“İsrail-Azərbaycan münasibətləri strateji baxımından əhəmiyyətlidir” Siyasət

“İsrail-Azərbaycan münasibətləri strateji baxımından əhəmiyyətlidir”

“Azərbaycanın Cənubi Qafqazın həlledici aktoru olduğunu göstərən inkarolunmaz amillərdən biri də xarici siyasət sədalarımızın son dərəcə mürəkkəb kombinasiyalarla dolu Yaxın Şərq bölgəsindən gəlməsidir. Belə bir regionda Azərbaycan boy göstərirsə bu, ondan xəbər verir ki, son dərəcə ziddiyyətli və barışmaz mövqedə dayanan aktorlarla kompromis və həll yolları tapmağın öhdəsindən gəlinir. Elə bu məqamda qeyd olunmalıdır ki, Davos İqtisadi Forumunda Azərbaycan və İsrail prezidentləri arasında görüş baş tutdu. Görüş əsnasında dövlət başçıları əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu və perspektivlərlə bağlı məsələləri müzakirə etdilər. Bunun ardınca Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən İsrail dövlətinin xarici işlər naziri Gideon Şaarın qəbul edilməsi ondan xəbər verir ki, dövlət başçıları arasında müzakirə edilən məsələlər dərhal, vaxt itirmədən öz həllini tapmalıdır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq qeyd edib ki, məsələyə başqa, dünya reallığı prizmasından baxdıqda bu gün dünyada dövlət-özəl tərəfdaşlığının yeni mərhələyə qədəm qoyduğunu görürük: “Liderlər də öz növbəsində bu tərəqqi sürətini saxlamaq üçün konkret addımlar həyata keçirməlidirlər. Çünki məhz dövlət-özəl tərəfdaşlığı gələcəyin işlərinə hazır olan müasir və daha möhkəm cəmiyyətin qurulmasına kömək edə bilər. Bu, insanlar, əmək bazarları və qlobal iqtisadiyyat üçün son dərəcə mühüm amildir. Bu baxımdan, Davosda liderlər arasında keçirilən danışıqlardan sonra enerji, ticarət, turizm və investisiya əlaqələrinin genişləndirilməsi münasibətlərə sürətli bir təkan verəcək. İsrail və Azərbaycanın biznes nümayəndələri arasında özəl sektor üzrə əməkdaşlığın dərinləşdirilməsi münasibətlərin dayanıqlı hal almasına gətirib çıxaracaq. Potensial kommersiya mübadilələrinin, investisiya əməkdaşlığından başlayaraq B2B əlaqələrinin müzakirə edilməsi bundan xəbər verir”.

Ş.Həsənovanın sözlərinə görə, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov iki dövlət arasında münasibətlərin davamlı şəkildə yaxşılaşdığını bildirməklə münasibətləri strateji baxımından əhəmiyyətli adlandırdı: “Bu, son dərəcə düzgün yanaşma və adlandırmadır. Habelə, iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr var. Bu isə öz növbəsində ondan xəbər verir ki, iki dövlətin xarici siyasətdə atdığı addımlar sonda mütləq qaydada uzlaşmaya dayanır. ABŞ-Azərbaycan münasibətlərinin bu qədər müsbət trayektoriya üzrə davam etdiyi bir zamanda İsrail-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi dünya reallıqları kontekstində hər iki tərəf üçün son dərəcə mühümdür. İsrail-Azərbaycan prizmasından məsələyə baxdıqda dövlətlərin öz və qarşı tərəfin regionunda möhkəmlənməsi xarici siyasətdə dividentli çıxmaq deməkdir”.

Röya İsrafilova