
Rusiyanın düşmənçilik siyasəti: şovinist kampaniya davam edir
13 Avqust 23:45
Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla Oval ofisdə keçirdiyi brifinqdə Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin 99 il müddətinə ABŞ şirkətinə verildiyini, hətta bu dəhlizi (Zəngəzur) səbirsizliklə gözlədiyini və ora getmək istədiyini deməsi İranı təşvişə salıb.
Amma İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıq şəkildə bəyan edib. O, məsələ ətrafında yaradılan ajiotajın həqiqəti tam əks etdirmədiyini bildirib.
“Bu dəhlizlə bağlı deməliyəm ki, məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və bizdə olan məlumata görə, İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib”, - o qeyd edib.
Pezeşkianın bu bəyanatı son aylarda İran rəsmilərinin, xüsusən də ölkə rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin səsləndirdiyi sərt mövqe fonunda gözlənilməz yumşalma kimi qiymətləndirilir. Xatırladaq ki, Vilayəti Zəngəzur dəhlizi layihəsini İranın milli birliyi və ərazi bütövlüyünə “böyük təhdid” adlandırmış, bu təşəbbüsün Cənubi Qafqazdakı geosiyasi balansı poza biləcəyini iddia etmişdi.
Pezeşkian isə əksinə, məsələyə daha praqmatik yanaşaraq Tehran üçün əsas olan ərazi bütövlüyü prinsiplərinin qorunduğunu vurğulayıb. Bu mövqe dəyişimi Ermənistan və Azərbaycanın regiondakı birgə təşəbbüsünə qarşı sərt ritorika nümayiş etdirən bəzi İran siyasi dairələrinə də dolayı cavab xarakteri daşıyır.
Məlumatlara görə, Pezeşkian bu prosesin detalları barədə əvvəldən məlumatlı olub. Bu da onun Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin təsadüfi deyil, düşünülmüş diplomatik strategiyaya söykəndiyini göstərir.
Analitiklər hesab edirlər ki, İran prezidentinin bu yumşaq mövqeyi Cənubi Qafqazda sülh prosesinə əlavə təkan verə, həmçinin Tehranla Bakı arasında dialoqun intensivləşməsinə şərait yarada bilər. Bununla belə, Vilayəti kimi sərt mövqedə qalan qüvvələrin bu yanaşmanı qəbul edib-etməyəcəyi hələlik məlum deyil.
İranın xarici işlər naziri Abbas Arakçi isə deyib ki, Ermənistandan keçən dəhliz məsələsi tamamilə aradan qaldırıldı. İndi söhbət Ermənistanın suverenliyi və yurisdiksiyası altında, bu ölkənin ərazisində tikiləcək tranzit yolundan gedir. Bu layihənin həyata keçirilməsi özəl şirkətin məsuliyyətindədir və bəyanatda qeyd olunur ki, o, Ermənistanda qeydiyyatdan keçmiş və bu ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərən Amerika-Ermənistan şirkəti olacaq.
“İki ölkənin, Ermənistan və Azərbaycanın birgə bəyanatında aşağıdakı üç prinsip müəyyən edilib: region ölkələrinin suverenliyinə hörmət, ərazi bütövlüyünə hörmət və sərhədlərdə istənilən dəyişikliyə qarşı çıxmaq. Bu, İranın mövqeyinə tam uyğundur.
Təbii ki, regionda istənilən formada xarici mövcudluğun bölgədə sülh və sabitlik üçün mənfi nəticələri ola bilər. Biz bu məsələni Azərbaycan və Ermənistan tərəfləri qarşısında həmişə qaldırmışıq və bundan sonra da vurğulayacağıq. Biz hadisələri diqqətlə izləyirik. İndiyə qədər bizim prinsipial mövqelərimiz müşahidə olunub, lakin Amerika şirkətinin mümkün iştirakı narahatlıq doğurur və biz bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirəcəyik.
İran regionda hər hansı xarici mövcudluğa qarşı xəbərdarlıq edib və bu cür hərəkətlərin sülh və sabitliyə təhlükə yarada biləcəyini vurğulayıb. Bu layihədə Amerika şirkətinin ola biləcəyi ehtimalı İranı narahat edir, bu məsələ tərəflərlə müzakirə olunub və hadisələr diqqətlə izlənilir”.
