki, qədim yunan müəlliflərinin şərhində massaget və digər skif qəbilələri haqqında çoxsaylı əfsanə və rəvayətlər dövrümüzə gəlib çatıb. Məsələn, Herodotun (e. ə.V əsr) Persiya çarı Kirlə massaget çariçası Tomirisin mübarizə epizodunu əks etdirən hekayət bu gün də qaraqalpaqlar və azərbaycanlılar arasında kifayət qədər məşhurdur. Farslar hərbi kələyə əl atmaqla döyüşdə massagetləri və Tomirisin oğlu Sparqapisi əsir götürürlər. Oğlunu vəziyyətdən çıxarmaq üçün çariça Tomiris fars çarı Kirə Sparqapisi azad edib hər şeyi sülhlə sonuclamağı təklif edir. Çariçanın ultimatumu olduqca maraqlıdır: "Əgər bunu etməsən, sənin qandan doymağına baxmayaraq, massagetlərin günəşinə, allahına and olsun, mən sənin yangını qanda boğacam".
Tomirisin təklifini qəbul etmədiyindən o, doğrudan da qanlı döyüşdə öldürülüb. Çariça vəd etdiyi kimi kisəni insan qanı ilə doldurub Kirin başını da kisəyə qoyub deyir: "Baxmayaraq ki, sən döyüşdə qalib gəldin, mənə ağır kədər qismət etdin və məkrlə oğlumu əlimdən aldın, məndə buna görə səni hədələdiyim kimi, qanda boğdum". Bu epizoddakı xarakterik xüsusiyyət həm də Polienin "Hərbi kələklər" kitabında Şirakın qəhrəmanlığından danışdıqda özünü əks etdirir. E. ə. 513-cü ildə skiflər İran çarı I Daraya qarşı üsyanlar edərkən onların düşərgəsinə sak mehtəri Şirak qulaqları, burnu kəsilmiş, pis hala salınmış vəziyyətə gəlir və deyir ki, onu bu günə öz qəbilədaşları saldığından o, onlardan qisas almaq üçün İran şahına xidmət etməyə hazır olduğunu söyləyir. Buna görə o, İran ordusunun sakların arxasına keçirilməsinə kömək edəcəyinə söz verir. Fars ordusu yeddi gün yorğun-arğın yol gedir. Nəhayət, Şirak onları susuz səhraya gətirib çıxarır. Perslər Şirakı hədələməklə ondan düzgün yol göstərməyi tələb edirlər. Belə olduqda Şirak cavab verir: "Mən qələbəni uddum, öz yerlilərimdən, saklardan bədbəxtliyi kənarlaşdırmaq üçün farsları aclığa və ölümə məhkum etdim". Demə, qəbilədaşlarını xilas etmək üçün mehtər bu yaraları özü-özünə vurur. Bu əfsanənin bəzi detalları türk xalqlarının qəhrəmanlıq eposu "Koroğlu"da özünü əks etdirməkdədir. X.Koroğlu "Özbək ədəbiyyatı" kitabında yuxarıda adlarını çəkdiyimiz dövlətlərin (Baktriya, Margiana, Soqdiana və Xarəzm) mədəniyyətindən və dilindən söhbət açarkən e.ə. II-I əsrlərdə yaşamış tarixçi – Si Ma-Tsyanyaya söykənərək Fərqanədən Parfiyaya qədər (Aşqabad ərazil əri) "insanların bir-birini anladıqlarını", Strabon isə Baktriya, Soqdiana, Persiya və Midiya (Cənubi Azərbaycan) əhalisinin bir-birinin dilini başa düşdüklərini qeyd edib. Qaraqalpaqların tarixi və Qaraqalpaqstanın özü ilə bağlı SSRİ EA-nın Xarəzm Arxeoloji Etnoqrafiya Ekspedisiyasının professoru S.P.Tolstovun rəhbərliyi ilə aparılan tədqiqatlar qaraqalpaq xalqının tarixi simasının müəyyənləşdirilməsində böyük rol oynayıb.
T.Jdankonun "Qaraqalpaqların tarixi etnoqra fiyasının oçerkləri" kitabında qaraqalpaqların etnogenezi ilə bağlı müxtəlif alimlərin nəzər nöqtələri ümumiləşdirilir. XIX əsrdə qaraqalpaqların sosial quruluşu öyrənilir, onların tayfa-qəbilə strukturu ətraflı şəkildə şərh olunur. Bu müəlli fin əsərlərində qaraqalpaq xalqının tarixi və etnoqrafiyası ilə bağlı bir sıra digər məsələlər də ətraflı şəkildə öz əksini tapıb. Qaraqalpaqların tarixi, etnoqrafiyası, məişəti və həyat tərzi başqa materiallar da, monoqrafik əsərlərdə, tədqiqat işlərində və məqalələrdədə nəzərdən keçirilib.
