“Kreml Rusiyanın iştirak etməyəcəyi Zəngəzur dəhlizinin baş tutmamasına cəhd göstərir” Gündəm

“Kreml Rusiyanın iştirak etməyəcəyi Zəngəzur dəhlizinin baş tutmamasına cəhd göstərir”

“Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi daha çox iki istiqamətlidir. Paşinyan hakimiyyəti bu dəhlizin ABŞ-nin nəzarəti altında açılmasına razıdır və hətta bunu dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın iqtisadi-ticari və siyasi maraqlarına tamamilə cavab verir. Ancaq Ermənistanda buna müqavimət göstərən bir kəsim də mövcuddur. Bu da Rusiya tərəfindən idarə olunan agent şəbəkəsidir. Bu şəbəkə əlindən gələn hər şeyi edir ki, Zəngəzur dəhlizi açılmasın”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib.

O əlavə edib ki, təbii ki, bu məsələdə də Rusiyanın geopolitik və geoiqtisadi maraqları dayanır: “Rusiya Zəngəzur dəhlizinə nəzarət edəcəyinə ümid bəsləyirdi, ancaq 8 avqustda ABŞ-də imzalanan sənəddən sonra Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı bütün ümidləri boşa çıxdı. Yəni Rusiya Zəngəzur dəhlizi layihəsində artıq iştirak etmək şansına malik deyil. Ona görə də Kreml Rusiyanın iştirak etməyəcəyi Zəngəzur dəhlizinin, ümumiyyətlə, baş tutmamasına cəhd göstərir. Hələlik bu məsələ daha çox ABŞ və Ermənistan arasında aparılan danışıqlardan aslı kimi görünür. Nəqliyyat kommunikasiya xəttinin bərpası ilə bağlı məsələlər ABŞ və Ermənistan arasında ciddi şəkildə müzakirə olunur. Bu baxımdan gecikmə olsa da Zəngəzur dəhlizinin əngəllənməsi qətiyyən inandırcı görünmür. Rusiyanın buna gücünün çatacağı və Ermənistandakı Rusiya agent şəbəkəsinin buna əngəl ola biləcəyi o qədər real ehtimal deyil. Belə ehtimal etmək olar ki, Zəngəzur dəhlizinin işə düşməsi qaçılmazdır, lakin bu, bir qədər zaman ala bilər”.

E.Xalidbəylinin sözlərinə görə, böyük ehtimalla Ermənistandakı parlament seçkilərinin nəticələri Zəngəzur dəhlizinin gələcək taleyinə də müəyyən qədər təsir göstərə bilər: “Əgər Rusiyanın agent şəbəkəsinə daxil olan düşərgə hakimiyyətə gələrsə, o zaman Zəngəzur dəhlizinin açılması qarşısında müəyyən əngəllərin yarana biləcəyi qətiyyən istisna deyil. Yox, əgər Paşinyan hakimiyyəti öz hakim mövqelərini qoruya bilərsə, yəni Paşinyan hakimiyyətdə qalarsa, növbəti parlament seçkilərindən sonra həm Zəngəzur dəhlizinin reallaşdırılması, həm də Azərbaycanla yekun sülh sazişinin imzalanması istiqamətində prinsipial addımların atıla biləcəyi tamamilə inandırıcı görünür. Böyük ehtimalla bütün bu məsələlərin həlli növbəti parlament seçkilərinin nəticələrinə bağlıdır və Paşinyan hakimiyyətinin seçkilərdə qalib gələcəyi təqdirdə bu iki məsələnin paralel şəkildə daha sürətlə həll olunacağı tamamilə inandırıcı görünür”.

Röya İsrafilova