16:32
665
“2026-cı il Avropada müharibənin başa çatması və yeni nizamın formalaşması baxımından həlledici ildir. 2027-ci ildən artıq biz yeni reallıqlarla qarşı-qarşıya olacağıq. Birincisi, Rusiya-Ukrayna müharibəsinin başa çatması və 2027-ci ildən Ukraynanın Avropa İttifaqına üzv olaraq qəbul edilməsi gözlənilir. İkincisi, Avropa ilə Rusiya arasında yaranacaq yeni sərhədlərlə, hətta bufer - hərbsizləşdirilmiş, beynəlxalq sülhməramlıların yerləşdirildiyi zona ilə yanaşı Avropanın Rusiya ilə qopan münasibətləri həm də enerji sektorunu əhatə edəcək. Beləliklə, bu münasibətlər əvvəlki ilə müqayisədə sadəcə coğrafi olaraq deyil, siyasi-iqtisadi, mədəni-sosioloji anlamlarda da çox daha məsafəli olacaq və Rusiya daha çox qlobal Cənubla əməkdaşlığa yönələcək”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Ş.Cəlilzadənin bildirdiyinə görə, bu fonda ölkəmiz Avropa üçün daha da böyük əhəmiyyət kəsb edəcək: “Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynayır və Cənub Qaz Dəhlizi ilə Avropanı hazırda illik 13 milyard kub metr qaz ilə təmin edir. 2022-ci ilin iyulunda imzalanmış enerji strateji tərəfdaşlıq sənədinə əsasən bu rəqəm 2027-ci ildə 20 milyard kub metr olacaq. Yeni yataqların kəşfi, mövcud yataqların istehsal gücünün artırılması ilə yanaşı Azərbaycanı Avropa üçün cəzbedici edən həm də onun trans-Xəzər enerji layihələri və tranzit qabiliyyətidir. Belə ki, Şərqlə Qərb arasında tranzit əlaqəsi sadəcə nəqliyyat sahəsində deyil, həmçinin enerji sahəsində təsis olunmaqdadır və bu, ölkəmizin strateji əhəmiyyətini artırır”.
Röya İsrafilova