Mövzu ilə bağlı politoloq Vüqar Dadaşov qəzetimizə açıqlamasında deyib ki, ABŞ prezidenti Donald Trampın təşəbbüs və iştirakı ilə Vaşinqtonda Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin paraflanması və Zəngəzur dəhlizinin (Tramp yolu) açılması, dəhlizin 99 il müddətinə ABŞ şirkətinə nəzarətinə verilməsinə rəsmi şəkildə qəti etiraz edən təkcə Tehran dövləti (İran) oldu. Hələ Vaşinqtonda görüşə qədər İran və Rusiyanın razılaşmalara etiraz edəcəyinin ehtimalı yüksək idi. Rusiya XİN-nin sözcüsü Mariya Zaxarova Ermənistan Azərbaycan liderlərinin Vaşinqton görüşünə və razılaşmalara özündə narazılıq hiss etdirən yumuşaq reaksiya verdi. İranın isə sərt və müharibə hədəsi isə artıq diplomatik etirazdan da çox kənara çıxdı: “İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinə qarşı "Tehran bütün gücü və imkanları ilə dəhlizin açılmasına mane olacaq. İran Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək. Biz bunu ya Rusiya ilə, ya da təkbaşına edəcəyik." - deyə bildirib.
Vilayəti əlavə edib ki, Azərbaycanla Naxçıvan arasında keçidi təmin etmək üçün dəhlizə ehtiyac yoxdur: “Cənubi Qafqaz Trampın icarəyə verə biləcəyi daşınmaz əmlak deyil. Əgər Ermənistan rəhbərliyi bu qərarını dəyişməsə, bu bütün bölgə üçün yeni çağırış olacaq. Lazım gələrsə, bura ABŞ muzdluları üçün qəbiristana çevriləcək.”
Vilayətinin sözlərinə görə, məsələ Rusiyanın iştirakı ilə də müzakirə olunmalıdır: “Biz bu məsələdə Rusiya ilə birgə hərəkət edə bilərik. Lazım gələrsə, bölgədə müharibə də qaçılmaz olacaq.”
Şübhə yoxdur ki, İran və Rusiya koordinasiyalı şəkildə çıxış edir. Rusiyanın "narazılıq hiss etdirən yumuşaq reaksiya" təbii ki, Trampın Rusiya Ukrayna müharibəsinin dayandırılması üçün Rusiyaya verdiyi 10 günlük müddətin bitməsi və Tramp Putin görüşünə hazırlıq ərəfəsində gözlənilən danışıqlarda müsbət atmosfer yaratmaq niyyətindən irəli gəlir. Ancaq, bu dəqiqdir ki, Tramp Putin görüşü Rusiyanı qane etməsə Rusiyanın da "Tramp yoluna" ciddi etirazı və Ermənistanda Paşinyan hakimiyyətinə qarşı ciddi təxribatlar və dövlət çevrilişi görə bilərik”.
O, qeyd edib ki, İranın "Tramp yoluna" qəti etirazı ənənəvi sərt ritorikadan kənara çıxarsa, İranın yenidən vurulması ehtimalı əhəmiyyətli dərəcədə artır. İranın Zəngəzur dəhlizinə real hərbi müdaxiləsi olarsa hansı ki, ehtimalı çox aşağıdır, NATO üzvü kimi Türkiyənin də konfliktə qarışması qaçılmaz olur. Əlavə olaraq isə Şuşa Bəyannaməsi də Türkiyənin Azərbaycanın yanında olmasını şərtləndirir: “Qaldı ki, İranın "... bura ABŞ muzdluları üçün qəbiristana çevriləcək.” - əməliyyatına Rusiyanın qoşulacağı və ümumiyyətlə Rusiyanın İranın yanında açıq və ya birdə iştirakı mümkünsüzdür. Bu hal bütün NATO-nun müharibəyə müdaxiləsi olar. Nəticə isə nə Rusiya və nə də İran üçün arzuolunan deyil.
Politoloq Elxan Şahinoğlu isə deyib ki, gözlənildiyi kimi, İrandakı mühafizəkar dairələr Vaşinqton razılaşmasının əleyhinə çıxdılar. Mühafizəkarların əsas təmsilçilərindən biri, ali dini liderin müşaviri Əli Əkbər Vilayəti Vaşinqton razılaşmasını qəbul edən tərəfləri hədələyib. Vilayətinin sözlərinə görə, guya İran Vaşinqton razılaşmasının Zəngəzur dəhlizi ilə bağlı bəndinin yerinə yetirilməsinə imkan verməyəcək. Ancaq Vilayəti bu prosesə İranın necə mane olacağını izah edə bilməyib.
