Azərbaycan dirijorluq məktəbinin ustadı - Niyazi Mədəniyyət

Azərbaycan dirijorluq məktəbinin ustadı - Niyazi

"Suyu az buraxsın deyə, Niyazinin ayaqqabılarına qat-qat qəzet qoyardıq"


Niyazi Tağızadə Hacıbəyov Zülfüqar oğlu (Maestro Niyazi) 1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim, atası Zülfüqar isə Azərbaycanda musiqili teatrın banilərindən olub. Əslən Şuşadan olan və Bakıda yaşayan Zülfüqar bəyin oğlunun niyə məhz Tiflisdə doğulması da maraqlı faktdır. O vaxt Zülfüqar bəyin teatr truppası Tiflisə qastrola gedibmiş. Böyükxanım da onlarla birlikdə. Elə bu səfər zamanı ailənin ilk övladı doğulur. Adını Niyazi qoyurlar. Uşaqlıqda onu Knyaz da çağırıblar. Rəsmi mənbələrdə bu barədə heç nə yazılmasa da, deyilənlərə görə, bu adı ona məhz Üzeyir bəy verib. Qardaşı Zülfüqar bəyin qucağında körpəni görən Üzeyir Hacıbəyov onun üz ifadəsini və duruşunu knyaza bənzədib. Tağızadə isə anası Böyükxanımın soyadıdır. Anasının qardaşı, yeganə dayısı Heydərəli Tağızadə inqilabçı olduğundan faciəli şəkildə qətlə yetirilib. Bundan sonra Niyazi bu soyadı yaşatmağı özünə borc bilib.
Niyazinin uşaqlığı Bakıda keçib. Özündən sonra Çingiz adlı bir qardaşı da olub. 4 nəfərdən ibarət bu ailə Basin küçəsindəki (indiki Füzuli küçəsi) birotaqlı evdə yaşayıb. Evləri darısqal olsa da, qonaq-qarası əskik olmayıb. Uşaq ətrafında həmişə musiqiçiləri, yazıçıları, tanınmış şəxsiyyətləri görüb. Bu mühit də istər-istəməz ona öz təsirini göstərib. Niyazi əvvəl hərb sənətini seçsə də o yolu getmədi.
Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar və əmisi Üzeyir Hacıbəyovların tövsiyəsi ilə təhsilini 1925-26-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirib. 1929-30-cu illərdə isə illərdə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində davam etdirib. Ancaq şəhərin havası ona düşmədiyindən, sözügedən təhsil ocağını bitirə bilməyib.
Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini - "Rast" və "Şur"u nota köçürür. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə ən məşhur əsərini - "Rast" simfonik muğamını yazır. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in xalq artisti, SSRİ xalq artisti adlarına, Ü.Hacıbəyov adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülüb. Müxtəlif vəzifələrdə çalışıb. Həmçinin 1979-cu ildə Azərbaycan Dövlət Flarmoniyasının bədii rəhbəri olub.
Maestro Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilir. İran təbəəsi olan Həcər xanımla da elə Mahaçqalada tanış olur. Həcər xanım əslən Cənubi Azərbaycandandır. Qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxın münasibətləri yaranır. Niyazi bəy Həcər xanımı burada görür və bir-birlərinə aşiq olurlar. Həcər xanımın ailəsi İrana geri dönmək istədiyindən qızlarının Niyazi ilə yaxınlaşmasını əngəlləməyə çalışırlar. Həcər xanım rus dilində qələmə aldığı xatirələrində o günləri belə nəql edir: "1932-ci ilin sonlarında ailəmizdə İrana qayıtmaq haqqında danışmağa başladılar. Niyaziylə qaçıb gizlicə evlənmək qərarına o vaxt gəldik. Ancaq bu planı gerçəkləşdirmək çətin məsələydi: qardaşlarım hər hərəkətimə göz qoyurdular, üstəlik, hara qaçacağımızı da bilmirdik. O dönəmlərdə Üzeyir və Zülfüqar Hacıbəyovlar çox sadə dolanır, zaman-zaman ehtiyac içində yaşayırdılar. Zülfüqar bəyin mənzili tək, həm də balaca bir otaqdan ibarət idi. Amma Niyaziylə qəti qərara gəlmişdik. Tələbə şəhərciyindəki qısa görüşlərdən yararlanıb, qaçış planını hazırladıq..."
