Azərbaycanla Çin arasında viza rejiminin ləğvi: iqtisadi əlaqələrin inkişafı və yeni imkanlar Gündəm

Azərbaycanla Çin arasında viza rejiminin ləğvi: iqtisadi əlaqələrin inkişafı və yeni imkanlar

Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiqləyib.
Xatırladaq ki, sözügedən Saziş 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.
Azərbaycanla Çin arasında viza rejiminin ləğv edilməsi iki ölkə arasında hansı imkanları yaradacaq? Bu barədə iqtisadçı ekspertlər fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

“Bu, böyük əhəmiyyət kəsb edir”

İqtisadçı ekspert Ruslan Atakişiyev diqqətə çatdırıb ki, Çin Azərbaycanın xarici ticarətdə əsas tərəfdaşlarından biridir: “Biz Çindən daha çox idxal edirik. Hər iki ölkə arasında viza rejiminin ləğv olunması insanların, sahibkarların, həm də məşğulluqla bağlı olaraq işləmək istəyənlərin qarşılıqlı mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir. Yəni Azərbaycanın iş adamları da Çinə çox səfər edirlər və oradan məhsulların gətirilməsində iştirak edirlər. Viza rejiminin ləğvi onlar üçün də əhəmiyyət daşıyır. Təbii ki, bu, Çindən olan insanların da bura gəlməsinə gətirib çıxarır. Ümumiyyətlə, viza rejiminin ləğv olunmasının məqsədi ondan ibarətdir ki, çinli turistlərin Azərbaycana gəlməsinə təşviq olsun. Onlar gəlib Azərbaycanın turzim imkanlarından istifadə edərək burada həmin sektorun inkişafına dəstək olmuş olacaqlar”.

Qədim tarixə malik əməkdaşlıq

İqtisadçı ekspert Asif İbrahimov Çin və Azərbaycan arasında artıq 34-35 illik hərtərəfli münasibətlərin mövcud olduğunu bildirərək əlavə edib ki, bu əlaqələr iqtisadi, mədəni və siyasi sahələr də daxil olmaqla bir çox istiqamətdə inkişaf edir: “Azərbaycanın xarici ticarət dövriyyəsində Çinin payı 8.5 faiz təşkil edir. Çin, Azərbaycanın ən çox idxal etdiyi ölkələr sırasında ilk yerlərdən birini tutur və bu sahədə geniş əməkdaşlıq mövcuddur. Hazırda Azərbaycanda fəaliyyət göstərən Çin investisiyalı şirkətlərin sayı təxminən 400-ə çatır və onlardan 300-ə yaxını aktiv şəkildə fəaliyyət göstərir. Huawei, kənd təsərrüfatı və ağıllı şəhər layihələrində, eləcə də iqtisadi-sənaye sahələrində fəal iştirak edir. Bu əməkdaşlıq qədim tarixə, o cümlədən min illərlə əvvəl fəaliyyət göstərmiş Böyük İpək Yolu ənənələrinə əsaslanır”.

“Bu, alqışa layiq qərardır”

Onun sözlərinə görə, hazırda Orta Dəhliz layihəsi çərçivəsində də əməkdaşlıq davam edir: “Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşməsi, ölkəmizi Çin üçün strateji əhəmiyyətə malik tərəfdaşa çevirir. Belə dərin iqtisadi əlaqələr, qarşılıqlı investisiyalar fonunda vizasız gediş-gəliş məsələsi artıq həllini tapıb və bu, alqışalayiq qərardır. Bu qərar nəticəsində Azərbaycan sahibkarları və ümumilikdə vətəndaşlar Çində yeni imkanları araşdıra biləcəklər. Eyni zamanda, Çin vətəndaşları da Azərbaycana sərbəst şəkildə səfər edərək buradakı investisiya imkanlarından yararlana biləcəklər”.

“Gediş-gəliş daha da intensivləşəcək”

İqtisadçı ekspert Akif Nəsirli Azərbaycanla Çin arasında viza rejiminin ləğv edilməsinin hər iki ölkə vətəndaşlarının bir-birinə səfərlərini sadələşdirəcəyini bildirib: “Bu sadələşmə nəticəsində Azərbaycandan Çinə, Çindən Azərbaycana gediş-gəliş daha da intensivləşəcək. Bu, Çindən Azərbaycana, Azərbaycandan Çinə turistlərin gəlməsinə kömək edəcək. Həmçinin Çindən Azərbyacana məhsul gətirən sahibkarların sənədləşmə işləri sadələşəcək və s. Yəni bu, iki ölkə arasında səfərlərin intensivləşməsinə və münasibətlərin inkişafına şərait yaradan bir amildir”.

“Turizmin inkişafına müsbət təsir edəcək”

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanla Çin arasında viza rejiminin ləğvi turizmin inkişafına - həm gediş turizminə, həm gəliş turizminə müsbət təsir göstərəcək: “Çindən ölkəyə gələn turistlər Azərbaycanın turizm strukturunda 1,5 faizdir, çox deyil. Azərbaycanın Çinə təqdimatı, təbliğatı istiqamətində işlər gedir. Təkcə vizanın ləğvi məsələnin həlli deyil. Həm də Azərbaycanın təbliğatı da getməlidir. Amma vizanın ləğvi burada ciddi dəstək, kömək olacaq. Həm də azərbaycanlılar Çinə çox sərgilərə gedirlər, Çin ilə əlaqələr qururlar. Burada da çox böyük fayda olacaq, insanlar daha rahat və sürətli, daha az xərc çəkməklə gedə biləcək. Əvvəllər insanlar Çinə getmək üçün 1-2 ay gözləyirdilər, əlavə xərclər və s. vardı. İndi onlarsız getmək imkanı yaranır. Təbii ki, vizanın ləğvi iqtisadi əlaqələrin genişlənməsinə və turizmə müsbət təsir göstərəcək”.

Röya İsrafilova