Qaraqalpaq alimi X.Yesbergenov qaraqalpaqların etnoqrafiyası ilə bağlı ayrıca bir əsər yazıb. Burada müəllif nəinki qaraqalpaq mədəniyyətinə və həyatına, həm də Qaraqalpaqstan ərazisində yaşayan digər xalqların mədəniyyətinə və həyatına kifayət qədər yer ayırıb. Bununla belə, bu sahədə ən sanballı əsərlərdən biri "Qaraqalpaqların qədim zamanlardan dövrümüzə qədərki oçerki" adlanan mənbədir. Bu kitabda qaraqalpaqların tarixi daha obyektiv şəkildə araşdırılmağa cəhd edilib. 50-60-cı illərdə Qaraqalpaqstan və qaraqalpaqların folkloru, incəsənəti, ədəbiyyatı və təhsillə bağlı çoxsaylı əsərlər işıq üzü görüb. Sadaladığımız bu və digər mənbələr qaraqalpaqların tarixi, etnoqrafiyası, folkloru, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, mənəviyyatı haqqında geniş mənzərə yaratmaq üçün müvafiq şərait sərgiləyir. Təəssüf ki, belə zəngin və orijinal qaraqalpaq mədəniyyəti və ədəbiyyatı Azərbaycanda indiyə qədər diqqət mərkəzində dayanmayıb. Bununla belə bu xalqın geniş mədəniyyəti ilə tanış olduqda biz türk xalqlarından özünəməxsusluğu ilə seçilən qaraqalpaqların mədəniyyətinin və mənəviyyatının özəl xüsusiyyətlərinin şahidi oluruq. Bu kitabın nəşrinə qədər biz qaraqalpaq qəhrəmanlıq eposu "Qırx qız"ın ayrı-ayrı hissələrinin nəşri, tərcüməsi və s. haqqında bir sıra məqalələr çap etdirmişik ki, onlar qaraqalpaq mədəniyyəti və ədəbiyyatı haqqında az da olsa təsəvvürlər yarada bilib. Azərbaycanda qaraqalpaqlar haqqında informasiyanın kifayət qədər qənaətbəxş olmaması ucbatından bu xalqın tarixinin müxtəlif dönəmləri haqqında bəzi məlumatlar verməyi məqsədəuyğun hesab edirik. Qeyd etmək lazımdır ki, qaraqalpaqların daimi məskunlaşdığı torpaqlar kimi Sırdəryanın aşağı hissəsi, vaxtılə Noqay xanlığına daxil olan ərazilər İdil (Volqa), Yaik (Ural) və Krım göstərilir. Elə buradaca qeyd edək ki, Qaraqalpaq folklorunda "noğay qatı" daha güclüdür. Bu isə məhz burada yaşamış noğay xanları və mirzələri (Yedigey, Orus-b əy, Ormambet bəy) və digərlərinin adı ilə bağlıdır. Türk dillərinin məşhur bilicisi N.A.Baskakov qaraqalpaq və noğay dillərini müqayisə edib bir-biri ilə qarşılaşdırmaqla onların tayfa tərkibini göstərib, etnik birliyini sübuta yetirib. Bundan başqa XVII əsr rus tarixi sənədlərində qaraqalpaqların və noğayların Yaik çayı üzərində hərbi döyüşlərdə birlikdə iştirak etdikləri göstərilir. Bütün bunlar bir daha təsdiq edir ki, XV-XVI əsrlərdə qaraqalpaqlar Noğay Ordasının tərkibində olublar. Bu siyasi birləşmənin çərçivələrində hər ehtimala qarşı məhz qaraqalpaqların etnogenezinin formalaşmasının mürəkkəb prosesi gedib, onların dili və qaraqalpaqların mədəniyyətinin əsas xüsusiyyətləri məhz bu mühitdə formalaşıb. Burada Orta Asiya siviliziasiyasının qədim mərkəzi olan Xarəzmə məxsus olan xarakterik əlaqələr də öz əksini tapıb. Eləcə də onların Dəşti-Qıpçaqla və aşağı – Sırdərya rayonları (Qazaxıstan) və Şərqi Avropanın - Ural ətrafının, Volqa ətrafının və Şimali Qafqaz ərazilərində yaşayan xalqların mədəniyyətləri ilə bir arealda formalaşması da tarixi etnoqrafik ədəbiyyatda sübuta yetirilib. Qaraqalpaqlarla noğayların etnik birliyini həm də bu iki xalqın içində olan qəbilə-tayfa adlarının eyniliyi də sübut edir. Qaraqalpaq etnoqrafları və folklorşünasları tərəfindən qələmə alınmış əfsanələr və lətifələr sırasında xüsusi maraq noğayların tarixi folklorlu ilə bağlı silsilə əhəmiyyət kəsb edir.
Rəvayət və əfsanələrdə qaraqalpaqların noğaylarla Ural ətrafında Volqaya, Urala və Krıma tərəf birgə köç etməsi də əksini tapıb. Bununla belə əfsanə və rəvayətlərdə həm də rus və Şərq mənbələrinə görə noğaylardan Ormambet bəyin, Orus bəyin və digər hökmdarların adı çəkilir.
