

“Qarşılıqlı tariflər mexanizmindən sonra ABŞ-də rüsum siyasətinin genişləndirməsi müşahidə olunur. Xüsusən də ABŞ-nin uzun müddət tərəfdaşı olduğu və güclü əməkdaşlıqla müşahidə olunduğu ölkələrə qarşı. O cümlədən Kanadaya, eləcə də Avropa İttifaqına qarşı yeni rüsumlar tətbiq edilməsi də, əslində qlobal iqtisadiyyatda və qlobal ticarətdə yeni bir mərhələdir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.
Deputat əlavə edib ki, ilkin qiymətləndirmə ondan ibarətdir ki, qarşılıqlı tariflər qlobal ticarətə 350 milyard dollara yaxın ziyan vuracaq, yəni azalma ilə müşahidə olunacaq, amma rüsum siyasəti genişləndiyi üçün bu ziyanın məbləği daha da geniş ola bilər: “O baxımdan bütövlükdə qlobal iqtisadiyyat üçün bu tip rüsumların tətbiq edilməsi və qarşılıqlı olaraq rüsumların artırılması arzuolunan deyil. Sözsüz, bu kontekstdə vacib məqamlardan biri də bütövlükdə qlobal iqtisadiyyata və qlobal ticarətə bu rüsum siyasətin təsirlərinin minimumlaşdırılması istiqamətdə fəaliyyətlərin həyata keçirilməsidir. Amma birmənalı şəkildə ABŞ-nin rüsum siyasi təsdiq edir ki, bu, qlobal iqtisadiyyat və qlobal ticarət üçün neqativ təsirlərə malik ola bilər və bütövlükdə qlobal iqtisadi artım tempinin də azalmasına gətirib çıxara bilər”.
Röya İsrafilova