10:45
595
“Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərləri son illərdə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. Bu yüksəksəviyyəli görüşlər regionda artan nüfuza malik olan bu iki dövlət arasında iqtisadi, siyasi və mədəni əlaqələrin dərinləşməsinə güclü təkan verir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Mlli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat vurğulayıb ki, Azərbaycan və BƏƏ arasında əlaqələr son onillikdə xüsusilə intensivləşib: “Hər iki ölkə enerji sektorunda aparıcı mövqelərə malik olmaqla yanaşı, regional və beynəlxalq məsələlərdə konstruktiv əməkdaşlığa üstünlük verir. Prezident səfərləri çərçivəsində imzalanan sazişlər və memorandumlar ikitərəfli münasibətlərin hüquqi bazasını genişləndirir, investisiya və ticarət əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Azərbaycan Prezidenti İlham Əliyevə BƏƏ tərəfindən sülhə verdiyi töhfəyə görə yüksək mükafat təqdim edilib. Bu mükafat dövlət başçısının regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar edilməsi istiqamətində göstərdiyi diplomatik səylərin, konstruktiv yanaşmanın və sülhsevər siyasətin beynəlxalq tanınmasıdır”.
N.Həmzəyevin sözlərinə görə, Prezident İlham Əliyevin BƏƏ-yə səfərləri Azərbaycanın çoxtərəfli xarici siyasət strategiyasının uğurlu nümunəsidir: “Sülh mükafatının təqdimi isə bu səfərlərin və ümumiyyətlə, dövlət başçısının beynəlxalq fəaliyyətinin əhəmiyyətini daha da artırır. Bu səfərlər nəticəsində əldə edilən razılaşmalar praktiki əməkdaşlığın genişlənməsinə, investisiya axınının artmasına və iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verir. İki ölkə arasında münasibətlərin dinamik inkişafı regional və qlobal proseslərdə konstruktiv əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır və qarşılıqlı faydalı tərəfdaşlığın gələcək perspektivlərini açır”.
Röya İsrafilova