Beləcə, sevgililər hər şeyi, bütün çətinlikləri göz önünə alaraq 1933-cü il iyulun 31-də qaçış planını həyata keçirirlər. Əvvəlcə Ağdaşa Zülfüqar bəyin qohumlarının yanına gəlirlər. Orda molla kəbini kəsdirirlər. Bir müddət sonra Bakıya gəlirlər və 5 nəfərlik ailə Zülfüqar bəyin o bir otaqlı evində yaşamağa başlayır. Təxminən bir il burada qalandan sonra kirayə mənzil tapıb orada yaşayırlar. Ailə qurduqları ilk vaxtlar çox çətin vəziyyətdə olurlar, maddi sıxıntı çəkirlər. Həcər xanım yazır ki: "Maddi durumumuz da ağır idi. Niyazi Konservatoriyadan 70 manat təqaüd alırdı. Bunun 15 manatı ev kirayəsinə gedirdi. Rəfiqələrimin, qardaşlarımın gözündən yayındırıb gətirdikləri paltarlar məni yola verirdi, amma Niyaziyə geyim almağa pulumuz, təbii ki, yox idi. Onun olası-qalası bircə kostyumunu hər mövsümə uyğun boyayırdıq. Kostyumun astarı elə gündəydi ki, hər gün yamamaq lazım gəlirdi. Suyu az buraxsın deyə, Niyazinin ayaqqabılarına qat-qat qəzet qoyardıq. Bununla belə, onunla xoşbəxt idik. Gənc idik axı, hər necə olsa da, sığındığımız bir otaq və gələcəyimiz vardı".
Ancaq şəraitsizlik, çətinlik, gərgin əmək Niyazinin səhhətinə təsir etməmiş olmadı. Evliliyinin ilk illərində onda vərəm xəstəliyi aşkarlandı. Bəstəkarlar İttifaqının köməyi və atasının qonorarı ilə onu Ukraynaya müalicəyə göndərirlər. Niyazi təbii ki, Həcər xanımla birgə Ukraynaya gedir və yaxşı müalicə olunub qayıdır. Həcər xanım bir xatirəsində yazır ki, "Niyazi xəstələnərkən lap əsəbiləşər, sevdiyi bu sözləri dilə gətirərdi: "Həcər, düşünəndə ki, ölərəm, sən başqasına ərə gedərsən, cin başıma vurur! Əsəbiləşəndə uşaqdan da pis olurdu. Yadımdadı, vərəmə, özü də ağır formasına tutulanda, şıltaqlığa başlar, hətta mənim ondan iyrənib-iyrənmədiyimi də yoxlardı. Qəfildən hər hansı xörəkdən dadmağımı xahiş edər və öz qaşığını mənə uzadardı. Mən də boyun qaçırmazdım. Bax onda Niyazinin gözlərindən həm xoşbəxtlik, həm də minnətdarlıq yağardı".
Dostlar, qohumlar deyir ki, onlar həqiqətən də xoşbəxt idilər. Birincisi, bir-birlərini dəli kimi sevirdilər. İkincisi də, artıq Niyazi bəstəkarlıq və dirijorluq fəaliyyətinə başlamışdı. Bu isə uğura, şöhrətə doğru irəliləmək demək idi. O, 1933-cü ilin dekabrında Azərbaycanda ilk simfonik əsərlərdən sayılan "Zaqatala süitası"nı yazır. 1934-cü ildə dirijorluqla da məşğul olmağa başlayır. Neftçilər İttifaqının orkestrində dirijorluq edir. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini - "Rast" və "Şur"u nota köçürür. 1937-ci ildə Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunur. Bəstəkarlar ittifaqının üzvü seçilir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə Niyazi ilk dəfə olaraq musiqi auditoriyası qarşısına çıxır. Müslim Maqomayevin "Nərgiz" operasının nümayişi planlaşdırılmışdı. Lakin dirijorluq etməli olan Üzeyir bəy xəstələndiyindən Niyazidən onu əvəz etməsini xahiş edir. Tamaşaçıları ilk çıxışından özünə məftun edən Niyazinin Bolşoy Teatrdakı birinci çıxışı onun parlaq sənət yolunun başlanğıcı sayılır. Elə bu çıxışına görə ilk dəfə 26 yaşında "Şərəf nişanı" ordeni ilə təltif olunur. Bakıya qayıtdıqdan Simfonik Orkestrə başçılıq edir. Ümumiyyətlə, Azərbaycanda dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır. 1949-cu ildə ən məşhur əsərini - "Rast" simfonik muğamını yazır. Bir sıra ölkələrdə dirijor kimi müvəffəqiyyətli çıxışlarına görə 1959-cu ildə SSRİ xalq artisti adını alır. Bundan başqa SSRİ Dövlət mükafatına və Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında 1962-ci ildə yaratdığı "Çitra" baletinə görə Beynəlxalq Nehru mükafatına layiq görülür.
