Azərbaycançılıq ideyasının təbliği Mədəniyyət

Azərbaycançılıq ideyasının təbliği

"Bizim üçün bir tarixi amil - Azərbaycançılıq ideologiyası var"
Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri
Hər birimizə məlumdur ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, xalqımızda dövlətçilik və azərbaycançılıq ideyalarının yüksəldilməsi, dövlətimizin gələcək müstəqilliyinin təməlinin qoyulması, onun qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olub. Belə ki, keçmiş SSRİ-nin süquta uğramasından sonra respublikamız 1991-ci ildə müstəqillik yoluna qədəm qoydu və bununla da Azərbaycan tarixində yeni bir səhifə açıldı. Ancaq müstəqilliyin ilk illərində Azərbaycan xarici təcavüzün dəf edilməsi, daxili siyasi kontekstin sabitləşdirilməsi, cəmiyyətin tam xaos və vətəndaş müharibəsinə sürüklənməsinin qarşısının alınması, minimum həyat qabiliyyətinə malik iqtisadiyyatın yaradılması və dövlət quruculuğunun digər zəruri vəzifələrinin öhdəsindən gəlməyə müvəffəq ola bilmədi. Digər tərəfdən, müstəqillik illərində Azərbaycanda kommunist mənəvi-əxlaqi qaydaları məhv olsa da, sovet dövlətçiliyi, inzibati idarəetmə, iqtisadi sistem, həmçinin kommunist mədəni-mənəvi və ideoloji dəyərlər sistemi dağılsa da, onların qalıqları respublikamızda müəyyən fəsadlar yaratmaqda idi. Ona görə də sürətli iqtisadi inkişafa nail olmaq, həmçinin dövlətçiliyimizi, müstəqilliyimizi və suverenliyimizi qoruyub saxlamaq üçün Azərbaycançılıq ideologiyasının təşəkkülünə ehtiyac yarandı.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, onun siyasi və iqtisadi əsaslarını yaratmaq, həmçinin Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan Azərbaycançılığın irəli sürülməsi əsas şərtə çevrildi. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir. Ulu öndərimizin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını da həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlimi - Azərbaycançılıq ideologiyasını da yaratdı. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi, milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi. Dünyadakı hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideya Azərbaycanda da reallaşdı. Heyər Əliyevin səyləri nəticəsində Azərbaycançılıq təfəkkürü, şüur tipi, davranış və əxlaqı formalaşdı. İslam dəyərləri Azərbaycan xalqının mədəniyyəti tərkibində yenidən dirçəldi, ateizm və kommunist mənəviyyatı cəmiyyətdən silindi, milli və liberal demokratik dəyərlər qovuşdu, müasir Azərbaycançılığa, dövlətçiliyə, tolerantlığa və multikulturalizmə əsaslanan mədəniyyət formalaşdı və inkişaf etdi. Bir sözlə, Azərbaycançılıq ideyası milli-mənəvi dəyərlərlə qovuşaraq, Azərbaycan xalqının siyasi, dövlətçilik şüurunda mədəni-mənəvi inkişafında əsas amilə çevrildi. Azərbaycançılıq, eyni zamanda respublika ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. "Bizim üçün bir tarixi amil - Azərbaycançılıq ideologiyası var", - deyən görkəmli dövlət xadimi Heydər Əliyev bu təlimin prinsiplərindən, qarşıya qoyduğu vəzifələrdən bəhs edərkən ən vacib məqamı ayrıca vurğulayıb: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Professor Nizaməddin Şəmsizadə "Azərbaycançılıq ideologiyası" əsərində haqlı olaraq qeyd edir ki, Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. Beləliklə, Azərbaycançılıq milli-mənəvi varlığın ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürü birləşdirən dəyərlər sistemidir: "Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik Azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs Azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Bu gün millətin strateji fəaliyyət proqramı, dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsəd və prioritetləri kimi çıxış edən milli ideya uğurla həyata keçirilir".
YAP İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva KİV-ə açıqlamasında bildirib ki, müstəqil Azərbaycanın ideoloji əsaslarını onun ideologiyası formalaşdırır. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası isə Azərbaycançılıqdır: "Böyük rəhbər Heydər Əliyev bütün mədəniyyətimizi, tariximizi, etnoqrafiyamızı, çoxəsrlik adət-ənənələrimizi, klassik yazılı və şifahi ədəbiyyatımızı, nəhayət, ana dilimizi Azərbaycançılığın təməlinə gətirdi, onun izahına yönəltdi. Onun Azərbaycançılıq təlimi "xalqın milli varlığını müəyyən edən başlıca amildən" ana dilinə - Azərbaycan dilinə münasibətdən başlanır. Ümummilli liderimiz deyib: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir". Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun vətəndaşlıq borcudur.
"...Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir", - deyən ulu öndər Heydər Əliyevin Azərbaycançılıq təlimi tarixi-mənəvi əsaslara istinad edirdi. Bu təlim dövlətçilik statusu alandan sonra, daha doğrusu, müstəqil dövlətçiliyin ideologiyasına çevrildikdən sonra böyük siyasi prioritetləri olan idarəçilik gücü kəsb etdi".