O vurğulayıb ki, İran mühafizəkarları bölgədə dəyişən şərtləri hələ də nəzərə almırlar: “Emənistandakı radikallar ABŞ-ın vasitəçilyinin əleyhinə olmadıqlarını söyləsələr də, Vaşinqton razılaşmasının Ermənistanın xeyrinə olmadığını izah etməyə çalışırlar. Ancaq onların “izahı”nın da məntiqi yoxdur, sadəcə Minsk Qrupunun yox olmasına, Zəngəzur dəhlizinin açılması perspektivinə yas tuturlar.
Üçüncü qüvvə də peyda olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova birbaşa Vaşinqton razılaşmasının əleyhinə açıqlama verməsə də, Ermənistanın Rusiyadan qopa bilməyəcəyinə dair sətiraltı mesajlar verib.
Beləliklə, Vaşinqton razılaşmasının əleyhinə olanların Azərbaycana təzyiq alətləri yoxdur. Onlar Baş nazir Nikol Paşinyanın üstünə tökülüşüblər. Buna görə də Nikol Paşinyan Vaşinqton razılaşmalarının yerinə yetirilməsini uzatmamalıdır. Vaşinqton razılaşması Nikol Paşinyanın erməni cəmiyyətində mövqelərini gücləndirəcək. Bu ona imkan verir ki, parlament seçkilərini qabağa çəkib, Konstitusiya dəyişikliyi etməklə Azərbaycanla sülh müqaviləsinin imzalanması işini də bitirsin”.
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə Birgə Bəyannaməsi Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcdır. ABŞ Cənubi Qafqazda öz geosiyasi mövqeyini gücləndirməklə, regionun Rusiya və İranın hərbi təhdidlərindən müdafiə edəcək. Məhz "Zəngəzur dəhlizinə" ABŞ-ın nəzarət etməsi fiziki olaraq bu regionda yerləşməsi deməkdir: “ABŞ Zəngəzur dəhlizinə nəzarətinə İran qarşı çıxır. Amma, Tehranın bu mövqeyi prosesləri dəyişmək gücündə deyil. Xüsusilə, Trampın adını daşıyan yola müdaxilə etmək, İranın intiharı olar. İranın Ali dini rəhbərinin müşaviri, mühafizəkar qanadın öncüllərindən olan Ə. Laricani "Zəngəzur dəhlizinə" qarşı olduqlarını və buna qarşı tədbirlər görəcəklərini bəyan edib.
Ümumiyyətlə, İran 12 günlük müharibədə ABŞ məğlub olub. Demək olar ki, İran 12 iyundan əvvəlki mövqelərə sahib deyil. Eyni zamanda, İranın siyasi elitasında Zəngəzur dəhlizinə baxışda fikir ayrılıqları var. İslahatçı qanadı təmsil edən prezident M. Pezeşkian və onun hökuməti Zəngəzur dəhlizinin əleyhinə deyil. Amma, mühafizəkar qanadı təmsil edən Ali dini rəhbər və ona bağlı olan qurumlar Zəngəzur dəhlizi əleyhinə sərt mövqe ortaya qoyub.
İran regional proseslərə qarşı olmaqla, axına qarşı gedir. Nəticədə özü bir çox layihələrdən kənar qalır. Tehran rejimi və Rusiya çalışırdı ki, Cənubi Qafqazda status-kvo dəyişməsin. Qarabağ müharibəsindən sonra, geosiyasi reallıqları qəbul etmədilər. Həmçinin gedən siyasi prosesləri qiymətləndirə bilmədilər. Ona görə də Rusiya Ukraynada ilişib qalıb. İranda 12 günlük mühasirədə dövlət qüruru sındırılmış vəziyyətə düşdü.
Qeyd edim ki, ABŞ və İsrailin İrana növbəti hərbi əməliyyatları istisna deyil. Çünki, Tehran rejimi nüvə proqramından əl çəkmir və Livan. Hizbullaha maliyyə yardımını davam etdirir.
İranın Zəngəzur dəhlizinə qarşı hərbi təzyiqləri Azərbaycan, Ermənistan və Türkiyəni qarşısına almış olar. Çünki, Ermənistan rəsmi şəkildə "Zəngəzur dəhlizinə" razılıq verib. İranın hərbi müdaxiləsi Ermənistan ərazisinə hərbi təcavüz olar. İranın Zəngəzur dəhlizinə mane olmaq potensialı yoxdur. İran növbəti mərhələdə bu dəhlizdən istifadə etmək üçün danışıqlar aparacaq”.
Cavid