Tarixi sənədlərdə "qaraqalpaq" adı ilk dəfə 1598-ci ildə əksini tapıb. Bununla bağlı Şeybanilər sülaləsindən olan Buxaralı Abdulla xan (1583-1598) tərəfindən yazılmış bir sənəddə məlumat var. Bu haqda Abdulla xan tərəfindən Sığnaqda Ziyaəddin müqəddəs məqbərəsinə verilmiş sənəddə qeydlər var. Şəhərin adı çəkilən bu yerinə yaxın olan ərazilərdə yaşayan yarımoturaq, yarıköçəri qrupların adını sadalayan müəllif sənəddə digər tayfa və qəbilələr arasında, həm də qaraqalpaqların adını çəkir. Sənəddə gətirilən bu fikirlərə söykənərək tanınmış alim P.P.İvanov hesab edir ki, qaraqalpaqlar yarımoturaq həyat tərzi keçirirdilər. Sonrakı dövrlərdə ortaya çıxan mənbələr qaraqalpaqların lap XIII əsrdə həm də digər ərazilərdə yayılmasını göstərir. Məsələn, qaraqalpaqların bir hissəsi qazaxlarla və noğaylarla birlikdə Volqa, Ural, Emba və Ürgenc ətrafına köç etmiş və Cənubi Şərqi Avropa xalqları ilə əlaqələrdə olub, digər bir hissəsi isə Orta Asiyaya tərəf hərəkət etməklə, Buxaranın təsiri altına düşərək Buxara xanlığının daxilində yaşayıb. Qaraqalpaqların mənşəyi ilə bağlı məsələ uzun müddət ərzində heç də dürüst konsepsiyaya malik deyil.
XX əsrin 20-ci illərinə qədər qaraqalpaqlar haqqında elmi ədəbiyyat son dərəcə az idi. Qaraqalpaqların etnogenezi ilə bağlı əsasən "qapaqalpaq" sözü məlum idi ki, bunun da "qarapapaq" mənasına gəldiyi vurğulanırdı. Uzun müddət ərzində alimlər bu etnonimi digər orta əsrlər etnonimi ilə eyniləşdirmək fikrində olub, eyni zamanda bu etnonimi həm də "çyorniye klobukı" - oğuz-peçeneq qəbilələrinin bir hissəsi ilə eyniləşdirirdilər. Hələ XIX əsrin 30-cu illərində tarixçi-etnoqraflar "çyornıye klobukı" Rəsidəddin tərəfindən adı çəkilmiş "çyornıye klobuku" "qarapapaq xalqı" daha dəqiq – "kaum-i-kul-sia" ilə müqayisə etməyə başlayıblar. İlk dəfə bu iki etnonimi bir-biri ilə əlaqələndirən tanınmış şərqşünas alim Dosson olub. O, bu barədə özünün "Monqolların tarixi" adlı kitabında məlumat verib. Rəsidəddinin "Salnamələr məcmuəsi"ni dərindən təhlil edən Dosson belə bir nəticəyə gəlib ki, qaraqalpaqlar elə rus salnamələrində adı çəkilən "çyornıye klobuk"lardır. Demək olar ki, elə bu istiqamətdə qaraqalpaq adını digər bir alim, professor N.İ.Berezin özünün "Batının hücumu" əsərində göstərir. Digər bir XIV əsr ərəb tarixçisi Ən-Nüveyrinin məsələ ilə bağlı fikri isə xeyli mübahisələrə səbəb olub. O, yazırdı ki, Qızıl Ordada olan 11 qıpçaq qəbilələrindən biri "qara börklü", yəni "qara papaqlı" adlanırdı. Alimlərin əksəriyyəti belə hesab edir ki, bu adlar rus salnamələrində olan "çyornıye klobuki"yə uyğundur.
Ancaq etnonim bu günə qədər hələ də dəqiqləşdirilməyib. Elmi ədəbiyyatda qaraqalpaqların öz mənşəyini peçeneqlərdən götürdüyü faktı birmənalı şəkildə müdafiə və təsdiq olunur. Bununla ba ğlı macar türkoloqu A.Vamberi yazırdı: "Əgər onların (qaraqalpaqların – N.T.) ən yaxın qohumları kimi peçeneqləri hesab etmiş olsaq, səhv etmərik".
Təxmin ən analoji fikri XIX əsrin dördüncü rübündə ingilis tarixçisi Xovoros da söyləmişdi. Qaraqalpaqların peçeneqlərlə qohumluğundan və onların mənşəyinin Rəşidəddinin söylədiyi kimi "qarapapaq xalqı" ilə əlaqələndirməsi ilə bağlı danışarkən o, hesab edirdi ki, onların birbaşa sələfi elə peçeneqlərdir ki, onlardan da noğaylar törəyiblər. Noğayların bir hissəsi sonralar Aral dənizi yaxınlığındakı səhralara səpələnmişdi. Məhz bu ərazilərdə yaşayan noğaylar sonralar qaraqalpaq adını alıblar ki, bu da qaraqalpaqların başlarında gəzdirdikləri qarapapaqla əlaqələndirilib.

Nizami Tağısoy
professor