Əməkdar elm xadimi, filologiya elmləri doktoru Hüseyn Həşimli isə məqalələrindən birində qeyd edib: " Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən görkəmli siyasi xadim, böyük vətənpərvər Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi 1993-2003-cü illər həm də ulu öndərin Azərbaycançılıq təliminin möhtəşəm təntənəsi, həyati gücünün əzəmət və vüsətinin parlaq təzahürüdür. Belə ki, bu illərdə dahi rəhbərimiz tərəfindən Azərbaycançılıq ideologiyasının əsas müddəaları, başlıca prinsipləri sistemli şəkildə işlənib hazırlanıb və cəmiyyət həyatının bütün sahələrində öz ifadəsini tapıb. Müstəqil Azərbaycanın siyasi-ideoloji strategiyasının əsasında dayanan və ulu öndərimizin böyük dühasının bəhrəsi olan Azərbaycançılıq təlimi müstəqil dövlətimizin hərtərəfli inkişafının etibarlı təməlidir. Ulu öndərimiz milli ideologiyamız olan Azərbaycançılığı tarixilik və müasirlik kontekstində dəyərləndirən, ölkəmizin dünəni, bu günü və gələcəyi üçün əsas istiqamətverici təlim sayan, onun bütün xalq, müxtəlif siyasi qüvvələr üçün birlik vasitəsi olmasının vacibliyinə xüsusi önəm verib. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq təliminin bir üstün cəhəti də ondadır ki, bu ideologiya milli-mənəvi dəyərlərə əsaslanmaqla, onları qoruyub yaşatmaqla,
inkişaf etdirməklə yanaşı, bəşər sivilizasiyasının ən qabaqcıl nailiyyətlərindən də bəhrələnir, bu sintez isə son nəticədə hər bir vətəndaşın, bütövlükdə, ölkənin və xalqın yüksəlişini təmin edir. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin Azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırıb. Onun 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", həmçinin 9 avqust 2001-ci il tarixli "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" fərmanları bu baxımdan böyük tarixi-siyasi əhəmiyyət daşımaqla milli-mənəvi dəyərlərin qorunmasına, möhkəmləndirilməsinə və daha da yüksəlişinə xidmət edir. Azərbaycançılıq ideologiyasının çoxşaxəli sistemində milli dil məsələləri xüsusi yer tutur. Hər bir xalqın milli varlığının təcəssümü, daşıyıcısı olan doğma dilin tərəq-qisinin, statusunun, işlənmə dairəsinin yüksək səviyyədə təsbit olunması müstəqil dövlət quruculuğu prosesində, milli-mənəvi həmrəyliyin təmin edilməsində ən vacib faktorlardan biridir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycançılıq təlimində milli mədəniyyətə, ədəbiyyata da xüsusi dəyər verilib, onların əhəmiyyəti həmişə nəzərə alınıb. Bu da təsadüfi deyil ki, çünki ədəbiyyat, incəsənət əsrlər boyu milli varlığın keşiyində dayanıb, milli-mənəvi dəyərlərin daşıyıcısı, qoruyucusu kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Müdrik rəhbər mədəniyyəti xalqı irəliyə aparan, inkişaf etdirən, dünyada tanıtdıran, milli məfkurəni yaşadan mühüm vasitə kimi yüksək qiymətləndirib. Ona görə də ulu öndər Heydər Əliyevin Azərbaycançılıq təliminin əhatəli sistemində milli-mənəvi dəyərlərin qorunması, tarixi keçmişin şanlı ənənələrinə, ədəbi-mədəni abidələrinə ardıcıl diqqət və qayğı həmişə ön planda dayanıb. Ustad klassiklərin yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, təbliği, müasir yaradıcı ziyalılara verilən yüksək qiymət bunun bariz nümunəsidir. Təkcə elə milli kimliyimizin, mənəvi dəyərlərimizin ana kitabı olan "Kitabi-Dədə Qorqud" dastanının 1300, söz mülkünün sultanı Məhəmməd Füzulinin 500 illik yubileylərinin YUNESKO xətti ilə dünya miqyasında geniş qeyd olunması Azərbaycan mənəviyyatının təbliği işinə böyük töhfədir. Belə faktlar yüzlərlə, minlərlədir. Ulu öndər xalqımıza məxsus müqəddəs adət-ənənələrin qorunması işinə də xüsusi diqqət yetirib. Hazırda ölkəmizin ideoloji həyatında mühüm yer tutan, bütün sahələrdə həmrəyliyin və möhtəşəm uğurların əsas faktorlarından biri sayılan Azərbaycançılıq ümumən bütün dünyada yaşayan yurddaş və soydaşlarımızı birləşdirən mükəmməl təlimdir. Azərbaycançılıq ideologiyasının bütün dünya azərbaycanlıları arasında yayılması, getdikcə genişlənməsi də məhz ulu öndər Heydər Əliyev dühasının işığında gerçəkləşib. Ulu öndərin tövsiyə etdiyi Azərbaycançılığın ana xətti məhz budur - həmişə və hər yerdə Azərbaycan naminə çalışmaq, onun hərtərəfli yüksəlişinə səy göstərmək, milli-mənəvi dəyərləri qorumaq, Vətən və xalq qarşısında borc və məsuliyyəti dərk edib əməli fəaliyyətdə rəhbər tutmaq!".
Xəyalə Süleymanqızı
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir