11:14
560
“Trampla Putinin görüşünün baş tutmamasının səbəbi yalnız Trampın verdiyi qərar deyil, Trampa təsir edən qüvvələr oldu. Ən birinci qüvvə öz komandasıdır. Çünki bildilər ki, növbəti Budapeşt görüşü olsa, bu da 2 saat yarımlıq telefon danışığının təkrarı olacaq və Putin Alyaskadan sonra Ukraynaya qarşı necə sərt addımlar atmışdısa, onu davam etdirəcək. Yəni bir nəticə əldə oluna bilməyəcək”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq İlham İsmayıl deyib.
O bildirib ki, ona görə də Trampın daha çox nüfuzdan düşməməsi üçün onun komandasının müəyyən təsirləri oldu: “Üstəlik, Avropa liderlərinin təsiri oldu. Zelenskinin mövqeyinin də təsiri oldu. Yəni geri çəkilmək söhbəti olmadı. Bütün bunları təhlil edəndə ona istiqamət verir ki, Rusiya Çinlə daha yaxın münasibətdədir, Rusiya Prezidenti bu müharibəni bitirməyəcək. Deməli, Çinə təsir etmək lazımdır və ya Çinin Rusiyaya təsir etməsi lazımdır. Ona görə də Tramp son çıxışlarının birində dedi ki, oktyabrın 31-dən noyabrın 1-dək Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı ilə bağlı tədbir keçiriləcək. O, həmin tədbirdə Çin lideri ilə görüşəcək. Tramp Çin liderini təriflədi. Qeyd etdi ki, o, çox böyük bir dövlətin çox nüfuzlu başçısıdır, mən inanıram ki, o, Rusiya Prezidentinə təsir edəcək. Yəni bu, həm də etirafdır ki, biz edə bilmədik, amma Çin edə bilər”.
İ.İsmayıl əlavə edib ki, bu, ona görə düzgün mövqedir ki, Çin olmadan Rusiya hazırda o müharibəni davam etdirmək imkanında deyil: “Yəni ortada Çin faktoru da var. Perspektivdə Trampla Si Cinpinin görüşü və Rusiyaya təsir məsələləri, həm də bunlar ABŞ ilə Çinin bəzi münasibətlərinin yaxşılaşması fonunda baş verə bilər. Ardınca Avropanın tətbiq etdiyi 19-cu sanksiya paketi. ABŞ bu sanksiyaları 9 aydır deyir, amma heç birini etmirdi, nəhayət ki, Rusiyanın 2 neft maqnatına 2 güclü sanksiya tətbiq etdi. Hesab edirəm ki, baş verən proseslər və indiyə qədər də 18 telefon danışığı, 1 görüş bunlar hamısı göstərir ki, Tramp çox məyusdur, yəni nüfuzunun aşağı düşdüyünü hiss edir. Ona görə də bu görüş baş tutmadı. Düzdür, Tramp deyir ki, gələcəkdə belə bir görüş ola bilər. Amma o gələcək qeyri-müəyyəndir”.
Röya İsrafilova