Almaniya Şimal dənizində yeni hərbi liman tikməyə hazırlaşır Gündəm

Almaniya Şimal dənizində yeni hərbi liman tikməyə hazırlaşır

Almaniya Hərbi Dəniz Qüvvələri (HDQ) bu bölgədəki yeganə fəaliyyət göstərən Vilhelmshafen bazasına əlavə olaraq Şimal dənizi sahilində yeni liman inşa etmək imkanlarını nəzərdən keçirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.

Ölkənin HDQ və Müdafiə Nazirliyinin mətbuat xidmətləri agentliyə belə planların müzakirə olunduğunu təsdiqləyib. Nazirlikdən izah ediblər ki, "yeni dislokasiya yerlərinə və yerüstü obyektlərə ehtiyac" ölkə Silahlı Qüvvələrinin sayının artırılması planı ilə bağlıdır. "Bununla əlaqədar HDQ bu ehtiyacları qarşılamaq üçün potensial yeni dislokasiya yerlərini və müxtəlif limanları araşdırır", — deyə qurumdan bildirilib.

Xüsusilə, hərbçilər tərəfindən artıq yüklərin daşınmasında, o cümlədən təlimlər zamanı istifadə olunan Emden və Bremerhafen liman infrastrukturuna baxılır. Yerli hakimiyyət orqanları yeni HDQ bazasını qəbul etməyə hazır olduqlarını bildiriblər. Bremerhafendən agentliyə verilən məlumata görə, liman tikintisi üçün lazım olan bir çox sənədlər artıq hazırdır, çünki əvvəllər burada enerji mərkəzinin tikilməsi planlaşdırılsa da, layihə reallaşmamışdı.

Bununla belə, Müdafiə Nazirliyi bu məsələ ilə bağlı hələ yekun qərarın verilmədiyini bəyan edib. Agentlik vurğulayır ki, hazırkı mərhələdə HDQ üçün yeni limanın nə vaxt və harada tikiləcəyi bəlli deyil.

Məryəm Quliyeva