Müxtəlif filmlərə musiqi də yazır. "Kəndlilər", "Fətəli xan", "Doğma xalqımıza", "Almaz", "Mahnı belə yaranır" filmlərinə musiqi bəstələyib. "Arşın mar alan"ın 1945-ci ildə çəkilən ilk variantında da Üzeyirin musiqisini Niyazi orkestrləşdirib. Hələ film ekrana çıxmazdan əvvəl Üzeyir bəyə "Niyazi filmdə sənin musiqini dəyişib" desələr də, bəstəkar buna ciddi reaksiya verməyib. "Nizami" kinoteatrında keçirilən premyerası zamanı filmi diqqətlə izləyən və musiqiyə diqqət yetirən Üzeyir bəy nümayişdən sonra qardaşına oğlunun əlini sıxaraq, bircə cümlə işlədib: "Çox sağ ol, qoçaq".
Beləcə, həyat davam edir. Niyazi sevgidə də xoşbəxt idi, yaradıcılıqda da. Həcər xanımla olan münasibətlərinə də söz ola bilməzdi. Baxmayaraq ki, maestronun bir az acılığı vardı. Amma həyat yoldaşı onu elə bu cür də sevirdi - ürəyi yumşaq, acı dil. Həcər xanımın belə bir xatirəsi də var: "Bir dəfə yenə Moskvada olarkən, bizi restorana çağırmışdılar. Süfrəyə qara çörək verdilər - Moskvanın çovdar çörəyindən ötrü ürəyim gedir. Bir tikə çörək götürüb üzərinə xardal yaxdım, sonra da üstünə istiot səpdim. Niyazi bunu görüb dedi ki, "neynirsən, istiot hara, xardal hara? Bu qarışıqdan nə alınar?". Dedim: "Necə yəni nə alınar? Niyazi alınar!". Hamı uğunub özündən getdi. Ən çox gülən də Niyazinin özüydü.
Cütlüyün arasında məzəli hadisələr də olurdu. Məsələn, Həcər xanım yazır ki: "Niyaziylə mənim barəmdə məzəli əhvalatlar, ara-sıra, Türkiyə mətbuatına da yol tapırdı. Bir dəfə Türkiyədə hansısa səfirlikdə ziyafətə qatılmışdıq. Xörəkpaylayan mənə yanaşıb - "Madam, viski istəyirsiz?", - deyə soruşdu. İstəmədiyimi söyləyəndə, xörəkpaylayan araq, konyak, şərab da təklif etdi. Mən yenə istəmədiyimi bildirəndə, Niyazi hamının eşidəcəyi səslə - "Mənim xanımım mənim qanımdan başqa heç nə içmir!" - dedi. Hamı ürəkdən gülməyə başladı".
Həcərlə Hiyazi 51 il 2 gün birgə ömür sürürlər. Həcər xanım bunları etiraf edir: "Sözün düzünü desəm, hərdən mənə elə gəlirdi ki, onu qoruyuram, amma o, məni qorumağı bir yana, heç mənə verdiyi əziyyətləri də görmür. Olurdu ki, inciyirdim ondan. Ancaq bu düşüncələr bütövlükdə ədalətli deyildi. Əvvəla, söhbət məndən düşəndə, Niyazi həmişə dostlarımıza deyirdi ki, "heç bir qadın onun mənimçün elədiklərini edə bilməzdi. Axı, hansı qadın gecələr gözünü yummayıb mənim əsərlərimə qulaq asar, hansı qadın gecələr mənə yemək bişirərdi. Həcərin önündə çox günahım var və ona çox borcluyam". Mən də Niyaziyə minnətdaram".

Ülviyyə Tahirqızı