“İki ölkə arasında münasibətlər yüksək səviyyədədir” Gündəm

“İki ölkə arasında münasibətlər yüksək səviyyədədir”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri ərzində həm BƏƏ-nin Prezidenti, həm də orada digər şəxslər, şirkətlər arasında keçirilən görüşlərdə Azərbaycan və BƏƏ arasında artıq mövcud olan münasibətlərin daha da irəli aparılması imkanları gündəmdədir. Azərbaycan üçün BƏƏ çox mühüm bir ölkədir. Bizim son zamanlar münasibətlərimiz yüksək statusda qurulub. BƏƏ Fars körfəzinə çıxışı olan və dünyanın əsas ticarət arteriyası olan Hörmüz boğazının düz yaxınlığında çox strateji bir coğrafiyada yerləşir. Azərbaycan BƏƏ vasitəsilə bir növ dünya ticarət arteriyasına çıxış əldə edir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, eyni zamanda, böyük maliyyə kapitalı, iqtisadi potensialı olan BƏƏ çox mühüm strateji dost kimi Azəbaycanın dünyada mövqeyini gücləndirir, cənab Prezidentin liderliyini bir daha bütün dünyaya bəyan edir: “Böyük Avrasiya regionunda söz sahibi olan Azərbaycanla dostluq isə BƏƏ üçün də bizim coğrafiyaya çıxış deməkdir. Xüsusilə də Orta Dəhliz və dünyanın digər mühüm bir quru ticarət arteriyası transport xəttinin keçdiyi Orta Dəhlizə çıxış deməkdir. Yəni Azərbaycan və BƏƏ arasında həqiqətən də çox yüksək səviyyədə olan münasibətlər, həmçinin iki ənənəvi neft-qaz ixracatçısı ölkənin digər sferalarda da - alternativ enerji mənbələri, süni intellekt, kibertəhlükəsizlik və Yaxın Şərqdə, ümumən, Cənubi Qafqaz-Xəzər hövzəsi-Böyük Avrasiyada təhlükəsizlik məsələlərini də müzakirə etməyə imkan verir. Yəni coğrafiyasına və əhali sayına görə böyük olmayan iki ölkənin, ancaq böyük siyasi potensialı və öz siyasi proyeksiyası olan ölkələrin əməkdaşlığı həqiqətən də çox önəmli və əhəmiyyətli əməkdaşlıqdır”.

Röya İsrafilova